Modern.az

Azərbaycanın “İsgəndər”lərə qarşı alacağı silah Ermənistanı QORXUDUR, Rusiyanı NARAHAT edir

Azərbaycanın “İsgəndər”lərə qarşı alacağı silah Ermənistanı QORXUDUR, Rusiyanı NARAHAT edir

26 Oktyabr 2017, 21:39

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın dərinləşməsindən ilk növbədə narahat olan ölkə Ermənistandır.

 

Müdafiə naziri Zakir Həsənovla Belarus prezidenti Aleksandr Lukaşenko arasında 9 oktyabrda keçirilən görüşdən sonra ekspertlər Azərbaycanın silah arsenalını genişləndirəcəyi barədə fikirlər səsləndirdilər.

 

Məlumatlara görə, Belarus raket sistemlərindən Azərbaycana satacaq, söhbət isə əsasən 200 kilometr mənzilli  “Polonez” reaktiv-yaylım atəşi sistemlərindən gedir.

 

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, Azərbaycandan Belarusdan 170 milyon dollarlıq silah alıb. Belarus KİV-ləri isə bildirir ki, Belarus Azərbaycanı “Polonez” sistemləri ilə də təmin edəcək.

Ermənistanın narahatlığı isə bundan ibarətdir ki, Rusiyadan aldığı “İsgəndər” raketlərinə qarşı yaxşı vasitələrdən biri də “Polonez”lərdir. Lakin Ermənistanı narahat edən təkcə bu deyil, çünki Azərbaycanın hərbi balansında kifayət qədər digər müasir hava hücumundan müdafiə sistemləri də var.

 

Modern.az saytının məlumatına görə, rusiyalı politoloq Aleksandr Skakov Ermənistanın 1in.am analitik porrtalına deyib ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq Lukaşenkonun ənənəvi siyasətinin təzahürüdür.

 

Ekspert hesab edir ki, bu, həm də Belarusun Rusiyaya qarşı demarşıdır, bununla belə “Polonez”lərin satılması Minsklə Moskva arasındakı razılaşmadan asılıdır.

 

“Bu sistemlərin Azərbaycana satılması pariteti poza bilər. Problem budur ki, Belarus Rusiya üçün çox mürəkkəb partnyordur. Ehtimal etmək olar ki, Rusiya “Polonez”lərin Azərbaycana satılmaması üçün əlindən gələni edəcək. Moskva Belarusa iqtisadi məsələlərlə bağlı hər hansı güzəştə gedəcəksə, bu zaman Minsk “Polonez” sistemlərinin Azərbaycana çatdırılması ideyasından imtina edə bilər. Bu ticarət məsələsidir” – Skakov belə hesab edir.

 

Ekspert Aleksandr Perenciyev Bakı ilə Minskin hərbi-siyasi sferada əlaqələrini şərh edərkən deyib ki, Belarusun Azərbaycana silah satmaq istəməsi həm də siyasi motivlərə malikdir.

 

“Birincisi, Azərbaycan ödəmə qabiliyyətinə malik ölkədir, o aldığı silahın dəyərini ödəməyə hazırdır. Bu isə Belarus üçün çox cazibədardır.

 

Burada daha bir əhəmiyyətli məqamı da nəzərə almaq lazımdır. Belarus bu addımları ilə Dağlıq Qarabağ münaqişəsində təsiredici gücə malik olmaq istəyir. Belarus neçə ildir ki, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna öz təsirini göstərmək istəyir”-Perenciyeb bildirib.

 

“ABŞ və NATO-ya üzv olan digər dövlətlərin bu regionda Qərb ölkələrinin təsiri azalır, lakin Rusiya ilə Belarus təşəbbüsü ələ alır”- o əlavə edib.

 

Qeyd edək ki, “Polonez” raket sistemlərinin işlənib hazırlanması 2013-cü ildə Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin hərbi-sənaye kompleksinin mütəxəssisləri qarşısında qoyduğu vəzifə əsasında başlamışdı. Lukaşenko sonralar müsahibələrindən birində dediyi kimi Rusiyadan “İsgəndər” operativ-taktiki raketlərinin nisbətən köhnə və döyüş növbətçiliyindən çıxarılmış variantlarını (“İsgəndər-E”) Belarusa verməyi xahiş etmişdi. Lakin Rusiya bu raketləri Belarusa vermədi və bu, Lukaşenkonun Kremlə qarşı incikliyini açıq bildirməsi ilə nəticələndi.

 

Eyni zamanda Lukaşenko əmr verdi ki, Belarus hərbi-sənaye kompleksi tezliklə zərbə gücünə, mənzilinə və dəqiqliyinə görə “İsgəndər” kompleksləri ilə müqayisə oluna biləcək yeni raket sistemləri işləyib hazırlasın.

 

2016-cı ilin iyununda Belarus ordusu  “Polonez” sistemlərinin ilk sınağını keçirib.

 

Televiziya ilə nümayiş etdirilən və tarixi hadisə kimi təqdim olunan sınaqlar zamanı “Polonez”lərdən buraxılan raketlər 200 kilometr məsafədəki hədəfləri yüksək dəqiqliklə vurub.

 

Hərbi mənbələrin məlumatına görə, “Polonez” sistemləri 301 mm kalibrli, 200 km mənzilli yüksək dəqiqlikli raketlərlə təchiz olunub.

 

“Polonez” sistemlərinin hansı raketlərlə təchiz edildiyi haqda məlumat verilmir, lakin bəzi məlumatlara görə bunlar Çinin China Academy of Launch Vehicle Technology (CALT) şirkətinin istehsalı olan A200 raketləridir.

 

Hərçənd prezident Lukaşenko bəyan edib ki, “Polonez” sistemi tamamilə Belarus mütəxəssislərinin əməyinin məhsuludur.

 

Bu raketlərin uzunluğu 7.65 metrdir, üç növ döyüş başlığı ilə təchiz edilə bilər, start kütləsi 750 kq-dır. İstehsalçı şirkət raketin idarə edilməsinin peyk naviqasiya sistemi və ya inersiya ilə həyata keçirildiyini, hədəfdən dairəvi yayınmanın 50 metrdən çox olmadığını bildirir. A200 50 -200 km məsafədə hədəfləri vura bilər. 

 

“Polonez” sistemlərinin Çin raketi ilə təchiz edildiyi həm də ona görə ağlabatan hesab edilir ki, 2015-ci ildə bu sistemlərin ilk sınağı Çində keçirilmişdi.

 

Belarus hərbçiləri sistemin ilk sınaqları zamanı bildiriblər ki, bir raket təxminən 240 kvadratmetr sahəni “örtür”, nəzərə alanda ki, “Polonez” 8 belə raketlə təchiz edilib, o zaman sistemin atəş gücü barədə təsəvvür yaranır.

 

Sistemin daha bir özəlliyi budur ki, 8 ayrı hədəfə cəmi 50 saniyə ərzində zərbə endirə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir