Modern.az

“Qara qızıl” daha da bahalaşacaq , Neft Fondunun mənfəəti 5 dəfə artacaq - PROQNOZ

“Qara qızıl” daha da bahalaşacaq , Neft Fondunun mənfəəti 5 dəfə artacaq - PROQNOZ

İqtisadiyyat

30 Oktyabr 2017, 14:59

Cari ilin sentyabr ayının 25-dən başlayaraq dünya birjalarında neft sürətlə bahalaşır. Ayın sonlarında “WTI” neftinin qiyməti 1 barelə görə 52,34 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 59,45 dollar olub. 

Ötən həftənin son 3 günündə isə neftin qiymətləri 60 dollar civarında qərarlaşıb. Bu gün Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 53,90 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 60,40 dollar təşkil edib.

 

“Neft itirilmiş mövqeyini bərpa edir”

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya birjalarında neftin qiymətinin bahalaşmasına münasibət bildirib.

 

İ.Şaban Modern.az-a deyib ki, neft özünün itirilmiş qiymətlərini bərpa edir:

 

“Son iki ayda neftin qiymətlərində yüksək artım müşahidə edilir. Sentyabrda avqust ayı ilə müqayisədə “Brent” markalı neftin orta qiyməti 5 dollara qədər artaraq, 56 dollar təşkil edib. Oktyabr ayı üçün neft qiymətlərinin təqribən 58 dollarla yekunlaşacağı proqnozlaşdırılır. Dünya Bankı öz proqnozlarında korrektə edərək, “Brent” markalı neftin illik orta qiymətini 53 dollar səviyyəsinə qədər endirib.

 

Dünya Bankı əvvəl neftin orta qiymətinin 55 dollar alacağını proqnozlaşdırmışdı. Hazırkı proqnozlarla görə, 2018-ci il üçün isə “Brent” markalı neftin orta qiyməti 56 dollar olacaq. Dünya Bankı bununla belə qeyd edir ki, 2018-ci ildə bu illə müqayisədə neftin orta qiyməti 23, 9 dollar artmış olacaq. 2016-cı ildə 2015-ci illə müqayisədə təqribən 25 faiz enmə müşahidə olunduğunu nəzərə alsaq, deyə bilərik ki, nefti özünün itirilmiş mövqeyini bərpa edir”.

 

Neft bazarında Səudiyyə Ərəbistanı və Rusiya amili

 

Ekspert hesab edir ki, Dünya Bankının verdiyi proqnoz qiymətlər üçün ən aşağı həddir:

 

“Reallıqda “Brent” markalı neftin qiyməti 53 deyil 54 dollar səviyyəsində qərarlaşacaq. Cari ilin I yarısı üçün neftin orta qiyməti 52 dollar olub. Hazırda neftin qiyməti tələb və təkliflə müəyyənləşmir. OPEK və Qeyri-OPEK Ölkələri bir il bundan əvvəl hasilatın azaldılması ilə bağlı öhdəliklər götürmüşdülər. Hasilatın azaldılmasına dair razılaşma sonuncu dəfə 2008-ci ildə baş vermişdi. O zaman qeyd etmişdilər ki, hasilatın azaldılması ədalətli dəhlizə çatmaq üçündür. Həmin vaxt ədalətli dəhliz onların arzusu idi. Çünki 2016-cı ilin əvvəlində neftin qiyməti 27 dollara qədər azalmışdı. 2016-cı il üzrə orta qiymət 42 dollar olmuşdu.

 

Ona görə də 55 dollar dəhlizinə çatmaq olduqca arzuolunan idi. OPEK-in mayın25-də baş tutan konfransında iştirakçılar bazara pozitiv xəbər buraxdılar. Bu da 6 aylıq hasilatın azaldılmasının 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılması barədə əldə edilən razılıq idi. Bazar iştirakçıları hesab edirdilər ki, həcmi bir qədər də azalda bilərlər. Amma hasilat azaldılmadığından sonrakı aylarda neftin qiyməti ucuzlaşdı.

 

Səudiyyə Ərəbistanı və Rusiyanın bazarda apardıqları böyük oyunlar isə bazarı qızışdırdı. Neftin real qiyməti bəlkə də heç 55 dollar da deyil. İndiki 60 dollar qiyməti pozitiv siqnallar vasitəsilə bazarın qızışdırılması və tərkibindəki siyasi faktorlardan qaynaqlanan bir sıra amillər nəticəsində formalaşıb. Ötən həftənin son 3 günü ərzində müşahidə etdiyimiz qiymətlər məhz bunun nəticəsidir”.

 

“Neft Fondunun mənfəəti 5 dəfə artacaq”

 

İ.Şabanın sözlərinə görə, hazırda bütün diqqət OPEK-in noyabrda keçiriləcək sonuncu toplantısına yönəlib:

 

“O toplantıya qədər bir sıra bəyanatlar, müxtəlif ölkələrin enerji nazirlərinin, neft şirkəti rəhbərlərinin açıqlamalarını gözləyəcəyik. Dünya birjalarının əsas diqqəti də əsasən, Səudiyyə Ərəbistanı və Rusiya rəhbərlərinin açıqlamalarına tuşlanıb.

 

Hesab edirəm ki, bunlar bazarı pozitiv ruhda irəli aparan açıqlamalar olacaq. Nəticə etibarilə noyabrda neftin orta qiymətlərinin 55-60 dollar, hətta müəyyən dövr üçün 60 dollardan yuxarı olacağı gözlənilir.

 

Əgər noyabr konfransında hasilatın azaldılması 2018-ci ilin I rübündən sonrakı mərhələ üçün keçərli olarsa, daha yüksək qiyymətlər müşahidə edə biləcəyik. Baxmayaraq ki, son bir ildə ABŞ-da neft hasilatı 1 milyon barel artırılıb. Hasilatın bu artımına baxmayaraq, neftin qiymətləri il ərzində təqribən 24 faiz artıb. Hesab edirəm ki, neftin orta qiyməti Dünya Bankının açıqladığı rəqəmdən yüksək olacaq. Azərbaycan neftinə gəldikdə isə bu, “Brent” markalı neftə nisbətdə orta hesabla 1, 5 dollar baha satılır.

 

Haradasa 55, 5 dollar civarında ola bilər. Cari il üçün hökumətin sonuncu korrektə edilmiş proqnozuna əsasən, neft hasilatı 2, 7 milyon ton azalacaq. Artan qiymətlər azalan neft həcminin yerini nəinki kompensasiyaya, həmçinin, əlavə 1 milyard dollar qazanc əldə etməyə imkan verəcək. Ötən il Dövlət Neft Fondunun xalis mənfəəti 3,1 milyard  dollar olmuşdusa, mənim son 9 ayın nəticələrinə görə, proqnozlarıma görə bu il rəqəmlər 6 milyarddan az olmayacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir