Modern.az

Arif Hacılı Müsavatın mitinq yox, piket seçməsinin səbəbini AÇIQLADI

Arif Hacılı Müsavatın mitinq yox, piket seçməsinin səbəbini AÇIQLADI

24 Oktyabr 2017, 13:49

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşün keçirilməsinə icazə vermədi. Meriya partiyaya keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi təklif etsə də partiya bu təklifi qəbul etmədi.

 

Müsavat Partiyası Divanının ötən gün keçirilən iclasında 3 noyabrda Bakı şəhəri İcra Hakimiyyətinin qarşısında piket keçirmək üçün qərar qəbul olunub. Bəs görəsən nəyə görə mitinq keçirilməsi üçün təklifi qəbul etməyən Müsavat Partiyası piket keçirməyə qərar verib?

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az-a açıqlamasında deyib ki, Bakı meriyasının Müsavat Partiyasının həmin binanın qarşısında piket keçirməyə qadağa qoyması üçün heç bir əsas yoxdur.

“Piket keçirilməsi vətəndaşların sərbəst toplaşmaq azadlığı, hüquqdur. Əvvəl icra hakimiyyəti nəqliyyatın hərəkətinə maneçilik törədilməsi, vətəndaşların hərəkətinə problemlər yaradılması ehtimallarını, Bakı şəhərində avtomobillərin sayının artması kimi gülünc bəhanələrlə bizim yürüşümüzün keçirilməsinə icazə vermədi. Ancaq bu əsassız ittihamları piketlə bağlı irəli sürmək mümkün deyil, piketin keçirilməsinə hər hansı qadağanın qoyulmasına əsas yoxdur. Əgər Bakı meriyası belə bir qərar qəbul edəcəksə bu qanunsuz bir qərar olacaq. Biz bu məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edəcəyik”.

 

Arif Hacılı, həmçinin partiyanın hansı səbəbdən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verməməsinə aydınlıq gətirib:

 

“Biz piket keçirmək üçün müraciət etmişik, mitinq keçirmək üçün müraciət etməmişik. Piket sərbəst toplaşmaq azadlıqlarından biridir. Ona görə piketin stadionda keçirilməsi mümkün deyil. Bu məqsədli bir piketdir.

 

Biz məhz meriya binasının qarşısında piket keçirmək üçün müraciət etmişik.

Konstitusiya və  “Sərbəst toplaşmaq haqqında” qanun bu hüququ Azərbaycan vətəndaşları üçün tanıyır və biz bu hüquqdan istifadə etmək niyyətindəyik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir