Modern.az

Hörmətli Fazil Mustafa, insanlar kimin ardınca getsinlər? - POLEMİKA

Hörmətli Fazil Mustafa, insanlar kimin ardınca getsinlər? - POLEMİKA

28 Oktyabr 2017, 15:31

Milli Məclisin deputatı, savadına və intellektinə hörmət etdiyim Fazil Mustafa məqaləsində qeyd edir ki, bu xalq bu dünyagörüşlə, bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq.

 

“Əfsuslar olsun ki, bu gün Azərbaycan iqtidarının da cəhalətin yayılmasına rəvəc verən yanlış addımları var, dövlət vəsaiti hesabına hansısa ziyarətgahların təmir olunmasının, bu yerlərdə xurafatın, cahilliyin daha qələbəlik formada özünü nümayiş etdirməsinin, qonşu ölkələrdən yönləndirilən din adı altında təbliğatın lazımi səviyyədə önlənməməsinin məntiqi izahını hələ də tapa bilmirəm" - deputat bu fikirdədir.

 

 

Lakin bir müddət öncə müsahibələrin birində Fazil bəy elmi deyil, ehkamçı düşüncənin ortaya qoyduqlarını doğru hesab etdiyini və buna inandığını qeyd etmişdi.

 

Mən isə millət vəkilinin bu müsahibəsinə münasibətimi bildirib, ona ehkamçı təfəkkürün islam coğrafiyasında hansı nəticələrə səbəb olduğunu qeyd etmişdim.

 

İslam coğrafiyasında meydana çıxan İbn Heysəm, İbn Sina, İbn Rüşt, Haldun və sair filosof-alimlərin ehkamçı düşüncənin qəzəbinə necə gəldiyini, buna görə onların dinsiz adlandırıldıqlarını qeyd etmişdim. Fazil bəy də cavab yazımı oxuyub buna cavab vermişdi.

 

 

Kaş Mirzə Cəlil sağ olaydı. Və bu mənzərəni görəydi: ölkəmizə yalnız İran deyil, Türkiyə, Ərəbistanı da “dini” biliklər”, kin qusan dünyagörüşünü necə ixrac edir.

 

İfadəmə görə üzr istəyirəm, hər əlinə aftafa alıb, az qala tualetə də gedəndə dua oxumağın “hikmətindən” danışan bəzi ilahiyyatçı qiyafəli agentlər  gəlib bizə ehkam öyrətmək istəyir. Əminəm ki, bu məsələdə hörmətli deputatımız da mənimlə eyni fikri bölüşür

 

Cənab Fazil Mustafa da bilir ki, şeyx nəsrullahlar indi yalnız Həmədandan gəlmir.

 Külliyatlarını oxuduğum Mirzə Fətəli, Mirzə Cəlil kimi dahilərimiz bütün ömürlərini ehkamçı düşüncəyə qarşı savaşmağa, daha rasional bir cəmiyyətin qurulmasına sərf ediblər

 

 

Yadıma gəlir Fazil bəy bir dəfə İstanbul Yayınevinə aid olan " Uydurulmuş din və Qurandakı din" adlı kitabın dilimizə tərcümə edilməsini istəmişdi. Mən də həmin yazıya münasibətimi bildirmişdim.

 

Fazil bəy hesab edirdi ki, guya Azərbaycan insanları bu kitabı oxuduqdan sonra Quranla özlərinin din adlandırdıqları cəfəngiyyat arasında nə qədər ziddiyyət, nə qədər fərqlilik olduğunu anlayacaqlar.

 

Hörmətli Fazil bəy, bu məsələdə isə deyəsən eyni fikri paylaşa bilmərik.

 

Uydurulmuş din və Qurandakı din nədir axı?

Bunu izah etməyə çalışaq. Fazil bəyin islam dininin əhli sünnə icmasına aid olduğu açıq-aydındır və bu firqəyə inanmağı, bu firqəni “endirilmiş din” olaraq görməyi başa düşüləndir.

Çünki bu Fazil bəyin öz həqiqətini tapdığı icmadı. Zamanla tənqid atəşinə tutduğu digər firqə və məzhəblərin də (məsələn, İran ayətullahlarının təsiri altından olan şiə firqəsi) uydurulmuş din olmasını düşünür və bunu acıq aydın ifadə edir. Düz də edir. İrandan idxal olunan ideyaların nə qədər təhlükəli olduğunu aydın fikirli insanların hamısı bilir.

Lakin Fazil bəy özü digər firqə və məzhəblərin baxış bucağına görə, məsələn elə tənqid etdiyi şiə icmasına görə uydurulmuş dinin nümayəndəsidir. Çünki onlar da ali həqiqətlərini o məzhəbdə tapıblar.

 

Bu gün dində ümumi həqiqətlər yoxdur. Çünki istənilən şəxs həm uydurulmuş dinin, həm də Qurandakı dinin təmsilçisi ola bilər.

“Uydurulmuş din və Qurandakı din" tezisinin “fəlsəfəsi” bir-birini təkzib edən dini cameələrin ümumi bəyanından başqa bir şey deyil.

 

Məsələ yalnız bu deyil, çünki bundan daha ağır vəziyyətimiz var.

SSRİ-dən ayrıldığımız dövrdən bu zamana qədər bir dənə olsun elmi kitab həmin bu şəxslərin, cəmiyyətə yol göstərmək istəyənlərin təşəbbüsü ilə tərcümə olunub, hazırlanıb cəmiyyətimizə verilməyib. Yeni elmi görüşlər insanlara aşılanmır. Qərb ölkələri nonotexnologiya, biotexnologiya, gen mühəndisliyi ilə məşğul olur, digər planetlərə koloniyalar salmağa hazırlaşırlar. Hətta Roma Papası  Papa Fransisk astronomlara “kainatın hüdudsuz üfüqlərində  hardan gəlirik, hara gedirik” sualını ünvanlayır. Çünki yaxşı bilir ki, cavab ehkamda deyil, elmdədir.

 

Lakin bizim kimi cəmiyyətlər, cəmiyyətimizdə söz sahibi olanlar hələ də dinin endirilməsi yoxsa uydurulması ilə bağlı qəribə müzakirələr açırlar.

 

Bəziləri isə hələ də namazı “möhürlü yoxsa möhürsüz qılmaq lazımdır” mövzusunda gərgin polemikaya girişirlər. Əminəm ki, Fazil bəy də belələrinə qarşıdır.

 

Lakin paradoks burdadır ki, Fazil bəyin müdafiə etdiyi bəzi ehkamçı düşüncələr dərslik kitablarına belə əlavə edilir.

 

Həqiqətən də Fazil bəy doğru deyir: “Bu xalq bu dünyagörüşlə, bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq”.

Hörmətli Fazil bəy, bu boşluğu aradan qaldırmaq üçün sizcə, insanlar kimin ideyasının və ya düşüncəsinin ardınca getməlidir: hər addımda dini az qala elmi müzakirə predmetinə çevirib, "Quranda hər şey var" deyənlərin yoxsa çərçivəsiz həqiqətlərin axtarışında olan, geniş dünyagörüşünə malik elm adamlarının?

 

Taryel ABDULLAYEV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı