Modern.az

Azərbaycanda 75 mindən çox at var

Azərbaycanda 75 mindən çox at var

25 Oktyabr 2017, 11:50

Bir çox tarixi faktlar göstərir ki, eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına aid indiki Cəlilabad rayonunun ərazisində eneolit dövrünün son mərhələlərinə aid Əliköməktıpə abidəsində tapılan heyvan sümüklərinin 7,5 % -ni at sümükləri təşkil edib.

 

Bununla belə, həmin abidədə tapılmış at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olması, daha maraqlısı isə, bu mərhələdə azı iki at tipinin olmasının müəyyən edilməsidir. Qədim Azərbaycan dövlətləri – Manna, Midiya, Atropatenanın  geniş düzənlikləri, bol sulu otlaqları maldarlığın və atçılığın inkişafı üçün olduqca əlverişli idi. 

 

Mənbələrdə qeyd olunur ki, dünyada ən geniş yayılmış Ərəb atlarının, Təmizqanlı İngilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olub. Ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu miqdarda atlar aparılıb.  Bütün bunlar Azərbaycanda mədəni atçılığın dərin köklərinin olmasını sübut edir.

Bəs hazırda Azərbaycanda atçılıq təsərrüfatının vəziyyəti necədir?

 

Bu barədə Modern.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, hazırda Azərbaycanda 75000-dən çox at var:

 

“Dünyada mövcud olan 260 at cinslərinin ikisi – Qarabağ  və Dilbaz at cinsləri Azərbaycan xalqına məxsusdur. Hər iki atların damazlıq özəyinin qorunması və damazlıq işinin təşkili məqsədilə təsərrüfatlar yaradılıb.

 

Atçılıq təsərrüfatları Heyvandarlıq Elm Tədqiqat İnstitutunun tərkibindədir. Hazırda Ağdam atçılıq təsərrüfatı üçün Ağcabədi rayonu ərazisində böyük müasir kompleks tikilir. Buna bənzər kompleks də Ağstafa rayonu ərazisində Dilbaz atçılığının yetişdirilməsi üçün tikiləcək. Bu da bizə atçılığın damazlıq özəyini qorumağa və inkişaf etdirməyə imkan verəcək.

 

Eyni zamanda elektron sistemimizdə ölkədə mövcud olan bütün atların qeydiyyatı aparılır. Yəni kənd əhalisinin, fermerlərin istifadəsindən asılı olaraq atçılıqla əlaqədar bu gün hansısa problem mövcud deyil. Statistik məlumata görə ölkədə 75000-dən çox at var”.

 

Nazirlik rəsmisi  atların ixracı və idxalı məsələsindən də söz açıb:

 

“Müəyyən idman klubları var. Ola bilsin ki, idman keyfiyyətinə məxsus atlar yarış üçün başqa ölkələrdən gətirilsin. Amma damazlıq məqsədilə başqa ölkələrdən Azərbaycana at gətirilmir. Lakin damazlıq məqsədilə təsərrüfata yaramayan diri atların ixracı həyata keçirilir. Bu atlar xüsusilə Qazaxıstana ixrac olunur. Bu, son iki ildir ki, belədir.

 

Təbii ki, biz ölkədə atın heç bir məhsulundan ərzaq kimi istifadə etmirik. Qeyd etdiyim ixrac dövlətin səlahiyyətlərinə aid olan məsələ deyil. Proses ölkələrdəki sahibkarların qarşılıqlı razılaşma ilə bağladıqları müqavilə əsasında həyata keçirilir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir