Modern.az

Hüseyn Cavidin üzünə duran NASİR və şairi ələ salan TƏLƏBƏSİ

Hüseyn Cavidin üzünə duran NASİR və şairi ələ salan TƏLƏBƏSİ

Ədəbi̇yyat

24 Oktyabr 2018, 10:04

Bu gün Azərbaycanın dahi dramaturq və şairi, orijinal düşüncəli romantik filosof Hüseyn Cavidin anım günüdür.

 

Modern.az 1882-ci ilin bu günündə anadan olan şairi aşağıdakı acılı xatirə və məqamlarla yad edir.

Yazıda biz 1937-ci ilin ab-havasına düşməli  olacağıq:

 

“Tabut” maşının - Qara “EMADİN”in növbəti qurbanı

 

Yay vaxtıdır. Daha dəqiq desək, qanlı 1937-ci ilin 3 iyun gecəsidir. Amma işıqları sönən əksər evlərdə hakim olan səksəkə, qorxu  heç kimi yatmağa qoymur. İnsanlar hər ayaq səsindən, hər maşın siqnalından diksinirlər. “Görəsən, bu dəfə kimi aparacaqlar” deyə düşünürlər. Qara “EMADİN” özünü Cavid əfəndi üçün gecikdirmir.

 

Elə həmin 3 iyun gecəsi balaca evin daxması döyülür. (Həmin ev hazırda Əlyazmalar institutunun yerləşdiyi binada Hüseyn Cavidin ev-muzeyi kimi qorunur) Əvvəlcə, Cavid əfəndi, sonra isə Müşkünaz xanım səksəkəli halda oyanır.

 

Qapını açan şair DTK zabiti Pavlovun idbar sifəti ilə qarşılaşır. Vəssəlam, bu da son... Artıq hər şey məlum idi. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Nə axtarış? Bu balaca, ikigözlü evdə nə olacaqdı ki, guya? Məram-məqsəd hamıya aydın idi. Cavid əfəndinin sümüyü səksənir. Bir-birini əvəz edən danlaq dolu iclasları, haqqında yazıları danosları gözünün önünə gətirir.

 

“Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlovun səsi onu yenidən bu dar otağa qaytarır. Pavlov və qulbeçələri guya nəyisə tapırlar: Cavid əfəndinin əlyazma və məktubları, yazı üçün mürəkkəbqabı, qələm, kağızlar, 8 manat 56 qəpik də pul. Vəssəlam, şüttəmam. Yalandan nəyisə yazır, guya protokollaşdırırlar. Artıq uzatmağın bir mənasının da olmadığını görüb Cavid əfəndiyə hazırlaşmağını və onlarla gəlməyini buyururlar. Yalnız indi eynəyini gözünə taxa-taxa, yuxulu halda otağa gələn oğlu Ərtoğrul nələrin baş verdiyini anlamır. Qızı Turan isə şirin-şirin yatır. Beləcə, böyük Cavid əfəndi bu otağı tərk edir...

 

Həbs olunan zaman evindən tapılan “külli miqdarda” məbləğ - 6 manat kağız, 18 ədəd gümüş pul, bir də kitablar tapılan şairin “günah”ını təsdiqləmək üçün əsaslı dəlillər az idi. Bu səbəbdən, əvvəllər də etdiləri bir “qəhrəmanlığı” etməli idilər – yəni, bir ziyalının üzünə mütləq başqa ziyalını duruzdurmalıydılar. Lazımı şəxs üçün çox da var-gəl etmirlər.

 

Sibirə aparan “Duel”

 

Çünki qorxu məngənəsində saxladıqları ziyalılardan çoxusunu soyuq DTK zindanlarında işgəncələrlə bu işə asanlıqla məcbur edə, yaxud da, hələlik azadlıqda olan bir aydını məhz qara zindanla qorxudub istədiklərinə nail ola bilərdilər. Bu dəfə ikinci məqama üstünlü verirlər və vaxtilə Hüseyn Cavidlə birgə işləmiş Mikayıl Rzaquluzadəni dostu ilə “duel”ə çağırırlar:

 

Araşdırmaçı Aslan Kənan özünün repressiya qurbanlarından bəhs edən həddindən artıq maraqlı tədqiqat kitabında bu barədə yazır:

 

“13.03.1938-ci  ildə  “Azərnəşr-”də tərcüməçi işləyən, şair Mikayıl Rzaquluzadəni dindirmək üçün DTK-ya dəvət edirlər. Bu təsadüfi  çağırış deyildi. Artıq  onlara   məlum  idi  ki, H.Cavid, M.Müşfiq  və  başqaları haqqında Yazıçılar İttifaqında müxtəlif fikirlər formalaşmaqdadır. Bunu yaxşı dərk edən xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən istifadə etməyi qarşılarına  məqsəd  qoyurlar... 

Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları deməyə məcbur edilir: 

 

“H.Cavidlə 1926-cı ildən tanış olsam da, lakin onunla 1933-cü ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq etdiyim gündən onu bir əksinqilabi, burjua-millətçi kimi tanımışam. O ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, “Peyğəmbər”, “İblis”, “Siyavuş”, “Topal Teymur” və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, Osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı.

 

H.Cavid “İblis” əsərində Türk ordusunu tərifləyib. H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi ki, o görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın.

 

Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də o əksinqilabi, millətçi baxışları ilə “mən çəkməçi deyiləm və sifariş qəbul etmirəm”-deyərək, sovet mövzusunda əsərlər yazmaqdan imtina edirdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına “rusifikasiya” siyasəti apardığını qeyd edirdi.”

 

Çox təəssüf ki, özünü Sibirdən qorumaq üçün başqasını Sibirə yollatmağa məcbur olan Mikayıl həmin açıqlamadan 17 il sonra təhlükəsizlik zabitlərinə başqa məzmunda açıqlama verdi. Təbii ki, Cavidi bir şair və şəxsiyyət kimi təriflədi:

 

“Müstəntiq 1938-ci ildə M.Rzaquluzadə tərəfindən verilmiş cavablara münasibətini bilmək istəyəndə məlum olur ki, onun nə dediyi yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi fəaliyyəti haqqında heç nə məlum olmadığını, ümumiyyətlə o ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi.

Sonda isə 13.03.1938-ci ildə yazılı fikirlərinin tam əleyhinə olduğunu bildirir.

 

Repressiyadan əvvəlki repressiya

 

Qara “EMADİN” Hüseyn Cavidi 1937-ci ilin 3 iyun tarixində evindən aparıbsa, bu o demək deyil ki, dahi dramaturq məhz həmin gün repressiya olunub. Cavidin mənəvi repressiyası uzun aylar idi ki, davam edirdi. Bu gün də adı ədəbiyyat tarixində qalmayan sədr Seyfulla Şamilov və əlaltıları bütün iclaslarda onu haqsız surətdə tənqid edir,  barəsində daha sərt tədbir görülməsi üçün əllərindən gələni əsirgəmirdilər. 

 

Bu minvalla partiyadan, ittifaq sıralarından çıxarılan Cavid sonradan işdən də azad edilir. Ailənin səfalətli günləri bundan sonra başlayır. Həm də Cavid əfəndiyə əvvəllər hörmət bəsləyən şəxslər sonradan ya qorxularından ya da hansısa səbəbdən bunun tam əksinə hərəkət etməyə başladılar. Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanım özünün xatirələrində bu barədə maraqlı bir faktı səsləndirir:

 

“Cavid sevmədiyi  adamlarla oturub-durmaq istəməzdi. Bir dəfə söhbət zamanı dedi:

 

- Bilmirəm nə sirdi, Şaiqin tələbələri  (maarifçi, şair Abdulla Şaiqi nəzərdə tutur-red) yüksək vəzifələr tutur, hətta xalq komissarları olurlar. Ancaq mənim tələbələrim arasından nədənsə vəzifəcə böyük adamlar çıxmır.  Sonra da bir tələbəsindən danışdı:

 

- Mən bu adama beş-altı ay dərs demişəm. Gözlərim bərk ağrayırdı. “Tatarski” küçəsində yaşayırdıq. İşsiz qalmışdım, vəziyyətim də çox ağır idi. Metropol mehmanxanasının yanından keçirdim. Həmin tələbəmlə  rastlaşdıq. Əynində xəz palto var idi. Salam vermədən mənə dedi:

 

- Cavid (!) nə düşmüsən, boş-boş  küçələri gəzirsən? Gedib bir yerdə işə girsənə?

Elə bildim ki, mənə güllə vurdu. Cavab vermədən kədərli halda yoluma davam etdim”.

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi