Modern.az

Bakının Baş Planının hazırlanmasına dair müsabiqənin vaxtı uzadılıb

Bakının Baş Planının hazırlanmasına dair müsabiqənin vaxtı uzadılıb

Ölkə

19 Noyabr 2009, 11:37

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar keçirdiyi müsabiqəni daha bir ay uzadıb. Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat verib. O, bildirib ki, müsabiqə yekunlaşandan sonra Baş Planı hazırlayacaq şirkətin adı açıqlanacaq.   Müsabiqədə ABŞ, İngiltərə, İsrail, Almaniya və Niderlandı təmsil edən 6 şirkət iştirak edib. Qaliblər «Moshe Zur Architects Town Planners Ltd.» (İsrail), «Scott Wilson» (İngiltərə), «GHK Consulting» (İngiltərə), «EDAW/AECOM» (ABŞ), «Urban Solutions» (Niderland), «AS&P Albert Speer & Partners GmbH» (Almaniya) şirkətlərindən biri olacaq: “Əslində qalibin adı sentyabrın əvvəlində élan olunmalıydı. Amma şirkətlərin bizə verdikləri təkliflərin müzakirəsi xeyli vaxt aparır. Buna görə də qalib şirkətin adının açıqlanması uzanır”. "Böyük Bakının Regional İnkişaf Planı"ı Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və ətraf qəsəbələrin ərazilərini əhatə edən strateji inkişaf konsepsiyası olacaq. Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, «Böyük Bakının Regional İnkişaf Planı» adlı kompleks layihələr Dünya Bankının krediti hesabına maliyyələşir. Bu işə 5 milyon dollar ayrılıb. Həmin vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi