Modern.az

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... Erməni qızının şıltaqlığı...

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... Erməni qızının şıltaqlığı...

Ədəbi̇yyat

31 Oktyabr 2017, 10:14

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Qalın meşədə, adam boyda  olan yaşıl otun üzərində gözəl bir qız sərilmişdi. Ona gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi ləzzət verirdi. Bu aya bənzər on yeddi yaşında qız arxası üstə uzanıb kitab oxuyurdu. Hərdənbir ətrafına baxıb ləzzət alan bu qız erməni qızı Sonadır. “İsti olmağa görə qız ağ, mərmər döşünü açmışdı...” Ondan başqa meşədə kiminsə olmasından xəbərsiz olan bu erməni qızı niyə belə sərbəstdir? Nə üçün meşədə kiminsə olmasından xəbərsiz olan erməni qızı bu qədər sərbəstdir? Erməni qızının bu cür sərbəstliyi meşədə tək-tənha olması ilə bağlıdır? Yox, belə deyildir. Erməni qızının sərbəstliyi erməni qızlarına məxsus olan şıltaqlıqdır. Şıltaqlığın erməni qızlarına məxsus olan keyfiyyət olduğunu Nəriman Nərimanov, məhz yazıçı yaxşı bildiyindən bu bədii detalı özünəməxsus üslubda təqdim edə bilmişdir. N.Nərimanov erməni qızının şıltaqlığını anlatmaq üçün belə bir bədii detalı da vermişdir: “Qız Bahadırın orada olmağından xəbərsiz idi. Bir az müddət keçəndən sonra qız şümşad əlini yaxasına uzadıb saata baxdı və yerindən tez durub getdi. Çünki qızın yolu Bahadırın yanından idi. Ona görə Bahadır istədi ki, gizlənsin ta qız onu görməyə, qız isə Bahadırı görüb yanından keçərkən xumar gözlərini Bahadıra süzdürdü. Qızın belə baxmağı Bahadırı özgə xəyallara saldı...” Sual olunur: Nə üçün erməni qızı Sona Bahadırın yanından keçərkən xumar gözlərini süzdürür? Cavab belədir ki, tanımadığı bir kəsə meşədə qaş-göz süzdürmək erməni qızlarına məxsus olan şıltaqlıqdan başqa bir şey deyildir. Bir baxışla, bir dəfə qaş-göz süzdürməklə Bahadırı özünə cəlb edən erməni qızı Sona həm özünü, həm də Bahadırı ikisini iztiraba salır. Yenə də sual olunur, niyə erməni qızı qaş-göz süzdürür və ilk dəfə gördüyü Bahadır onu iztiraba salır? İlk dəfə gördüyü oğlanın erməni qızını iztiraba salması yenə də Sonanın şıltaqlığından, məhz erməni qızlarına məxsus olan şıltaqlıqdan başqa bir şey deyildir. İndi də romana müraciət edək: “İki növcavanın meşədə bir-biri ilə rast gəlməkləri ikisini də iztiraba saldı: qanları cuşə gəlib az qaldı ki, özlərini itirsinlər... Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdən itdi, Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gəldi bazara, fəqət qızı görmədi”. Meşədə Bahadıra rast gələn erməni qızının iztiraba düşməsi erməni qızlarının şıltaqlığından irəli gələn məsələdir. Heç şübhəsiz ki, Nəriman Nərimanov müəyyən bədii detallarla bu məsələni incə, zərif bir üslubda romanda vermişdir.


Qəzet və kitab çapında müsəlmanların məqsədi nədir?.. Bəs ermənilərin məqsədi nədir?..


Bahadır tələbə yoldaşı Alekseylə pəncərənin qabağında əyləşib ruzigara tamaşa edirlər. Aleksey Bahadırdan “Tərcüman” qəzetinin axırıncı nömrəsini oxuyub-oxumadığını soruşur. Bahadır deyir ki, oxumuşam. Məlum olur ki, Osmanlı dili barədə “Tərcüman” qəzetində yazılan Alekseyi təəccübləndiribdir. Ona görə təəccübləndiribdir ki, hər bir millət istəyir ki, dili asan olsun, ancaq Osmanlı dilində yazanlar belə düşünmür. Onlar sadə türk dilində yazanları nadan hesab edirlər. Bahadır Alekseyə anlatmağa çalışır ki, bizim qələm əhlinin əksəriyyəti bir şeyi yazanda fikirləri o yerdə olur ki, onların əsərlərindən camaat fayda, xeyir götürməsin. Həm də elə qələm əhli də vardır ki, onlar özlərini xalqın nəzərində uca göstərmək üçün ötəri şeirlər düzəldirlər. Bəziləri isə müsəlmanların mədəniyyətinə və məişətinə aid bir sıra məsələləri rus qəzetlərində yazırlar. Məqsədləri o olur ki, qeyri millətlər onlara afərin desin. Bahadırın dediklərini təsdiq etmək üçün Aleksey keçən il Tiflisdə şahidi olduğu bir hadisəni danışır:


“ – Keçən il Tiflisdə “Badkubə” adlanan qəstində oturub nahar edirdim. Mən əyləşdiyim otağa 9 nəfər cavan müsəlman gəlib nahar yeməyə məşğul oldular və mədəniyyətdən söhbət edirdilər. Onlardan biri o birisinə dedi: “De görüm, aya, nə məqsudla müsəlman çobanına rusca yazırsan ki, çobanlığı buraxıb elm dalınca getsin?”


Yoldaşları cavab verib dedi ki, “Nə eybi var, qoy qeyri millət də bilsin ki, bizdə də rusca yazanlar var...” Çünki bu tövr cavab onun ağlının naqisliyini göstərirdi. Ona görə mən istədim biləm bu kim ola və hərçənd adını dedilər isə də, amma heyfa ki unutmuşam...” Alekseyin bu dediklərindən sonra Bahadır bir az fikrə gedib deyir:


“ – Bəli, necə ki, əvvəl dedim, müsəlman arasında bu tövr əhli – qələm nəhayətdə çoxdur... Xülasə, safürəkli millət yolunda zəhmətçəkənlər çox azdır”.


Bahadırla Aleksey arasında “Kəşkül” qəzeti barədəki söhbət də maraqlıdır. Aleksey Bahadırdan soruşur ki, “Kəşkül” qəzeti alırsanmı? Söhbətdən məlum olur ki, “Kəşkül” qəzeti üç ayda bir, ya dörd ayda bir çıxır. Bahadır Alekseyə deyir:


“ – Günah yalnız onda (yəni “Kəşkül” qəzetinin üç ayda bir, ya dörd ayda bir çıxmasında – B.X.) deyil: Günah bizim müsəlmanlardadır ki, biçarəyə kömək etmirlər...”


Sonra Yusif içəriyə daxil olur, Bahadıra əl verir, Alekseylə dost olur və onların nə barədə söhbət etdiklərini soruşur.


Aleksey Yusifə deyir:


“ – Söhbətimiz bunların “Kəşkül” qəzetinin barəsindədir. Bu qəzetə ayda bir, ya iki dəfə çıxır...” Yusif Alekseyin doğru buyurduğunu söyləyir və davam edərək deyir:


“ – Biz Tiflisdə olan vaxtlar mənim qızım türk dili oxuyan vaxt istədi ki, haman qəzeti alsın. Amma sonradan gördüm ki, həqiqət, gec-gec çıxır, ona görə almadım”. Aleksey isə Yusifə cavab verir:


“ – Bahadırın deməyinə görə günah tək qəzetənin mühərrirində deyil və hətta millətdədir; çünki deyir guya müsəlman camaatı qəzetə yazanlara köməklik etmir”. Yusif Alekseyə söyləyir:


“ – Bəli, haqdır. Hərgah qəzetə işində millətin köməkliyi olmasa iş qabağa getməz”.


Bahadır söhbətə qarışır:


“ – Millət necə kömək etsin ki, qəzetə onun nəzərində yalançı bir şey görünür və bir para mollalar qəzetə oxuyanları uşaq və nadan hesab edirlər”.


Erməni qızı Sona atası Yusifə müsəlmanların qəzetə münasibəti barədə deyir:


“ – Məsələn, millətin nəzəri qəzetəyə nəhayətdə həqirdir. Qəzetə onlar üçün artıq və lazımsız bir şeydir. Bir şey ki, lazımsız ola ona pul verərlərmi? Və camaat qəzetəni almayanda biçarə mühərrir nə ilə dolansın və kimin üçün yazsın. Hərgah müsəlman milləti bunu anlaya ki, qəzetə göz açar, insanı qaranlıqdan işıqlığa salar və bilmədiyini bildirər, əlbəttə, onda qəzetəni alan da, kömək edən də çox olar. Və nəinki qəzetə, özgə işlər də bunun kimi. Müsəlman cavanlarından hazırda yazanlar az deyil, mən hətta bir neçəsini bilirəm ki, biçarələr gözəl-gözəl kitabçalar yazıblar: lakin pulları olmadığına səbəb basdıra bilmirlər. Millətdə hümmət olsa, belə olmaz... Siz elə bilirsiniz ki, bu qədər erməni millətinin arasında ki, kitab var, inşa edənlər özləri basdırırlar?” Sona erməni olsa da, həm müsəlmanlar, həm də ermənilər barədə müəyyən həqiqətləri deyir. Məsələn, müsəlman cavanları içərisində gözəl-gözəl kitablar yazanların olmasını, ancaq onların bu kitabları çap etdirə bilməmələrini, ermənilərin isə bu iş üçün pul toplamalarını, çap etdikləri kitabları məktəblərə, kilsələrə bağışlamalarını deyir. Yenə də erməni qızı Sona ilə atası Yusif arasındakı söhbətdən bir məqam: “ – Bizim işimiz başqa – Yusif təbəssüm edib dedi. – Biz evlənəndə hərgah uşağımız, qızımız da olmuş olsa, yenə millətin işini unutmuruq: həmişə bir qədər pul, ya kitab basdırmağa, ya məktəblərə və ya kəlisalara bağışlayırıq.


Bəs, bunu müsəlmanlar edə bilməzlərmi? – Sonra atasına baxıb dedi: – Məgər müsəlmandan azmı dövlətli var? Bu biçarələrin hətta cəmiyyəti-xeyriyyələri də yoxdur. Xülasə, işləri çox çətindir, sözlə bunlara qandırmaq mümkün deyil, gərəkdir ki, bu millət arasında mədəniyyət yayıla, onda özləri anlayarlar, millət nədir, hümmət nədir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər