Modern.az

Azərbaycanda 37 Peyk stansiyasından ibarət xüsusi şəbəkə qurulacaq

Azərbaycanda 37 Peyk stansiyasından ibarət xüsusi şəbəkə qurulacaq

19 Noyabr 2009, 12:17

Gələn ilin əvvəlindən “Daşınmaz əmlakın qeydiyyatı» layihəsinin geodeziya və kadastr komponenti üzrə Azərbaycan Respublikası ərazisində xüsusi şəbəkənin qurulması işinə başlanılacaq. Bu barədə Modern.az-a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Şəbəkənin qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Bu işlə İsveçrənin «LEICA» şirkəti məşğul olacaq. Komitədən bilidirilib ki, bu ilin sonunadək şəbəkənin qurulmasına dair həmin şirkətlə müqavilə imzalanacaq.  

Daşınmaz əmlakın qeydiyyatı» layihəsinin geodeziya və kadastr komponenti üzrə Azərbaycan Respublikası ərazisində xüsusi şəbəkənin qurulmasına dair müvafiq işlər 2010-cu ilin əvvəlindən sonunadək davam edəcək, bir il müddətində sınaq fəaliyyətindən sonra daimi istifadəyə təhvil veriləcək. Şəbəkənin qurulması və istismarı zamanı Komitə mütəxəssislərinin fəal iştirakı nəzərdə tutulur. Peyk Geodeziya Şəbəkəsi tam istifadəyə verildikdən sonra həmin şəbəkənin idarəedilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

«Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsinin Geodeziya və Kadastr komponenti üzrə Azərbaycan Respublikası ərazisində daimi fəaliyyət göstərən 37 Peyk Geodeziya stansiyasından ibarət olan xüsusi şəbəkənin qurulması nəzərdə tutulur. Həmin Layihədə geodeziya və kadastr komponenti üzrə işlərin icrasına və keyfiyyətinə nəzarət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir.

Azərbaycanın müxtəlif seçilmiş yerlərində hərəsi bir-birindən 75 km-dən uzaq olmamaq şərti ilə xüsusi Peyk Geodeziya stansiyaları qurulacaq. Şəbəkənin idarəetmə sisteminin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsində yerləşməsi nəzərdə tutulub. Həmin şəbəkə vasitəsi ilə Azərbaycanda istənilən nöqtənin, obyektin və s. koordinatlarını 2-3 sm dəqiqliklə müəyyən edilməsi mümkündür. Peyk Geodeziya şəbəkəsi demək olar ki, iqtisadiyyatın bütün sahələrinə xidmət edəcək. Bu, MDB məkanında bu ilk belə bir şəbəkə olacaq. Qonşu Türkiyədə eyni tipli şəbəkə cəmi 2 ildir fəaliyyət göstərir və hal-hazırda şəbəkədən 600-dən çox təşkilat istifadə edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub