Modern.az

İnsan özünə ya həkimdir, ya qənim - Məşhur loğman YAZIR

İnsan özünə ya həkimdir, ya qənim - Məşhur loğman YAZIR

30 Oktyabr 2017, 16:21

Bir qism adam var, ilimizin on iki ayı qrip olur. Ümumiyyətlə, qış aylarında qripə yoluxmaq kütləvi hal alır. İnsanlar buna alışıblar və bu xoşagəlməz halı təbii sayırlar, günahı da yıxırlar havanın boynuna. Halbuki, həm birinci hal, həm də ikinci hal normal sayıla bilməz, anomaliyadır, pis vərdişin məhsuludur. 


Havalar soyuduqca, qripə yoluxmaq riski güclənir. Əslində isə insan havadan asılı olmamalıdır, qripə yoluxmalı deyil. Bunun üçün 2 şərt var:

1.Gərək damarlarda sağlam və zəngin qan axsın.
2. Qan yaxşı dövr eləsin və heç bir yerdə yubanmasın.

Bu iki vəziyyəti yaratmaq - hər bir şəxsin öz borcu və ən müqəddəs vəzifəsdir. Bu vəzifəni adamın özündən başqa heç kəs yerinə yetirə bilmir.

Birinci tələbi yerinə yetirmək bilavasitə qida mədəniyyəti ilə bağlıdır. Qida mədəniyyəti aşağı olan ailələrin süfrəsində çörək, ət, yağlı xörəklər, un xörəkləri, qara çay, kofe, “fanta” kimi işçilər  üstünlük təşkil edir. Belə ailələr meyvə və tərəvəzi ya yaxına qoymur, ya da bişirib yeyir, çiy suyu ya heç içmir, ya da düzgün içmir. 

Qidalar iki qismə bölünür - CANLI QİDALAR və ÖLÜ (bişmiş, duza və şəkərə qoyulmuş, rafinləşdirilmiş ) QİDALAR.

Unutmayın: ANAMIZ TƏBİƏT hər bir insan üçün 4 nemət göndərib: GÜNƏŞ İŞIĞI, HAVA, SU və BİTKİLƏR. Biz yalnız Günəş işığından, havadan, çiy sudan və çiy meyvə-tərəvəzdən orqanizmə lazım olan bütün faydalı elementləri ala bilirik.

Ölü qidalarda isə bu elementlər qalmır və ölü qida bədənə "tikinti materialı" əvəzinə bəla daşıyır, mikroblar üçün zəngin yem ambarı yaradır. Ona görə də bədəninə külli miqdarda şlak (zir-zibil) yığılan kök adamlar daha çox və daha ağır xəstəliklərə mübtəla olur, tez ölür. 

Mən xəyalpərəst deyiləm, çox gözəl dərk edirəm ki, yüz il boğazımı yırtsam da insanlar nəfsə qalib gəlib, ölü qidaları tərgidən deyil. Təklifim budur ki, heç olmasa, ölü qidaları bir qədər azaldın, canlı qidaların (meyvə, tərəvəz, tumlar, çiçəklər) həcmini artırın, qara çayın əvəzinə itburnu və qaragilə dəmləməsi, ot və çiçək çayları, “fanta”nın və digər alkoqolsuz içkilərin yerinə çiy su için. Qış aylarında tərkibində C vitamini bol olan meyvələrə (limon, portağal, qreyfrut, moruq, qarağat, çaytikanı, heyva və s.) və göyərtiyə-tərəvəzlərə (soğan, sarımsaq, cəfəri, kərəviz, ispanax, xiyar, pomidor, kələm, şüyüd, keşniş və s.) üstünlük verin. Onların şirələri daha zəngindir.

İkinci təlabatı yerinə yetirmək, yəni, normal qan dövranı prosesi yaratmaq üçün faydalı hərəkətlər (bədən tərbiyəsi, açıq havada iti addımlarla gəzmək, üzgüçülük, tennis, voleybol oynamaq, gimnastika və s.) etmək gərəkdir.

Normal qandövranı yaratmağın ən mükəmməl və asan üsulu isə "Möcüzəsiz möcüzə - 4" kitabında verilib (Nişinin 6 Qaydası və mənim əlavələrim).

Yadda möhkəm saxlayın: qrip törədən viruslar yalnız immun sistemi zəyif olan bədənə daxil ola və fəsad törədə bilir. İnsanın ən müqqəddəs vəzifəsi öz orqanizminə qulluq etmək və onu qorumaqdır.

XALİQ CANI SİZƏ ƏMANƏT VERİB, ONA XƏYANƏT ETMƏYİN!


Ərşad Əzimzadə,
"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin 
rəhbəri, yazıçı - jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı