Modern.az

Sumqayıtda “Şəhər günü” qeyd edilib

Sumqayıtda “Şəhər günü” qeyd edilib

19 Noyabr 2009, 11:00

Sumqayıtın 60 illik yubileyi ilə bağlı ötən gün “Şəhər günü” münasibətilə təntənəli bayram tədbirləri həyata keçirilib. Bayram tədbirlərində Sumqayıt şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
Modern.az-ın məlumatına görə, şəhərin ayrı-ayrı hissələrində – 3-cü mikrorayon ərazisindəki fəvvarələr meydanında, Göyərçin meydanında, “Lüdviqshafen” parkında və “Qarabağ” kinoteatrının qarşısındakı parkda konsert proqramları təşkil edilib. 

Heydər Parkında şəhər gəzintisi olub, burada 80 müəssisənin iştirakı ilə geniş sərgiyə baxış keçirilib. Parkda Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş kompozisiya nümayiş etdirilib. Sumqayıtın ilk qurucuları – “Şöhrət” ordenli Gülbahar Vəliyeva və Prezident təqaüdçüsü Dadaş Dadaşov şəhər İcra hakimiyyəti başçısı Vaqif Əliyevə Sumqayıtın rəmzi açarını təqdim ediblər. Parkda təşkil edilmiş bayram şənliyində çıxış edən V.Əliyev şəhər sakinlərini yubiley münasibətilə təbrik edib. Sonda sakinlər uzunluğu 5, eni 4 metrə çatan nəhəng bayram tortundan dadıb və Bülbül adına incəsənət məktəbinin müəllim və şagird kolektivi tərəfindən hazırlanmış konsert proqramını izləyiblər.  

Günün əsas rəsmi mərasimi saat 16.00-da S.Vurğun adına Mədəniyyət Sarayında baş tutub. Burada şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı ilə təntənəli iclas keçirilib. Əvvəlcə qonaqlar Mədəniyyət sarayının foyesində təşkil edilmiş şəhərin inkişafının əsas mərhələlərindən bəhs edən fotosərgi ilə tanış olublar. İclasda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sumqayıtın tarixini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra çıxış edən şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev mərasim iştirakçılarına son illər ərzində şəhərdə görülmüş irimiqyaslı  işlər barədə ətraflı məlumat verib. 
Sonda çıxış edən “Əməkdar İncəsənət Xadimi” Əşrəf Veysəlli, “Şöhrət” ordenli Ofeliya Babayeva, Prezident təqaüdçüsü Zərifə Təhməzova, “Əməkdar Həkim” Mail Tağıyev şəhərdə aparılmış abadlıq və yenidənqurma işlərinə və sumqayıtlılara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və eləcə də şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.  

Günün sonunda saat 17.00-da isə S.Vurğun adına mədəniyyət sarayının qarşısındakı meydanda respublikamızın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. “Şəhər günü” tədbirlərinə atəşfəşanlıqla yekun vurulub.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi