Modern.az

Deputatları üz-üzə qoyan dəyişiklik təsdiqləndi

Deputatları üz-üzə qoyan dəyişiklik təsdiqləndi

31 Oktyabr 2017, 15:32

Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.

Digər yenilik isə ondan ibarətdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

Müzakirələr zamanı deputat Zahid Oruc dəyişikliklərə etiraz edib. O qeyd edib ki, Nümayəndəlik İnstitutunun ləğvi məhkəmə sistemi üçün xeyirli deyil. O bildirib ki, xaricdən maliyyələşən müxalifət təşkilatları bu addımdan sonra daha da aktivləşəcək, etiraz üçün bəhanələr axtaracaqlar. Zahid Oruc söyləyib ki, Nümayəndəlik İnstitutunun ləğvi yanlışdır.

“Sadə insanların nümayəndəsiz qoyulması yanlışdır. Bundan sonra Avropa Məhkəməsinə göndəriləcək işlərin sayı da çoxalacaq”-deyə o əlavə edib.

Deputat Fazil Mustafa da qanun layihəsinə etiraz edib və deyib ki, sənədin əleyhinə səs verəcək. O qeyd edib ki, bu, dırnaqarası islahatdır.

“Bu, vətəndaşların, xüsusilə yoxsul vətəndaşların əleyhinə işləyəcək. Nümayəndəlik məsələsi inzibati, cinayət işlərində vacib məsələdir. Söhbət qeyri-peşəkarlıqdan gedirsə, o zaman tələb qoyulsun ki, Nümayəndəlik İnstitutunda peşəkar hüquqşünaslar olsun. 5-6 min insanın işsiz qalmasına şərait yaradılır. Hakimlər daha rahat qərar çıxarsın deyə, hakimlər rahat olsun deyə buna getmək olmaz axı. Bu “islahat” yeni işsizlər ordusu yaradacaq. Problemlər nümayəndələrdə deyil. Bu məsələ hüquqşünaslar arasında da ciddi narahatlıq yaradıb”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, dəyişikliklərin tərəfdarı olanlarla ona qarşı olanlar öz arqumentlərini irəli sürürlər.

“Amma bu sənəd qəbul olunmalıdır ki, onun tətbiqinə baxaq. Əgər qanun işləməsə, o zaman dəyişiklik etmək olar. Amma birmənalı şəkildə “bu dəyişiklik lazım deyil” deyib bundan yapışmaq düzgün deyil. Vəkillik institutu zəifdir, biz bunun gücləndirilməsinə çalışmalıyıq. Kifayət qədər savadlı hüuquqşünas vəkil işləyərsə öz halal zəhməti ilə digər sahələrdən daha çox əmək haqqı ala bilər. Test imtahanları intensivləşdirilməlidir. Bu gün zərurət varsa ayda bir dəfə, 6 ayda bir dəfə ola bilər. Ali hakimiyyət orqanları var ki orada seçki bəllidir. Digər hallarda vəkil seçildikdə müddət qoyulmamalıdır. Əgər vəkilə ehtiyac varsa o qədər seçilməlidir. Hüququ firmalar açılmalı, onların nizamnamələri sadələşdirilməlidir. Belə olan təqdirdə nümayəndəliyə ehtiyac qalmayacaq. Nümayəndəlik hüquqi proseduru həyata keçirən şəxs deyil. Nümayəndə sadəcə həmin fərdi hüquq istiqamətinə yönəltməklə məçşğuldur. Əgər biz vəkillik institutunun təkmilləşdiririksə, nümayəöndəlik lğv olunacaq. Qanunda da bu nəzərdə tutulub”.

Deputat əlavə edib ki, hüquq mühafizə orqanlarında işləyən insanların bəziləri rüşvətə, vəzifəsindən sui istifadəyə görə işdən çıxarılıblar, lakin sonradan vəkil işləyirlər.

“Onlar işdən çıxdıqdan sonra vəkil işləyir. Belələrindənsə gənclərin işə götürülməsi daha məsləhətlidir. Elələri var ki, adını vəkil qoyub, ancaq şantajla məşğuldur. Öz işini əsaslandıra bilməyənlər ATƏT-ə, Avropa Şurasına məktublar yazırlar. Bu cür insanların sayını azaltmaq, yeniləri cəlb edərək vəkillik institutu yarada bilərik. Hər şey islahatlarla, təcrübəyə əsasən həyata keçirilməlidir”.

Deputat Çingiz Qənizadə da qanun layihəsinə etiraz edib.

“Problemi aradan qaldırmaq üçün hüquq firmaları yaradılmalıdır. Bəllidir ki, Nümayəndəlik İnstitutunda dələduzlar da var. 

“Əgər qolda bir-iki yara varsa onu kəsmək lazım deyil, müalicə etmək lazımdır. Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsində çox böyük boşluqlar var. Niyə prokurorluq əməkdaşları yaşa, səhhətinə və sair səbəblərə görə prokurorluq orqanlarından getdikdən sonra Vəkillər kollegiyasının üzvü olmaq üçün başqalarından fərqli olaraq imtahan verir? Amma vəkil və hakim imtahan vermir. Yaxud da biz vəkillik institutunu artırmaq istəyiriksə, n'yə görə , daxili işlər orqanlarında işləyən təhqiqatçılar, müstəntiqlər və digər qurumlarda işləyən müstəntiqlər xidmətkeçmə ilə bağlı qanuni şəkildə bu orqandan getdikdən sonra Vəkillər kollegiyasının üzv ola bilmirlər?

Gəlin vəkillik instutunu təkmilləşdirək. Azərbaycanda vəkillərin sayı çox azdır. Məhkəmə işləri isə çoxdur. Nümayəndəliyi ləğv etmək istəyiriksə, bu zaman vəkilliklə bağlı sahəni inkişaf etdirməliyik. Vəkillərin sayını artıraq vəkillik institutunda islahatlar aparaq, sonra Nümayəndəlik İnstitutunun ləğvinə baxaq". 


Deputat Qənirə Paşayeva da sənədə etiraz edib və bildirib ki, Azərbaycanda vəkillərin sayı çox azdır.

“Amma buna görə, Nümayəndəlik İnstitutunun ləğvi düzgün deyil”.

Vitse-spiker Valeh Ələsgərov qeyd edib ki, nümayəndəlik institutu olduğu müddətdə vəkillərin sayını artıra bilməyəcəksiniz:

“Çünki nümayəndə varsa vəkil niyə axtarılsın ki? Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.

Ali Məhkəmədə Mülki Kollegiya sədri Şəlalə Məmmədova isə deyib ki, təmsil etdiyi qurum 3 ilə yaxındır ki, Nümayəndəlik İnstitutu ilə bağlı ciddi araşdırmalar aparıb.

“Biz müzakirələr aparmışıq. Biz yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz Nümayəndəlik İnstitutunun fəaliyyətini məhdudlaşdırırıq. Ölkədə boşanmalar olur. Hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, o, buna cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada olur. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi olması qanunsuzdur”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri (Ramiz Rzayev) tərəfindən Milli Məclisə daxil olub. Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib.

Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər