Modern.az

Siyasi gündəm niyə boz rəngdədir? - Siyasət yazarlarının CAVABI

Siyasi gündəm niyə boz rəngdədir? - Siyasət yazarlarının CAVABI

Media

26 Oktyabr 2017, 14:01

Ölkədə hansısa iqtisadi, sosial, kriminal, siyasi hadisə gündəm ola bilər. Əksər ölkələrdə siyasi gündəm mətbuatda əsas yeri tutur. Azərbaycanda isə siyasi gündəm boz rəngdədəri. Həm də bu, uzun müddətdir belə davam edir. Sanki Azərbaycan heç hazırda prezident seçkisi ərəfəsində deyil. Seçkiyə 1 ildən az qalmasına baxmayaraq, siyasət meydanında boşluqdur. Heç mətbuat da siyasi gündəm yarada bilmir.
Bunun səbəbi nədir? Siyasi gündəmi canlandırmaq üçün hansı addımlar atılmalıdır?

Modern.az bu suallarla siyasi yazarlara müraciət edib.

Azər Rəşidoğlu, müstəqil jurnalist, siyasi şərhçi:

“Azərbaycanda gündəmi iqtidar formalaşdırır. Müxalifət ona təqdim olunan rəy ətrafında oynamaq zorundadır. Ölkədə sorğu və analitik mərkəzlər yox dərəcəsindədir və buna görə ictimai rəyi öyrənmək imkansızdır. Mitinq və blokların yaradılması mövsümi xarakter daşıyır və ictimai rəyə təsir etmir. Düşünürəm ki, tam fərqli strategiya düşünülməlidir”.

Ülkər Abdullayeva, “Sputnik Azərbaycan”ın əməkdaşı:


“Əslində ölkəmizdə siyasi gündəm geniş mənada 2003-cü ildən sonra sönmüş vəziyyətdədir. Siyasi gündəm o zaman qaynar olur ki, ölkədə dinamik proseslər baş verir, müxalifət fəal olur, hər bir hadisəyə anında reaksiya verir, etirazlarını bildirir, tənqid və ya təqdir edir. Digər tərəfdən, siyasi gündəmi müəyyən edən əsas məsələlərdən biri də seçki kampaniyalarıdır. Bizdə açıq və coşqun seçki kampaniyaları keçirilmir.
Siyasətçilər adətən o zaman özlərini daha məsuliyyətli və fəal aparırlar ki, onlar seçkilərdə iştirak etmək, qalib gəlmək və hakimiyyəti formalaşdırmaqda maraqlı olurlar. Bizdə isə müxalifətin aparıcı qüvvələrini sanki hakimiyyətə gəlmək maraqlandırmır. Onlar özləri də öz qələbələrinə inanmırlar.

25 ildir müxalifət partiyaları və liderləri heç bir seçkidə uğur əldə edə bilməyib. Bununla belə, siyasət meydanından da çəkilməyiblər. Onlar yeni nəfəsin, yeni qüvvələrin meydana çıxmasına heç də iqtidardan az mane olmurlar. Sanki siyasi mühit pasportlaşdırılıb, hakimiyyət YAP-ın, müxalifət isə çoxsaylı xırda partiyaların adına qeydiyyatdan keçirilib. Müxalifət liderləri illərdir bir-biriləri ilə apardıqları rəqabət nəticəsində özlərini xalqın gözündən salıblar. Xalq artıq onlara ciddi yanaşmır. Yeni qüvvələr isə yoxdur, yaxud da meydana çıxmayıb.

Siyasət gündəminin fəal olması üçün təbii ki, digər daxili və xarici amillərin də rolu danılmazdır. Azərbaycan kiçik ölkədir. Belə ölkələrin taleyi adətən böyük dövlətlərin masasında həll olunur. Amma onlar bu ölkələrin taleyini həll edərkən onun daxilindəki prosesləri, mövcud şərtləri də nəzərə alırlar. Onlar müxtəlif missiyaların vasitəsilə ölkə daxilində kimin nəyə qadir olduğunu öyrənirlər. Partiyaların daxilində o potensialı görməyəndə, camaatın arasında da müxalifətə rəğbəti, dəstəyi hiss etməyəndə, hakimiyyətlə işləməyə üstünlük verirlər. Əgər azı 50-100 min adamın müxalifəti dəstəklədiyini hiss etsələr, o zaman onlar bu qüvvə ilə hesablaşacaqlar.

Nəzərə almaq lazımdır ki, dünyanın heç yerində hakimiyyəti müxalifətə qızıl teştdə hədiyyə etmirlər. Hakimiyyət uğrunda mübarizə aparmaq lazımdır. Hakimiyyətdə olan qüvvə imkan daxilində resursları əlində daha möhkəm cəmləşdirməyə çalışacaq. Müxalifət isə mümkün olan hər şeyi edib o resursların bir hissəsini qoparmağı bacarmalıdır. Bu, insan resursundan başlayaraq ta informasiya, maliyyə resurslarına qədər gedib çıxır. İqtidara alternativ olmaq istəyən qüvvə bütün mümkün vasitələrdən istifadə etməli, iqtidarın zəif, həssas nöqtələrini tapıb,  onu öz xeyrinə çevirməyi bacarmalıdır.

Qəribədir ki, bizdə hakimiyyətə etiraz edən qüvvə nicatı da məhz ondan gözləyir. Düşünür ki, hakimiyyət ona imtiyazlar tanımalıdır. İmkan verməlidir ki, o, hakimiyyəti devirsin. Axı kim buna imkan verər?

Qışqıran səsin arxasında o problemi xalqın xeyrinə həll etməyə qadir olan beyinlər, ideyalar, potensial dayanmalıdır. Və daha da vacibi hər bir siyasi qüvvənin insanları onun ətrafında birləşdirən üstün dəyərləri olmalıdır.

Təəsüf ki, bu gün ölkə gündəmini sosial şəbəkələr yönəldir. Ölkənin qəlbi sosial media ilə vurur. Hakimiyyət də sosial mediadakı etirazları daha ciddi nəzərə alır.
Ölkəmiz yeni siyasi proseslərin başlanğıcındadır. 2018-ci il seçki ilidir. Bu ildə siyasi canlanma qaçılmazdır. Çünki bunun üçün yetərincə səbəblər var. Siyasətçilər bu məsuliyyəti dərk etməli, gündəmi əhəmiyyətsiz şeylərlə zəbt etməməli, diqqəti həlli vacib olan problemlərin həllinə yönəltməlidir”.

Xaqani Səfəroğlu, “Strateq.az” saytının redaktoru:

 

“Siyasi gündəmi yaradan siyasi partiyalar və baş verən ictimai-siyasi proseslər olur. Ölkə böyük olduqda siyasi gündəmi də zəngin olur. Azərbaycan kimi balaca ölkələrdə siyasi aktivlik adətən seçkilər zamanı özünü göstərir. Bizim ölkədə əsas gündəmi hazırda daha çox sosial motivli məsələlər tutub. Bunun bir səbəbi vətəndaşların siyasi deyil, daha çox sosial motivli proseslərə köklənməsidir. Bütün hallarda bu da siyasi prosesdir. Amma aktiv siyasi yükü olmayan prosesdir. Digər tərəfdən, siyasi partiayalar da passiv mövqeyə nümayiş etdirir. Amma gələn il prezident seçkisi ilidir. Odur ki, 2018-ci ilin mart ayından siyasi fəallığı müşahidə edə bilərik”.

Elşad Paşasoy, “Yeni Müsavat” qəzetinin əməkdaşı:


“Mən hesab edirəm ki, bunun günahı mediada deyil. İnsafən, mətbuat üzərinə düşən missiyanın öhdəsindən gəlməyə çalışır, gündəmdə olan irili-xırdalı məsələlərə diqqət ayırır – “Maşın” şoudan tutmuş - qatardan qaçan məhbuslara qədər. Siyasətdə nələrinsə baş verməməsinə görə isə media məsuliyyət daşımır. Bununla bağlı suallara siyasi fəaliyyətlə məşğul olan dairələr cavab verməlidir.
Ancaq gerçəklik bundan ibarətdir ki, bəzi siyasətçilərin varlığını bir çox hallarda mətbuat oxucuya, ictimaiyyətə çatdırır. Hansı ki, siyasətçi özü varlığını yeni ideyaları, fəaliyyəti, açıqlamaları ilə xalqa çatdırmalıdır. Bir çoxları hesab edir ki, siyasi canlanmanın yaranması üçün mütləq kütləvi aksiyalar keçirilməlidir. Ancaq reallıq bunu deyir ki, artıq kütləvi aksiyalar məsələsi keçilmiş yoldur, aktual deyil. Yeni ideyalara sahiblənmək və gündəmi zənginləşdirmək lazımdır. Nəzərə almaq gərəkdir ki, bir il sonra ölkənin ən böyük siyasi hadisəsi baş verəcək. Dinamika, polemika olan yerdə inkişaf da olar”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?