Modern.az

Azərbaycanlıların və avropalıların İSTEHLAK SƏBƏTİ...

Azərbaycanlıların və avropalıların İSTEHLAK SƏBƏTİ...

25 Oktyabr 2017, 12:50

Gün ərzində orta hesabla ən azı 150 qram, ildə təхminən 60-65 kq ət və ət məhsullarının istehlak edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmin maddələr mübadiləsi üçün ən zəruri elementlər ət хörəklərinin tərkibində olur. Ona görə də daha tez və asan mənimsənilərək, hüceyrələrdə enerji mənbəyinə çevrilir. Ətlə bərabər, çörək və un məmulatları, meyvə-tərəvəz, yumurta, ağartı məhsulları-qatıq, süd, pendir, kəsmik və s. də əsas qida rasionun tərkib hissəsidir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kq; kartof 50,7 kq, tərəvəz və bostan məhsulları 97 kq; meyvə və giləmeyvə 46 kq; ət və ət məhsulları 31,5 kq; süd və süd məhsulları 231,3 kq; balıq və balıq məhsulları 7,7 kq; yumurta 153 kq, şəkər və qənd məhsulları 17,4 kq; bitki yağları, marqarin və digər piylər 9,8 kq; kərə yağı 6,7 kq təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı statistikaya əsasən, dünyada ən çox ətyeyən ölkələr Luksemburq, Honq Konq və ABŞ-dır.


Avropa, Latın Amerikası və Şimali Amerika qitələr arasında adambaşına ən çox ət yeyilən ərazilərdir. Afrika və Cənub-Şərqi Asiya adambaşına ən az ətin düşdüyü bölgələrdir.
Ən az ət yeyilən ölkələr Banqladeş, Burundi və Konqodur. Banqaldeşdə adambaşına illik 3 kiloqram ət düşür. Hindistanda isə ilə 5 kiloqram ət istehlak olunur.


Azərbaycanda isə hər il adambaşına 19.4 kiloqram ət yeyilir. Qonşu Gürcüstanda bu rəqəm 31.2 , Ermənistanda isə 29 kiloqramdır. Türkiyədə isə bu rəqəm 21.2-dir.

 

Nə qədər təəccüblü olsa da, Qafqaz ölkələri arasında ən az ət yeyən məhz azərbaycanlılardır. Hazırda mal ətinin kiloqramının 12 manata, qoyun ətinin 13 manata təklif edildiyini, 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra əhalinin gəlirlərinin azaldığını və alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alsaq, nəticələr o qədər də anlaşılmaz deyil. Devalvasiyadan əvvəl 5 kiloqram (1 kq 7,50 manat) mal ətinə 37 manat 50 qəpik ödəyən alıcı, bu gün həmin çəkidə ətə 60 (1 kq 12 manat) manat ödəməlidir. Bu isə vətəndaşın 22 manat 50 qəpik artıq vəsait ödəməsi anlamına gəlir.

Yaxud əvvəllər 1 kiloqramı 10-11 manata təklif edilən kərə yağını 18 manatdan ucuz tapa bilməzsiniz. Beləcə, bahalaşan zəruri ərzaqlar qida rasionumuzu tərk etməyə başlayır... Gününü yavan çörək, yaxud şorla keçirənlərdən, ətin dadını unudanlardan danışmırıq heç...

2017-ci il üçün ölkə üzrə orta yaşayış minimumu 155 manat, əmək qabiliyyətli əhali üçün 164 manat 50 qəpik, pensiyaçılar üçün 130 manat 20 qəpik, uşaqlar üçün 136 manat 60 qəpik müəyyən olunub. Vətəndaş orta yaşayış minimumu ilə həm zəruri qida vasitələrini almalı, həm ehtiyaclarını ödəməli, həm sağlamlığının qeydinə qalmalı, həm də digər xidmətlərdən yararlanmalıdır. Necə deyərlər “bacarana, baş qurban!”.

 

“Bizdəki istehlak səbəti yaşamaq üçün yox, ölməmək üçündür”

 

İqtisadçı Qalib Toğrul məsələ ilə bağlı danışarkən Modern.az-a deyib ki, istehlak səbətinə fizioloji minimum üçün nəzərdə tutulan məhsullar daxildir:

“Səbətə ərzaq, qeyri-ərzaq və xidmət məhsulları daxildir. Bizdəki istehlak səbəti yaxşı yaşamaq üçün deyil. Azərbaycanda müəyyən edilən istehlak səbəti Avropadakı istehlak səbətilə müqayisəyə gəlmir. Avropadakı istehlak səbətinə hətta teatr, gəzinti xərcləri də daxil edilib. Onlar gəzmək, istirahət etməyi insanın zəruri ehtiyacı hesab edir. Amma bizdə insanın ölməməsi üçün 1 ayda nə qədər ət, balıq, çörək və s. yeməlidirsə, onu hesablayırlar. Əvvəllər istehlak səbətini real qiymətlər əsasında hesablaya bilirdik.
Amma mövcud şəraitdə qeyri-hökumət təşkilatlarının maliyyələşməsilə bağlı problemlər var. Ona görə də biz artıq hesablamalar apara bilmirik. Hələ 4 il əvvəl bizim hesablamalarımızla rəsmi statistikanın açıqladığı rəqəmlər arasında böyük fərqlər meydana gəlirdi. Banklar kredit verəndə bizim göstəriciləri əsas götürürdü. Bizim bir nəfər üçün hesabladığımız normanı kredit götürmək istəyənin əmək haqqından çıxırdılar. Bilinirdi ki, müəyyən məbləğdə vəsait şəxsin hansı xərclərinə ayrılır. Sonra kreditin faizi ilə birlikdə aylıq ödənişini hesablayırdılar. Bununla da vətəndaşın ödəmə qabiliyyətinin olub-olmadığı bilinirdi. İndi hesablama apara bilmirik. Hökumət hesablayır, ya hesablamır, bunu bilmirəm. Çünki hökumət bunu büdcə paketilə birlikdə ilin sonu üçün təsdiq edir”.

 

“Yaşayış minimumu aylıq hesablanmalıdır”

 

Ekspert deyib ki, yaşayış minimumunun hansı meyarlara əsasən hesablandığı məlum deyil:

“2017-ci il üçün ölkə üzrə orta yaşayış minimumu 155 manat, əmək qabiliyyətli əhali üçün 164 manat 50 qəpik, pensiyaçılar üçün 130 manat 20 qəpik, uşaqlar üçün 136 manat 60 qəpik müəyyən olunub. Hökumət bu göstəriciləri əslində aylıq hesablamalıdır. Bizdə illik hesablanır, yaxud hesablanmır, bu da məlum deyil, bəlkə də sadəcə rəqəmlər götürülür. Məlum olan odur ki, hər il yaşayış minimumunun məbləğində bir neçə manat artım olur.

Yaxşı olardı ki, yaşayış minimumu aylıq hesablansın, istehlak səbətinin tərkibində dəyişiklik edilsin. Həm ərzaqların fizioloji miqdarı, həm ərzaq və qeyri-ərzağın çeşidi artırılsın. Yalnız real göstəricilər hesabına əmək haqqı yaxud sahələr, regionlar üzrə bunu hesablaya bilək. Çünki Bakıdakı həyat səviyyəsi ilə, regionlardakı həyat səviyyəsi eyni deyil. Məsələn, Rusiya kimi ölkələrdə regional istehlak səbəti də hesablanır. Düzdür, bizim ölkə o qədər böyük deyil, amma fərqlər var”.

 

“İstehlak səbətinə yenidən baxılmalıdır”

Q.Toğrulun sözlərinə görə, xüsusilə neftin qiyməti ucuzlaşandan sonra əhalinin gəlirləri kəskin azalıb:

“İnflyasiya artıb. Əldə edilən gəlirlərin bir hissəsi də inflyasiyanın “yem”inə çevrilib. Gəlirlərin aşağı düşməsi əhalinin alıcılıq qabiliyyətinə təsir edib. İstehlak səbəti yaşayış minimumu əsasında hesablanır. Həmin 155 manatlıq orta göstəricilə yaşamaq və bütün ərzaq, qeyri-ərzaq və xidmət sahələri daxil olmaqla, tələbatları ödəmək qeyri-mümkündür. Real olaraq Azərbaycanda bir insanın fizioloji ehtiyaclarının ödənilməsi üçün bəs etmir. Bunun üçün daha real göstəricilər hesablanmalı və istehlak səbətinə yenidən baxılamlıdır”.

 

“Belə çıxır ki, hamı ət, toyuq yeyir?...”

 

İqtisadçının fikrincə, indiki dövrdə inflyasiya daha çox hiss olunur:

“Əvvəllər aylıq inflyasiya hesablayırdıq. İndi Statistika Komitəsi aylıq 3 cür göstərici açıqlayır: indiki göstərici, ötən aya nisbətən, ötən ilin eyni dövrünə nisbətən. İnflyasiyanın sürəti göstərir ki, insanlar ət, yağ və s. kimi ərzaqları rasionlarına daxil edə bilmirlər. Ona görə zəruridir ki, istehlak səbəti aylıq hesablansın. Əgər aylar üzrə hesablama aparılsa, hər ay istehlak səbətinin məbləğinin daha yüksək olacağı aydınlaşacaq. O zaman əlimizdə real rəqəmlər olacaq və əhalinin gəlirlərilə aylıq istehlak səbətinin məbləğini qarşılaşdıranda görəcəyik ki, gəlirlər istehlak səbətinin məbləğindan geridə qalır. Hazırkı real statistikaya əsaslansaq, deyə bilmərik ki, əhalinin gəlirləri istehlak səbətindən geri qalır. Aylıq məbləğ 155 manatdır. Əksər insanın 155 manatdan çox əmək haqqı aldığını əsas götürsək, belə çıxacaq ki, hər şey əladır. Bu insanlar bütün ehtiyaclarını qarşılayır, hələ üstəlik əlavə vəsaitləri də qalır. Belə çıxır ki, insanlar ət də yeyir, toyuq da yeyir, xəstədirsə, həkiminə də gedə bilir. Göstəricilər real olmadığı üçün ona əsaslanıb fikir yürütmək də mümkün deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir