Modern.az

“Report”un baş redaktoru: “İlk xəbəri biz verməliyik” - MÜSAHİBƏ  

“Report”un baş redaktoru: “İlk xəbəri biz verməliyik” - MÜSAHİBƏ   

27 Oktyabr 2017, 09:53

Bu gün “Report” İnformasiya Agentliyinin 3 yaşı tamam olur. 2014-cü ildə  "Report-İA" MMC olaraq təsis olunan agentlik mediada özünəməxsusluğu ilə seçilir. 

Modern.az media qurumunun baş redaktoru Murad Əliyevlə  müsahibəni təqdim edir.

- “Report”un ötən üç ilini necə qiymətləndirirsiniz? Hər halda bu müddətdə müəyyən çətinlikləriniz olmamış deyil.

- Biz ilk gündən Azərbaycan  informasiya şəbəkəsində öncül yerlərə qalxmağı qarşımıza məqsəd qoymuşduq. Üç il ərzində demək olar ki, qarşıya qoyulan məqsədlərə çatmışıq. Bu gün Azərbaycan media məkanında “Report” etibarlı istinad mənbəyinə çevrilib. Düzdür, asan başa gəlməyib. Bu, günlərlə, sutkanın bütün saatlarında işləməklə əldə edilib. Hər bir xəbəri dəqiqləşdirməklə heç kimin “Report”un xəbərinə şübhə ilə yanaşmasına izn verməmişik. Məqsədlər, istəklər çoxdur. Amma vaxt lazımdır. Bu baxımdan düşünürəm ki, zamanla  hər şey daha da intensivləşəcək.

- Qeyd etdiyiniz kimi, qısa müddət ərzində ölkənin əsas informasiya agentliklərindən birinə çevrildiniz. Bunun özəl formulu nədir?

- Agentlik sistemi elə bir mexanizmdir ki, tək bir amildən söhbət gedə bilməz. Burada bir neçə amil eyni vaxtda olmalıdır. Biz ilk gündən hər bir işçinin qarşısına çox sərt tələblər qoyduq. “Report”a gələn artıq başa düşürdü ki, press-reliz yazmaqla, hardansa xəbər götürüb yerləşdirməklə işləmək mümkün deyil. İlk növbədə peşəkarlıqla bağlı çoxlu işlər görüldü.  “Report” bir çox jurnalistin ilk iş yeri olub və elə ilk  gündən də jurnalistikanın nə olduğunu burada öyrəniblər. Onlar başa düşdü ki, xəbəri özləri hazırlamalı, öz mənbələri olmalı və ilk xəbəri biz verməliyik. Xəbər ilk olaraq başqa saytda gedibsə, onun yenidən verilməsinə lüzum yoxdur. Biz daha yeni faktlar tapa bilərik. Peşəkarları toplayıb onlarla iş ortaya qoymaq öncəliyimiz oldu. Digər tərəfdən çox  çalışmaq lazımdır. Məsələn, mən günün 18 saatı iş başındayam. Həmçinin, digər şöbə redaktorları belədir. İş vaxtımız səhər 9-dan axşam 6-ya kimidir. Amma bu yalnız ofisdə olduğumuz müddətdir. Ofisdən kənar olsaq belə, daim axtarışdayıq. Digər əməkdaşlar da rəhbərliyin bu cür fəaliyyətini görəndən sonra özlərində müəyyən məsuliyyət hiss edir və çox çalışırlar.

- Bəs özünüzəməxsus prinsipləriniz varmı?

- Jurnalistikanın ümumi təsdiq olunmuş prinsipləri var və əsas kimi onları götürmüşük. Yəni tərəfsizlik, xəbərin dəqiqləşdirilməsi, hər hansı məsələ ilə bağlı yazı dərc olunursa, qarşı tərəfin mövqeyinin işıqlandırılması. Bəzi hallarda bunların hamısını bir yerə sığışdırmaq çətin olur. Ola bilsin ki, bir çox maraqlı xəbərlər olsun və biz onu dərc etməmişik.  Səbəb xəbərin hansısa prinsipə uyğun gəlməməsidir. Nəzərə alsaq ki, bu gün Azərbaycan mətbuatında ciddi rəqabət var, çalışmalıyıq ki, bütün prinsipləri bir yerə sığışdıraqvə eyni zamanda da operativ olaq. Təbii, bu məsələ çətindir, amma  hesab edirəm ki, biz bunu bacardıq.

- Hazırda saytların ən böyük problemlərindən biri  istinaddır. Yəqin zaman-zaman siz də bu problemlə qarşılaşmısınız. Bəzən saytlar xəbərləri götürsələr də, istinad etmirlər. Buna  qarşı hər hansı tədbir görürsünüzmü?

- Azərbaycanda xüsusi oxucu kütləsi olan saytlar kifayət qədərdir. Hansısa jurnalist xəbərlərimizi istinadsız veribsə, mən və ya əlaqəsi olan digər əməkdaşlarımız həmin şəxsə xəbərin bizim məhsulumuz olduğunu bildiririk. Ola bilər, jurnalist bunun fərqinə varmasın.  Elə saytlar var ki, onların oxucusu  ya da əlaqə bölməsi belə, yoxdur. Bu cür saytlarla mübarizə aparmağı boş vermişik. Amma digər saytlar istinadsız xəbərimizi paylaşanda buna kəskin etirazımızı bildiririk.

- Bununla bağlı nə vaxtsa ciddi probleminiz olubmu? Məsələn, kimlərisə məhkəməyə vermək istəmisinizmi?

- Biz media, həmkar olaraq problemi öz aramızda həll etməliyik. Məsələnin digər müstəviyə çıxmasına  ehtiyac yoxdur və bu, düzgün deyil. Mətbuat nümayəndələri bir-birini yaxşı tanıyır. Bacarırıqsa, bunu özümüz həll etməliyik. Hətta işçilərimizə belə qadağa qoymuşam ki, hansısa sayt xəbəri oğurlasa, bununla əlaqədar sosial şəbəkələrdə paylaşım etmək lazım deyil. Hətta bəzən saytlar bu cür problemləri xəbər kimi işıqlandırırlar. Nəinki xəbər, məsələnin status kimi yayılmasının da əleyhinəyəm.

- Maraqlıdır, siz  hansı  media qurumlarını rəqib kimi görürsünüz?

- Xəbər baxımından istənilən sayt “Report”a rəqibdir. Çünki əsas məqsədimiz xəbərlərin ilk bizdə getməsidir. Əgər bu xəbəri biz yox, digər sayt verirsə, artıq o bizim rəqibimizdir və necə deyərlər, çörəyimiz əlimizdən alındı. Hətta kiçik sayt belə, bir xəbərin izinə düşüb bizdən öncə onu işıqlandıra bilirsə, artıq bu, bizim üçün itirilmiş məhsuldur.


- “Report” informasiya agentliyi neçə nəfərlə fəaliyyətə başlamışdı və hazırda neçə əməkdaşınız var?

- Hazırda komandamızda 50-yə yaxın əməkdaş çalışır. Biz bu işə 5-10 nəfərlə başlamışdıq. Bundan sonra  hər sahə üzrə ixtisaslaşmış şəxsləri dəvət etdik. Bu gün  əməkdaşlarımızın hər biri öz sahəsi üzrə fəaliyyət göstərir. Agentliyin bir müxbiri bir neçə sahədən yaza bilməz. Çünki belə olan halda müəyyən sahədə boşluq yaranacaq. Bir müxbir 5 sahədən yazırsa, bu artıq səmərəsizlikdir, çünki o gün ərzində həmin sahələrin yalnız üzdə olan xəbərlərini çatdırıb verəcək, o tədbirdən bu tədbirə qaçacaq və özəl xəbər, mövzu işləməyə vaxtı qalmayacaq. 

- Bəs “Report”da komanda ruhu necədir?

- Çox yüksək səviyyədədir. Əməkdaşlarımız adətən deyir ki, işə gələndə sanki öz evimizə gəlirik. Bu müddət ərzində heç bir kənar söz-söhbət olmayıb. Mənfi aura, söz-söhbət  iş olmayan yerlərdə olur. Yəni iş az olanda istər-istəməz çalışanlar söhbət etməyə, hansısa mövzuları müzakirə etməyə başlayacaq və müəyyən problemlər yaranacaq. Amma bizdə  səhər 9-dan iş elə gedir ki, digər intriqalara vaxt qalmır.

- Bundan öncə də müxtəlif yerlərdə jurnalist kimi fəaliyyət göstərmisiniz. Maraqlıdır,  “Report” həyatınızda nələri dəyişib?

- “Report” həyatımda çox dəyişikliklər edib. Mən müxbir kimi işləyəndə öz sahəm var idi, parlament müxbiri idim. Yəni hazırladığım xəbərə baxa bilərdim, redaktə edə bilərdim və öz şəxsi nailiyyətim və ya uğursuzluqlarım var idi. Amma hazırda redaksiyanın istənilən üzvünün əldə edə bilmədiyi, qaçırdığı xəbər  məni təsirləndirir və məcburam bununla məşğul olam. Buna görə hər gün yuxudan oyanandan yatana qədər  həm “Report.az”, həm digər saytları izləyir, xəbərlərin içərisində oluram. Həm siyasət, həm iqtisadiyyat, həm idman və digər sahələri diqqətdə saxlamalı və  nələrin baş verdiyini bilməliyəm. Bu baxımdan “Report” məni elə bir rejimə saldı ki, bir dəqiqəm də mətbuatdan kənarda keçmir. Nəinki iş günlərində, həmçinin istirahət günlərində də belədir.

- Çətin deyil ki?

- İlk vaxtlar çox çətin idi. Həm işlərin yola düşməsi, həm bəzi problemlərin aradan qaldırılması  baxımından müəyyən narahatlıqlar olurdu. Artıq belə deyil. Düzdür, ilk vaxtlar saytda sutka ərzində bir dildə 80-90 xəbər dərc olunurdusa, bugün 180-200 xəbər yerləşdirilir, yəni saytın yükü xeyli ağırlaşıb, amma sanki bu rejimə öyrəşmişəm artıq.

- Növbəti illər üçün “Report”un əsas planları  nədir?

- Hazırda əsas məsələ etibarlı xəbər mənbəyi olmaq statusumuzu qorumaqdır. Eyni zamanda,  çalışırıq ki, daha da inkişaf edək. Bu gün ölkənin bütün regionlarında müxbir postlarımız var və istənilən bölgədə baş verən hadisə çox vaxt ilk olaraq “Report”da dərc olunur. Artıq regional müxbir sahəsi oturuşub. Həmçinin, Azərbaycan üçün önəmli olan ölkələrdə müxbir postlarının fəaliyyətini genişləndirmək hədəfimizdir. “Report”un Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Fransa (Qərbi Avropa üzrə), Ruminiyada (Şərqi Avropa üzrə) müxbir postları mövcuddur. Onların əsas öhdəliyi Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri diqqətdə saxlamaq, araşdırmalar hazırlamaq, bizim üçün maraq kəsb edən beynəlxlaq tədbirləri ətraflı işıqlandırmaqdır. Yəni bugün üçün əsas məqsədimiz həmin müxbirlərin işinin aktivləşdirilməsidir.

- Son olaraq, ad günündə ilk təbriki kimdən gözləyirsiniz?

- O qədər dost-tanış var ki...  Bu gün bütün media  nümayəndələri ilə dostluq münasibətlərimizi qorumağa çalışırıq. Ola bilər, hansısa neqativ hallar olsun. Bunlar həll olunan məsələlərdir. Münasibətlər elə qurulmalıdır ki, bütün mətbuatla salam-sağol mümkün olsun. Düzdür, bu, utopik görünə bilər. Amma  peşəkar işin, rəqabətinöz yeri var, həmkar münasibətinin öz yeri. Buna görə də hər bir jurnalistdən təbrik gözləyirəm. Açığı, bizi ilk təbrik edən elə sizsiniz. Bu baxımdan artıq ilk təbrik gəlib.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir