Modern.az

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

23 Oktyabr 2017, 18:11

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. 

Məsələn, 1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində gedib, orada müvəqqəti qalması çoxuna məlum olsa da, dahi şəxsiyyətin həyatının Lahıc dövrü çox da araşdırılmayıb.

O, Lahıca çox böyük çətinliklə gedib. Çünki hər yerdə təqib olunurdu. Adicə faytona minəndə də ehtiyat etdiyi deyilir. Bu şübhələrində haqlı idi. Çünki ətrafda Rəsulzadəni satmaq üçün növbədə dayanan insanlar çox idi. Bu səbəbdən də faytonuna minmək istədiyi qoca faytonçunun ona baxışından şübhələnir. Lakin qorxulu heç nə yox idi. Sonradan hadisənin nə yerdə olduğunu biləndə dünyagörmüş faytonçu etiraf edəcəkdi: “Mən ömrümdə ilk dəfə idi ki, elə işıqlı, nurlu sifəti olan adam görürdüm. Necə ağıllı baxışı, mədəni davranışı vardı! Hiss olunurdu ki, çox da səliqəli adamdır”.

 

“Gizli otağ”ın sakinləri

Araşdırmaçı Nəsiman Yaqublu Rəsulzadənin ömrünün Lahıc mərhələsi haqqında özünün “Məhəmməd Əmin Rəsulzadə” kitabında bunları yazır:

“Lahıcda Atabala Qasımovun “Ərəbəmi” adı ilə məşhur olan qardaşıgildə qalırdı. İlk günlər bu evdə yaşadı. Evin zəngin kitabxanası vardı. Kitabxananı Ağabala Qasımov yaratmışdı. Məhəmməd Əmin Rəsulzadə bu kitabxanadan götürdüyü “Şahnamə” əsərini də burada oxudu. «Şahnamə»ni oxuyandan sonra “Əsrimizin Səyavuşu” əsərini yazdı. Oxunaqlı, ağrılı, təsirli bir üslubla yaratdığı milli hökumətin - Azərbaycan Demokratik Respublikasının aqibətini Səyavuşun acı taleyinə yaxın gördü. Min bir müşkülatla yaranıb çiçəklənən, çox yaşamadan boğulub məhv olan Azərbaycan Cümhuriyyətinin taleyindən danışdı. “Əsrimizin Səyavuşu” əsərini sonradan Türkiyədə ona çatdırdılar. Həmin adama dərin minnətdarlığını bildirdi. Amma adını çəkmədi. Fikirləşdi ki, çekistlər həmin adamı tapıb incidərlər.

Günlərin bir günü Lahıca gedib Məhəmməd Əmin Rəsulzadəni evlərində saxlayan adamların oğul-uşaqlarını tapıb söhbət edəcəyəm. Həmin adamlardan biri belə deyəcək: “Balaca uşaq idik. Bizi o biri tərəfdəki otağımıza sarı buraxmırdılar. Deyirdilər ki, ora yaxın düşmək olmaz. Bir gün marağımı saxlaya bilmədim. Gedib qapının deşiyindən içəri baxdım. Gördüm ki, iki nəfər kişi qabaqlarına çoxlu kağız qoyub nə isə yazırlar”.

 

Rəsulzadəni satan adamlar…

Başqa bir araşdırmaçı alim Ədalət Tahirzadə araşdırmalarının birində Rəsulzadənin Lahıcda necə həbs olunması barəsində maraqlı məqamlara toxunub:

““1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.  

Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.    

 

Stalinlə üz-üzə, yaxud, borcun qaytarılması….

 

Həbs olunandan sonra Rəsulzadə Pankratov kimi cəlladla üz-üzə qalmalı, onun tənəli suallarına və sərt rəftarına davam gətirməli olub. Rəsulzadəni  bir müddət çox şəraitsiz yerdə saxlayıblar. Lakin bir gün Bakıya Stalinin gəlişi hər şeyi dəyişdirir.

