Modern.az

“İYİ Partiya”nın Azərbaycandakı iyisi necə olacaq...

“İYİ Partiya”nın Azərbaycandakı iyisi necə olacaq...

27 Oktyabr 2017, 16:07

Türkiyəli siyasətçi, keçmiş daxili işlər naziri, Milliyətçi Hərəkat Partiyasından (MHP) ayrılan Meral Akşener ölkəsində yeni siyasi partiya qurub. “İYİ Partiya” adlandırılan yeni siyasi təşkilatın qurucuları arasında keçmiş nazirlər Ahat Andican, Abdulkadir Akcan, Ayfer Yılmaz,  Durmuş Yılmaz kimi simalar da var.  Partiyanın loqosundə 8 şəfəqli günəş təsvir olunub.

Partiyanın qurulması Türkiyənin siyasət aləmində təbii olaraq, birmənalı qarşılanmayıb. Meral Akşenerin bu addımına qısqanclıqla yanaşanlar, “İYİ Partiya”nı heçə sayanlarla yanaşı, bu təşkilatdan böyük gözləntilər umanlar da var.

Maraqlıdır, “İYİ partiya” Türkiyədə müxalifətin elektoranını öz ətrafında cəmləyə biləcəkmi?

Hazırda qardaş Türkiyədə bu sual ətrafında qızğın müzakirələr gedir.

Bəs Meral Akşenerin qurduğu siyasi təşkilat Azərbaycanda hansı münasibət formalaşdıra biləcək? Məlumdur ki, azərbaycanlı siyasi kəsim arasında Milliyətçi Hərəkat Partiyasına rəğbət Türkiyənin digər partiyaları ilə müqayisədə daha üstündür. Belə olan halda, Meral Akşener bu üstünlüyü poza bilərmi? Meral Akşenerin soy-kökünün azərbaycanlılara bağlı olduğu barədə məlumatları, Milliyətçi Hərəkat Partiyasının keçmiş liderlərindən sayıldığını nəzərə alsaq, onda  “İYİ partiya”ya Azərbaycanda da rəğbət yaranacağını istisna etməməliyik.

Siyasi ekspertlər bu haqda nə düşünür?

Türkiyə siyasətinə bələd olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı Modern.az-a bildirib ki, “İYİ Partiya”da olanların bir hissəsi MHP-dən gələnlərdir.


“Partiya sədri Meral Akşener özü də MHP-nin üzvü olub. “İYİ Partiya” yeni yaranmış partiyadır və türklərin adını özünə emblem olaraq götürüb. Bəribaşdan partiyanın yaxşı və ya pis olacağı ilə bağlı hansısa bir söz deyə bilmərik. Türkiyədə yeni partiyanın yaranmasına ehtiyac var idi. Həm hakim, həm də müxalif partiyalardan narazı olanlar həmin partiyaya üz tuta bilər. Mənim üçün dəyərli olan MHP-nin zəifləməsini heç vaxt istəməmişəm. İndi Türkiyə reallıqları vəziyyətin fərqli olduğunu göstərir”.

 

S.Rüstəmxanlı deyib ki, “İYİ Partiya”nın yaranması MHP-yə sevgini azaltmaz, MHP-nin atdığı addımlar bu sevgini ya azaldar, ya da artırar.


“Hakim partiya ilə MHP-nin yaxınlaşması, son illərdə gedən proseslər müəyyən adamların fikrinə təsir göstərə bilər. Amma yeni bir partiyanın yaranması prosesə çox az təsir göstərə bilər”.

 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyədə yeni yaranan “İYİ Partiya”nın təsisçilərinin sırasında xeyli tanınmış adamların olması onu göstərir ki, bu qurum çox yaxşı start götürüb:

“Meral Akşener Türkiyə siyasətində tanınmış bir adamadır, Yüksək vəzifələrdə çalışıb, bundan əvvəl istə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) liderlərindən biri idi. Bu partiyanın öz tərəfinə elektoran çəkmək imkanları çoxdur. Əvvəla MHP-nin bəzi üzvlərini və MHP-yə rəğbət bəsləyən adamları öz tərəfinə çəkə biləcək. “İYİ Partiya”nın əsas bazasını keçmiş MHP-çilər təşkil edəcək. Bir az qəribə olsa da, bu partiyanın sıralarına hərbçilər də xüsusi maraq göstərir, hətta partiyanın rəhbər heyətində yüksək rütbəli hərbçi də təmsil olunur. Bu da onu göstərir ki, təqaüdə çıxmış generallar, admirallar və yaxud vaxtından əvvəl təqaüdə göndərilmiş hərbçilər də bu partiyanın sıralarına qoşula bilərlər.
Hakim partiya olan Ədalət və İnkişaf Partiyasından (AKP) da bu partiyaya keçənlər olacaq. Hakimiyyətin yeni yaradılmış partiyaya düzgün olmayan təbliğatı partiyanın nüfuzunun artmasına səbəb olacaq. İqtidara yaxın olan televiziyalar artıq “İYİ Partiya”nın əleyhinə olan materiallar yayımlamağa başlayıblar. Belə olan halda insanların çoxunun fikirləri partiyaya yönəlir. “İYİ Partiya” və Meral Akşener qəti şəkildə bildirdi ki, prezident seçkilərinə gedəcək və seçiləcək. Belə görünür ki, “İYİ Partiya”nın, onun başçısının simasında hazırki prezident Ərdoğana kifayət qədər potensialı olan bir rəqib meydana gəlib”.
 

Q.Hüseynli deyib ki, “İYİ Partiya”nın Azərbaycana olan münasibətindən, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasından, Azərbaycanla quracağı əlaqələrin xarakterindən asılı olaraq, Azərbaycanda MHP-yə olan rəğbət azala bilər.


“Meral Akşener Azərbaycan üçün yad adam deyil, Azərbaycana gəlib-getmiş adamdır. Onun ətrafındakıların əksəriyyəti, xüsusən də keçmiş MHP-çilər Azərbaycanla çox yaxşı münasibəti olanlardır. Azərbaycan da bu partiyaya rəğbət yarana bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq