Modern.az

Qaçan məhbuslara bu gün hökm oxunmalıymış... - Rəis müavininin bacısı oğlu da saxlanıldı  

Qaçan məhbuslara bu gün hökm oxunmalıymış... - Rəis müavininin bacısı oğlu da saxlanıldı   

Aktual

24 Oktyabr 2017, 11:35

Səhlənkarlığa yol verən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur

 

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması ölkə gündəminin müzakirə mövzularından biridir.
Faktla bağlı vəzifələrinin icrası zamanı səhlənkarlığa yol vermiş Penitensiar Xidmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb.


Modern.az
-ın əldə etdiyi məlumata görə, qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur.

Kriminal aləmdə avtoritet tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Lənkərandan Bakıya gətirilərkən, oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında qatardan düşürülən zaman qaçıblar. Onların qaçması “Bakı Vağzalı”nda aşkarlanıb. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Əldə etdiyimiz digər məlumata görə, hər iki şəxs eyni cinayətdə ittiham olunur. Qanunvericiliyə görə isə eyni cinayətdə təqsirləndirilən şəxslər eyni yerdə daşına bilməz... Ən ilginc olanı bu gün Lənkəranda hökm oxunacaq şəxslərin oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilməsidir...

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Hüseynov Modern.az-a məsələ ilə bağlı araşdırma aparan müvafiq qurumdan açıqlama almağı tövsiyə edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a müvafiq araşdırmalardan sonra rəsmi açıqlama veriləcəyini bildirib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, məhkumların qaçmasında Penitensiar Xidmətin əməkdaşlarının vəzifə səhlənkarlığı açıq-aşkar görünür:

“Vəzifə səhlənkarlığı ehtiyatsızlıqdan törədilən cinayətdir. Təqsirləndirilən şəxslərin qaçmasında Xidmət əməkdaşlarının hərəkətlərində hansısa qəsd müəyyən edilərsə, onlara köməkçi kimi şərait yaradan digər maddələr də verilə bilər. Bu isə istintaqın gedişatına bağlı məsələdir. Ümumiyyətlə, mövcud şəraitdə istər məhkumların, istər həbsdə saxlanılan şəxslərin müşayiət və etap olunması ciddi nəzarətdədir. Bu kimi hallar 10 ildə bir baş verir. Mən burada qəsd olduğuna inanmıram, əsasən səhlənkarlıq hiss olunur”.

 

Hüquqşünas oktyabrın 24-də Lənkəranda hökm oxunacaq şəxslərin, ayın 22-də Bakıya etap olunmasına belə aydınlıq gətirib:

 

“Lənkəranda istintaq təcridxanası yoxdur. Təqsirləndirilən şəxslər müvəqqəti saxlanma yerinə aparılarkən polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Mövcud qanunvericiliyə görə, şəxslərin 10 gündən artıq müvəqqəti saxlanma yerində qalmasına icazə verilmir. Sadə dildə desək, giriş-çıxış etməlidir. Bu etapların öz spesifikası var. Bununla bağlı əvvəlcədən nə isə demək çətindir. Bunun üçün onların neçə gün ərzində Lənkəranda saxlanıldığını bilmək lazımdır. Mətbuatda qaçanlardan birinin oğru aləminə yaxın şəxs olduğu bildirilir. Bu, mümkündür”.

C.Cavadov bildirib ki, eyni cinayətdə təqsirləndirilən şəxslər eyni yerdə daşına bilər:

“Amma onlar daşınma zamanı bir-birini görməməli, ünsiyyətdə olmamalıdırlar. Yəni eyni qatar, eyni vaqon olar, amma eyni yer olmamalıdır”.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...