Nəsiman Yaqublunun araşdırmalarına görə Məhəmməd Əmin Rəsulzadə həbs olunanda “gizli müsavat”ın tapşırığı ilə Ağabala Qasımov Vladiqafqaza gedib Stalinə məlumat çatdırır. Və Stalin də keçmiş mübarizə dostunu - onu neçə dəfə ölümdən qurtarmış Məhəmməd Əmini xilas etməyə gəlir:

“Stalinin göstərişi ilə Pankratov çölə çıxır. Köhnə mübarizə dostları tək qalır. Və aralarında açıq, yalnız həqiqət faktlarını üzə çıxaran söhbət gedir. Stalin Məhəmməd Əmin Rəsulzadəyə bildirir ki, vəziyyətiniz çox ağırdır.
“Azərbaycanlı kommunistlərin bir qismi güllələnməyinizi, digəri isə ömürlük həbsxanada qalmağınızı məsləhət görürlər. Amma mən bunların heç birini rəva bilmirəm və məqsədim sizi xilas etməkdir”. Stalin məsləhət görür ki, onunla birlikdə Moskvaya getsin, çünki azərbaycanlı kommunistlər onu sakit buraxmayacaqlar.
Məhəmməd Əmin Rəsulzadə Stalinlə söhbətində çox məsələlərdən danışdı. Stalinə sübut etdi ki, “siz haqqımızı, istiqlalımızı tapdayıb buraya gəlmisiniz. Böyük millətlərdən kömək gözləməyin də faydası yoxdur. Çünki onlar Türkiyə ilə düşmən vəziyyətindədir. Siz isə «Türkiyəyə kömək» şüarını irəli sürüb xalqımızı əsarətə aldınız”.
Məhəmməd Əmin Rəsulzadə Stalinə çox həqiqətləri söylədi o görüşdə. Bir saata kimi aralarında danışıq getdi. Həmin o danışıqda Stalin Məhəmməd Əmin Rəsulzadəyə bir söz də dedi: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”...

Məhəmməd Əmin Rəsulzadə “dörd divar arasından” çıxmağa razı olub Stalinin təklifini qəbul edir. Stalin isə Pankratovu içəri çağırıb deyir: “Bura bax, bu adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin”.

Pankratov Stalinin göstərişini yerinə yetirir. Rəsulzadəni balkonlu, münasib bir otağa köçürürlər. Bir neçə gündən sonra Stalinlə birlikdə Moskvaya yola düşürlər. Yola düşməzdən qabaq ailəsi ilə görüşmək imkanı verilir…
 

Dəhşətli bir gün…

Gəlin, o dəhşətli gün haqqında mən danışmayım. Raşdırmalarını Rəsulzadəyə həsr etmiş Nəsiman Yaqublu ola-ola bizə ancaq dinləmək və oxumaq düşər. Nəsiman müəllim də 1991-ci ildə yazdığı “Məhəmməd Əmin Rəsulzadə” kitabında həmin dəhşətli vida günü haqqında bunları yazıb:

“..Qohum-əqrəba evdə onu gözləyirdi. Hadisəni eşidib vidalaşmağa gəlmişdilər. Otaqdakılardan yalnız birini ilk dəfə idi görürdü. Bu onun iki aylıq oğlu Azər idi. Lahıcda olanda balaca oğlu dünyaya göz açmışdı. İndi balaca Azər sakit halda yatırdı. Sevimli oğlunu qucaqlayıb bağrına basdı. Uşaq atasının öpüşlərindən ayılıb ağlamağa başladı. Yazıq körpə hardan biləydiki, atası bu anda nələr çəkir? Bu, Məhəmməd Əmin Rəsulzadənin sevimli oğlanları Rəsul, Azər, qızları Lətifə, Xalidə ilə, həyat yoldaşı Ümbülbanu xanım və başqa qohumları ilə son görüşü idi. Övlad şirinliyini də bundan sonra yaşayacağı otuz beş ildə bir də dadmayacaqdı. Həmişəlik olaraq ailə səadətindən məhrum olurdu. Ayrılıq ağır oldu. Evdəkilər göz yaşlarından boğula-boğula onu yola salırdılar. Amma bu görüşün son olduğunu bilmirdilər.

Vağzala gəldilər. Stalin Orconikidze ilə vaqonda oturmuşdu. Görüşdülər. Az sonra Nərimanov gəlib çıxdı və soruşdu:

- Bəs Abbasqulu hanı?

Cavab verirlər ki, Abbasquluya getməyə icazə verməyiblər. Nərimanov təəccüblənir ki, axı onun da getməyinə razılıq verilib. Məhəmməd Əmin Rəsulzadə deyir: “Siz demiş ola bilərsiniz, ancaq fakt meydandadır, icazə verməyiblər”.

Bu sözü deyib Nərimanova baxır. Düz gözlərinin içinə... Demək istəyirdi ki, “müstəqil Sovet Azərbaycanı qurmuşam” desən də, buranın öz ağaları var.
...Qatar astadan hərəkətə başladı. Bu qatar ayrılıq qatarı idi. O bu qatarla bir də geri dönməyəcəkdi. Qatar onu həmişəlik doğma elindən, obasından alıb aparırdı. Sevimli şəhəri Bakını al qan içində qoyub gedirdi”…



E.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir