Modern.az

Öz xalqı, vətəni ilə tanınan ziyalı

Öz xalqı, vətəni ilə tanınan ziyalı

26 Oktyabr 2017, 09:03

Oktyabr ayının 27-də  görkəmli ziyalımız, diplomat, ictimai xadim, Ramiz Abutalıbovun 80 yaşı tamam olur.


Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransada qalan, tarixin amansız dönəmində haqsızlıqla üzləşən, məcburən mühacir həyatı yaşamağa məhkum olan  soydaşlarımızın arxivlərinin Azərbaycana gətirilməsində, həmin dövrün bizə düzgün və aydın çatırılmasında, tariximizin qaranlıq, toz basmış səhifələrinin açılmasında, Azərbaycan həqiqətlərinin  dünya ictimaiətinə çatdırılmasında Ramiz müəllimin rolu olduqca böyükdür.


Azərbaycan xalqı Ramiz Abutalıbovu öz   həyatını  Azərbaycan mədəniyyətinin təbliğinə, Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinin Paris sülh konfransında iştirak edən nümayəndələrinin  taleyinə biganə qalmayan vətənpərvər, millətsevər, yurdsevər  bir şəxs kimi  tanıyır.


Ramiz Abutalıbov sadə xalqın içindən çıxmış, mükəmməl təhsil görmüş, gənclik illərindən fəal ictimai həyata qoşulmuş uzun və mənalı bir ömür yaşamış, harada çalışmasından asılı olmayaraq vətənimizə vicdanla, peşəkarlıqla, təmiz adla xidmət göstərmişdi.Yaşadığı ölkələrdə mənsub olduğu  xalqın adını  yüksək səviyyədə tanıdan, öz milli mənsubiyyətinə görə qürur hissi keçirən böyük ziyalımızdır. Onun istər Parisdə, istərsə də Moskvada  yaşadığı illərdə fəaliyyəti  göz qabağındadır.


Bu gün 80- illik  yubileyini qeyd etdiyimiz  Ramiz Abutalıbov yorulmaz, məhsuldar fəaliyyəti sayəsində istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmış sanballı, dəyərli ziyalımızdır.


Mən Ramiz müəllimi uzun illərdir,  2004-cü ildən Moskvaya gələndən tanıyıram. Bizi heç kəs tanış eləməyib, Moskvada keçirdiyimiz tədbirlərin birində görüşüb tanış olmuşuq. Bu tanışlıq ötəri olmadı, yaxın və sarsılmaz bir dostluğa çevrildi. Vətənpərvərlik, hər birimizin öz vətənimizə  sevgi və sədaqətliliyi, onun tarixinə, mədəniyyətinə, milli dəyərlərimizə hörmət və ehtiramla yanaşma, eyni baxış bizi yaxınlaşdırdı, adi tanışlığımızı sarsılmaz dostluğa çevirdi. Bu gündə  hər ikimiz bu dostluqdan, yaxınlıqdan qürur hissi keçiririk.


2007-ci ildə mən Ramiz müəllim haqqında “Moskvanın yeni azərbaycanlısı”  başlığı altında bir məqalə yazıb “Ədəbiyyat” qəzetində cap etdirmişdim. Ramiz müəllimə  bir şeirdə həsr etmişəm. ”Dostum səni darıxmağa qoymarıq” adlı bir şeir.  İstəmədik ki, Ramiz müəllim bu qürbət ölkədə, tənha qalsın, darıxsın:

 


Kəlam müdrik, kəlmə şirin, söz açıq,

Millətimə gətirmisən ucalıq,

Sənə axı neyləyəndi qocalıq,

Sən cavansan, səni qoca saymarıq,

Dostum səni darıxmağa qoymarıq.

 


Kədərlənmə, danışanda gül danış,

Ürəyinin nisgilini sil, danış,

Gördüyündən, bildiyindən gəl, danış,

Şirin-şəkər sözlərindən doymarıq,

Dostum səni darıxmağa qoymarıq...

 


Ramiz müəllim haqqında, onun gördüyü işlər haqqında çoxsaylı yazıların olmasına baxmayaraq, düşünürəm ki, onun gördüyü işlərin müqabilində həm mənim, həm də  digər qələm dostlarımızın yazdıqları azdır, yetərincə deyil.


Ramiz Abutalıbov   mənim tanıdığım yeganə azərbaycalıdır ki, dünyanın üç nüfuzlu dövlətinin prezidendləri tərəfindən yüksək mükafata layiq görülüb. 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransanın o zamankı  prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edilib. 2010-cu ildə isə Rusiya prezidenti Dmitri Medvedev tərəfindən “Puşkin” medalına layiq görülüb. Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə 6 oktyabr  2016-cı ildə Prezident İlham Əliyev  tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb


Ramiz Abutalıbovun əsas diplomatik fəaliyyəti YUNESKO ilə bağlıdır. 1971-79-cu və 1985-92-ci illərdə YUNESKO-da BMT-in Təhsil, Elm və Mədəniyyət üzrə katibliyində   şalışıb. 1993-2004-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri olub. Beynəlxalq əlaqələr aləmində 1990-ci ildə İngiltərədə  nəşr olunan “Kim kimdir?” ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı məhz Ramiz  Abutalıbov olmuşdur. Onu da deyim ki, Fransada, ümumiyyətlə, Avropada Azərbaycan dilində mühazirə oxuyan ilk sovet vətəndaşı  da məhz Ramiz  Abutalıbov olub.


Ramiz müəllim illərdən bəri ürəyində qalan,  lakin məlum səbəblərə görə illərlə həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirə bildi. Ramiz müəllim Fransada işlədiyi illərdə çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər gördü, Tanrının ona ayırdığı missiyanı şərəflə, vicdanla, qorxmadan, çəkinmədən yerinə yetirdi.


Təhlükəli olmasına baxmayaraq Ramiz müəllim YUNESKO-da işlədiyi dövrdə orada yaşayan mühacirlərlə tanış olmağa başlayıb. Ceyhun bəy Hacıbəylinin oğlu Timuçin bəylə, Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəylə əlaqə yaradıb, Parisə gedən AXC nümayəndə heyətinin üzvü Məmməd Məhərrəmovla, Əlibəy Hüseynzadənin oğlu rəsssam Səlim Turanla da görüşüb, Şəmsi Əsədullayevin nəvəsi Ümmül Banu, Melikovların yadigarı İrəm xanım Melikova və başqaları ilə də görüşləri olub. Əlimərdan bəy Topçubaşovun nəvəsi Zərifə xanım və Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanımla tanışlığı, daha sonralar Məcid Musazadə, Əli Həsənzadə ("Azadlıq" radiosunun əməkdaşları) ona inanıb və arxiv sənədlərini  etibar ediblər.


Ramiz müəllim  “Parisdə illər və görüşlər”,  (2006), “Özgələr arasında özününkü, özününkülər arasında özgə”  (Moskva,  2007),  “Azərbaycan Demıkratık  Respublikası -90”, “Məhəmməd Əmin Rəsulzadə və Qafqaz konfederasiyası”, (Moskva, 2011), “Odlar yurdu Azərbaycanın siyasi mühacirətinin tarixi”, 1920-1945 illərdə” (rus dilində -2014 azərbaycan dilində - 2015, türk dilində - 2017), “A.M. Topçubaşı. Paris arxivi” - 4 cilddə kitablarının müəllifidir. Son iki kitab tarix  elmıləri doktori Georgiy Mamulia ilə müştərək yazılmışdır.


Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyəti üzvlərinin, ilk müstəqillik illərimizdə ən ağır missiyanı üzərinə götürən çətin, məşəqqətli, oğulların acı, ağır taleyinə  həsr olunan  2016-cg ildə çəkilmiş “Əbədi ezamiyyət" filminin ideya müəllifi və baş məsləhətçi  də Ramiz Abutalıbovdur.


Moskvada yaşadığı illərdə  özünün 8 kitabını nəşr etmişdir, Azərbaycan həqiqətlərinin təbliğ olunması baxımından dövlətçiliyimizlə, tariximizlə, mədəniyyətimizlə bağlı 19 kitabın nəşr olunmasında, tərtibanında yaxından iştirak etmişdir. Ramiz müəllimin keçdiyi həyat yoluna baxanda, onun gördüyü işlərə nəzər salanda adamın ürəyi dağa dönür, belə bir vətəndaşımızın olmasıyla  qürur hissi keçirirsən. 


 Parisdə Ramiz müəllimin təşəbbüsü, Azərbaycan hökumətinin dəstəyilə Əkbər ağa Şeyxulislamov, Mirzə Əsədullayevin, Nadir Əsədullayevin, general  Hüseyn xan  Naxçıvanskinin qızı Tatyananın, Mariya Qacarın (O polkovnik Rzaqulu Qacarın həyat yoldaşıdır) qəbrləri abadlaşdırılıb.Mən 2007-ci ildə  Bakıda olarkən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadəylə görüşəsi oldum. Bir saata yaxın söhbət elədik. Söhbət əsnasında Moskvada  kimləri tanıdığım soruşdu, gördüyümüz işlərlərlə, keçirdiyimiz tədbirlərlə, diasporada fəaliyyət göstərənlərlə maraqlandı.  Söhbət Ramiz müəllimdən  düşəndə,  Ziya müəllim dedi ki,  Nəsib, Ramiz müəllim böyük şəxsiyyətdir, xalqımız üçün qənimət adamdır. Onu qoruyun. Sövet dönəmində Ramiz haqqında bizə  çox donoslar yazırdılar, onu ləkələmək, pisikdirmək  və işdən çıxarmaq istəyirdilər. Mən o zaman Ramiz müəllimin tərəfində qaldım, əlimdən gələn köməyimi əsirgəmədim...


Bu haqda Ramiz müəllim özü sonralar  “Modern.az” saytına verdiyi bir müsahibəsində belə deyirdi: “Bakıya məzuniyyətə gələndə köhnə iş yerim olan Mərkəzi Komitəyə getdim. Orada “KQB”nin sədri  Ziya Yusifzadə qarşıma çıxdı və mənə dedi ki, səndən yazırlar, ehtiyatlı ol. Bu da Parisdə bayaq dediyim beş kitabımın yazılması ilə bağlı olub. Yəqin bundan xəbər tutub. Amma biz həmin kitabları gizli buraxırdıq  və başqa imza qoyurduq. Öz səfirliyimizə də göndərirdik ki, guya bunlar haradansa gəlib. Amma görünür haradansa informasiya sızdırılmışdı. Səfirlikdən MK-yə mənim haqqımda məlumat vermişdilər ki, o özünə aid olmayan işlərlə məşğuldur. Ziya Yusifzadə bu haqda çox danışmadı. Mən də başa düşdüm ki, artıq bu söhbət yuxarıda olunub və öz həllini tapıb. Çünki Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev də əvvəl rəhbərim olduğu üçün məni tanıyırdı. Ziya Yusifzadə ilə bərabər başqa nazirlər də məni tanıyırdı. Odur ki, səfirliyə məsələnin sakitləşməsi barəsində demişdilər”.


Ramiz müəllim həmişə bizə tövsiyyə edir ki, əgər  insan xoşbəxt olmaq istəyirsə əqli və mənəvi mədəniyyətini daim artırmalıdır. İnsanın  ən vacib xüsusiyyət isə onun  səmimi olmasıdır. Qeyri-səmimiliyin, paxıllığın, səviyəsizliyin və riyakarlığın sonu pis olur. Mən öz xöşbəxtliyimi xalqıma, millətimə, onun mədəniyyətinin təbliğində, tariximizin bizlə məlum olmayan səhifələrinin açılmasında görmüşəm. Ramiz Abutalıbov bu xidmətinı, gördüyü  bu işlər üçün özünü xoşbəxt sayır.


Ümumiyyətlə, Ramiz müəllim heç vaxt  özünü düşünməyib. Bir müqəddəs arzusu Azərbaycanı müstəqil dövlət kimi görmək olub. Azərbaycanın müstəqillik gününü səbrsizliklə gözləyib. Azərbaycan müstəqil olandan sonra,  rahatlıq tapa bilib hərçənd ki, o gün üçün çox darıxıb. Hər görüşümüzdə mənə deyir ki, - bu gün çox sevinirəm,  nə yaxşı ki, müstəqil dövlətimiz var.


Əziz Ramiz müəllim,  80-illik yubileyiniz mübarək olsun! Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm. Sizin bir arzunuz çin olub, Artıq 26 ildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir, amma bir böyük arzunuzda  Qarabağı azad görməkdir. Qarabağın azadlıq gününü görmək arzunuz da çin olsun, və növbəti yubileylərinizi Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, Fizulidə, Zəngilanda,Cəbrayılda  Sizi sevənlərlə birlikdə qeyd edək.

 


Nəsib Nəbioğlu,
27.10.2017. Moskva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir