Modern.az

Qaçaq, qoçu, lotu.. Əslində, onları nə birləşdirir?!

Qaçaq, qoçu, lotu.. Əslində, onları nə birləşdirir?!

29 Oktyabr 2017, 19:46

İstənilən hadisənin baş verdiyi mühitdə gözlənilməz nələrsə mütləq olur. Sadəcə, inanmaq lazımdır.

 

Həftənin hesabatını təqdim edirəm.

 

 

Yorğun Mişa

 

Ukraynada “Sakaaşvili erası” davam etməkdədir. Bir tərəfdən də hazırkı prezident Pyotr Poroşenko sui-qəsd cəhdi ilə üz-üzə qalıb. Yaxşı ki, işin içindən burnu qanamadan çıxa bilib. Yoxsa, aləm yenidən bir-birinə dəyərdi.

 

Mişanın cəhdləri isə fayda vermir.  Ukrayna Miqrasiya Xidməti deyir ki, sənə qaçqın statusu verə bilmərəm. Üstəlik, Mişa  belə bir müraciətdə şəxsən iştirak etməyib.

Bunu nəzərə alan Saakaşvili bu dəfə heç kimə ağız açmadan təhlükəsizliyinin təmin olunması üçün Miqrasiya Xidmətinə özü  müraciət edib. Mişa hələ ki, cavab gözləyir. Güman ki, bundan sonra Miqrasiya Xidməti Mişanın müraciətini diqqətsiz qoymayacaq. Bu arada, Kiyev küçələrinə enerjili daxil olan Saakaşvili, nədənsə, yorğun görünür.  

 

“İYİ” görünən “İYİ” partiya

 

Ötən həftə Türkiyədən gələn xəbər nə gülməli, nə də ağlamalı oldu. Sadəcə, bir anlıq düşünmək istərkən qəfildən beynin "error" verdi. Kişilərin meydanda ağlını itirdiyi bir vaxtda türkiyəli siyasətçi, keçmiş daxili işlər naziri, Milliyətçi Hərəkat Partiyasından (MHP) ayrılan Meral Akşenerin yeni siyasi partiya yaratmaqda məqsədi nədir?! Üstəlik, bir qədər fikrə getdikdən sonra partiyasına  “İYİ” adını verib. Ətrafına da keçmiş nazirlər Ahat Andican, Abdulkadir Akcan, Ayfer Yılmaz,  Durmuş Yılmaz kimi simaları toplayıb.

 

Partiyasının loqosunda 8 şəfəqli günəşi təsvir edib. Meral Akşenerin  partiya yaratması birmənalı qarşılanmayıb. Nə olsun, əsas odur ki, partiyaya böyük ümidlərlə baxanlar da var.

Burda deyiblər. “Uman yerdən küsərlər”. Nə də olmasa, Meral Akşenerin MHP –dən üzü bəri partiya təcrübəsi var. Siyasət alanında kiminlə hansı dildə danışmağı çox yaxşı bilir. Görünür, hər şeyi iyi bildiyindən partiyasının adını da “İYİ” partiya qoyub.

 

 

Əslində, “qanuni oğru”lardan kimlər qorxur?!

 

Ötən həftənin ən səs-küylü hadisəsi 2 məhbusun qaçması və ardınca “Lotu Quli” kimi tanınan avtoritet Nadir Səlifovun azadlığa buraxılması xəbəri oldu. Xəbərin özündə də bir müəmma vardı. Bir tərəfdə qanunlar pozulduğu halda, digər tərəfdə sivil qaydalara uyğun olaraq Qaradağ Rayon Məhkəməsi  “Lotu Quli”ni azad edir.

 

Qapalı keçirilən məhkəmə zalından kriminal avtoritetin azadlığa çıxması xəbəri təkcə Azərbaycanda deyil, Rusiyada da partlayış effekti yaratdı.

 

Bu arada, Penitensiar xidmətin mətbuat sözçüsü, KİV-in  səhifələrində “Quli”nin azadlığa çıxması xəbərini boş məlumat hesab etdiyindən şərh etmək istəmədi. Olsun. Mətbuat katiblərinin hər hansısa xəbəri şərh etməmək hüququ da var. Amma boş söhbətlər deyib üzərindən keçmək üçün birbaşa əminliyin olmalıdır. Nə bəladırsa, bəzi mətbuat katibləri xəbəri dəqiqləşdirib mətbuata dolğun informasiya vermək əvəzinə, öncəgörücülüklə məşğul olurlar. Sonradan isə... Sonrası bəllidir.

 

Digər bir məqam isə  “Lotu Quli”nin azadlığa çıxması xəbərinin cəmiyyətdə qorxu yaratması oldu. Sanki insanlar Nadir Səlifovun adını dillərinə gətirsə, avtoritet aləminin “qara siyahı”sına düşəcəkdi. Axı niyə?!.

 

Məgər lotuların mübarizəsinin kökündə sadə vətəndaşların həyatına təhlükə törətmək meyarları dayanır?! Məgər, lotular başını aşağı salıb bir tikə çörək qazanan insanları hədəf seçir?! Əgər belə olsaydı, onlar “qanuni oğru” adını qazana bilməzdi. Onların aləmində aşağı təbəqə “söz konusu” olaraq masaya qoyulmaz.

 

Maraqlıdır ki, avtoritet aləmin “qanuni oğru”larından, lotularından  danışarkən bu ifadələrin tarixdəki izinə nəzər yetirmək istəmirik. Əslində, “qanuni oğru”,  “lotu” məfhumu deformasiyaya uğrayıb. Məsələn, qaçaq Kərəm, qaçaq Nəbi kimi tanınan qəhrəmanlar dövrünün indiki dillə desək, oğrusu hesab olunub. Amma onların dövründə "lotu" ifadəsi yox, "qaçaq" ifadəsi işlək olub. Çar Rusiyasının ziddiyyətlərinə, xalqa qarşı istibdadına dözə bilməyən qəhrəmanlar mübarizə yolunu tutmaqla qaçaq həyatı yaşayıblar. Ona görə də milli qaçaqlarımız heç zaman Çar Rusiyası tərəfindən sevilmədi.

 

Xalq Cümhuriyyətini devirən Rusiya 1920-ci ildə  Sovet imperiyasını yaratmaqla yenə də Azərbaycanı əsarətində saxlamağa müvəffəq oldu. Bu dəfə Sovet imperiyasına qarşı mübarizə aparan qüvvələr-qoçular meydana gəldi. Daha doğrusu, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən soyqırımı siyasəti həyata keçirildi. Rus-erməni iş birliyinin soyqırımı siyasətinə  üsyançılar, yəni qoçular etiraz  etdi. Məsələn, Maştağalı qoçu Nəcəfqulu, kürdəxanalı Məşədi Adil kimi qoçular xalqın yanında olmağı üstün tutdu. Di gəl ki,  qaçaqları da, qoçuları da rus rejimi heç vaxt sevə bilməyib. Məhz buna görə də təqdimat həmişə kölgəli təsir bağışlayıb.

 

 

Sovet imperiyasının mövcud olduğu son illərdə  “qanuni oğru”lar, lotular meydana gəldi. Bu da Sovet imperiyasının ərsəyə gətirdiyi “rejim” idi. Əslində, qaçaqlar, qoçular, lotular açıq şəkildə olmasa da, Rusiyanın əli ilə özünə qarşı yaratdığı mübarizə üsulu idi. Sadəcə olaraq, lotuların mafiya qruplaşmalarına bölünməsi oğru aləmində qütblərə parçalanmaya səbəb oldu.

 

Detallarına qədər söyləmək çətin olsa da, “qanuni oğru"lar sələflərinin yolunu davam etdirməklə məşğuldur. Onların mübarizəsi “dedim-dedi” üzərində qurulmur. Onların mübarizəsi bir yumruğun zərbəsi üzərindən start götürür.  Hər halda,“qanuni oğru” məfhumu daha çox avtoritet aləmi lərzəyə salır.

 

İndi Nadir Səlifovun avtoritet aləmdə nüfuz sahibi ola bilməsinin tutarlı səbəblərindən biri kimi yaşının gənc olması göstərilir. Üstəlik, ötən il İstanbulda öldürülən avtoritet Rövşən Lənkəranskinin sərvətinin böyük hissəsi 45 yaşlı Səlifova bağışlanıb.

Görünür, avtoritet aləmin öz qanunları var. İstanbula köçdüyü deyilən Səlifovun bundan sonra oğru aləmində necə projelər həyata keçirəcəyini zaman göstərəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi