23 sentyabr 2018, Bazar
Ana Səhifə - REPORTAJ - “Allah onu şəhid olmaq üçün saxlamışdı” - 23 yaşlı “Aprel şəhidinin HEKAYƏTİ - FOTOLAR  
“Allah onu şəhid olmaq üçün saxlamışdı” - 23 yaşlı “Aprel şəhidinin HEKAYƏTİ - FOTOLAR   +
01.11.2017, 14:56

 ...Cəbhə zonasında qızğın döyüşlərin getməsi xəbərini alandan sonra Zeynal Dəmirli evində qərar tuta bimədi. Artıq cəbhənin bu üzünə yaralılar və şəhidlərin gətirilməsi  haqqında da xəbərlər eşidilirdi. Əynini geyinib, evdən çıxdı. Bir vaxtlar  5 övladının oxuduğu Nizami adına məktəbin böyründən keçəndə “Birdən mənim də balalrımdan kimsə şəhid olar e... birdən Hüseyn şəhid olsa, neylərəm?” deyə düşündü. Sonra, əllərini Tanrıya açıb “Ay Allah, döyüşdə olan bütün əsgərlərə, mənim balalarıma da yardımçı ol, evlərinə salamat qayıtsınlar” deyə zikr etdi. Və ürəyinə gələn qara fikirə görə özünün qınadı da. Narahatlığının səbəbi o idi ki, həm oğlu Hüseyn və Rəsul, həm də qızının həyat yoldaşı Tofiq həmin günlərdə düşmənlə ön cəbhədə döyüşürdülər.

Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir...

Aprelin 3-də axşam oğlu Hüseynlə danışmışdı. Hüseyn də atasına gözaydınlığı verib demişdi ki, “gözümüz aydın olsun, Lələtəpə istiqamətindən düşmənə ağır zərbə vurub, susdurduq, Lələtpəni də geri aldıq... Hələ gözlə, şad xəbərlərimiz çox olacaq”...


Zeynal Dəmirli Təranə xanımla 1990-cı ildə ailə həyatı qurmuşdu. İllər ötdükcə, ailələrində sevinclər bir-birinin ardınca çoxaldı. 1992-ci ildə ailənin ilki Türkan, sonra bir cüt oğlu - Hüseyn və  Kamran dünyaya gəldilər. Sonra Rəsul ilə Rəhman doğuldu. Ailənin ən böyük var-dövləti övladları və onların sevincləri oldu.


Hüseynlə Kamran ailədə hamının diqqətini cəlb edirdi. Bu iki əkiz oğlan bir-birindən kənar gəzmir, yatanda da birlikdə yatırdılar. Anası Təranə xanım əkzilərini belə xatırlayır:


“Əkizlərdən birini Hüseyn, digərinə Kamran adı verdik. Sonra oxşatmaq üçün Hüseyni də “Orxan” çağırmağa başladıq. Ancaq sənədlərdə adı elə əvvəlki kimi qaldı.  Hüseyn Kamrandan yarım saat əvvəl doğulmuşdu deyə, elə həmişə də Orxanı (Hüseyni nəzərdə tutur) ondan böyük bilirdik. Yadımdadır, anam Hüseyni bələyəndə deyirdi ki, bu fərqli uşaq olacaq. Bədəni pəhləvan kimidir, bələmək olmur. Pəhləvanları gücdən salacaq. Okinin (əzizləmə mənasında Orxana “Oki” deyərmiş Təranə) bütün hərəkətlərini Kamran təkrar edirdi. Orxan Kamrana nisbətən çox dəcəl idi. Bir-birlərindən kənar gəzməzdilər. İkisinin də yataq otaqları bir idi. Bir yerdə yatar, bir yerdə durardılar. Saatlarla öz otaqlarına keçib, ordan çıxmazdılar. Onlarla bağlı o qədər xoş xatirələrim var ki...
Fələk məni yaman yerdə haqladı... Orxanımdan sonra xəstəliyə düşmüşəm. Onun itkisi bütün varlığımı, həyatımı alt-üst edib. Bütün sevinclərimiz onunla gedib. Deyirlər ki, əldəki 5 barmaqdan biri olmasa, çətin olur. 4 barmaqla əl hərəkət edir. Mənim 5 balamdan biri gedib, çətinlik bu dərdin yanında heç nədir. Mənim havam çatmır... Biləsuvardakı  Nizami Gəncəvi adına 4 nömrəli məktəbi də birlikdə bitirdilər. Ali məktəbə imtahan verdilər. Kamran qəbul olundu. Hüseyn ilk həyat imtahanından kəsildi. Əsgər getməli oldu. Kamran da institutdan möhlət götürüb, onunla birlikdə hərbi xidmətə yollandı.
2011-ci ilin 6 oktyabr günü onları hərbi xidmətə yola saldıq. 2013-cü ildə hərbi xidməti başa vurandan sonra, Kamran təhsilini davam etdirdi, Hüseyn isə yeməkxana götürüb işlətdi. Balaca  oğlum Rəsulu və Rəhmanı aldı yanına, Kamrana isə dedi ki, sən oxu.
Həmin ili yaza qədər işlədi, sonra tikintidə çalışdı. Sonra dedi ki, hərbiyə getmək istəyir. Getdi Bakıda Daxili Qoşunlara, amma boyu çatmadı.

2014-cü ildə mənim iradəmi qırıb, yenidən hərbi xidmətinə davam etdi. Müddətdən artıq  (MAXE)  xidmətə başladı.  Əslində dava başlayanda mən çox da narahat deyildim, fikirləşirdim ki, oğlum tankçıdır, ona heç nə olmaz. Tankın içərisində nə olacaqdı ki...
Aprelin 1-də isə üçüncü oğlum Rəsul Vətən qarşısında hərbi borcunu bitirib, evə dönməliydi. Onun gəlişinə 2 qoç qurbanlıq almışdıq, qonaqlığımız üçün hər cür bazarlıq edib, tədarükümüzü  tutmuşduq. Bu həyətdə qonaq gözləyirdik. Şənlik edəcəkdik. Aprelin 1-i Rəsul zəng edib dedi ki, “ana, bizim batalyonu aprelin 10-dan sonra buraxacaqlar. Narahat olmayın”.
Aprelin 3-də isə Okiylə danışdım. Telefonda qurbağa qurultusunun səsini eşitdim. Dedim, oğul hardasan? Dedi, “ana çöldəyik, narahat olma, hər şey yaxışıdır”. Sonra dedi ki, “ana, mənim qurbanım var, bəlkə onu kəsəsən”. Dedim qayıdıb gələrsən, yayda  kəsərəm. Dedi ki, xeyli irəli gediblər, qələbə qazanıblar. Sevincək dedim ki, “ay oğul, özünü darıxdırma, Tofiq də irəlidədir, ay Vətən oğlu, ay el oğlu”. Ona hər zaman deyirdim ki, tankın içərisindən çıxma. Sanki qoruyurdum onu. Deyirdi ki, ölüm hər yerdə gəlir. Həmin gecəni yata bilmədim”.

“Allahın lütfü idi, nuru idi mənim mələk balam”- deyib sızıldayır Təranə xanım:


- Həmin ili fevral ayında məzuniyyətə gəlmişdi. Geri qayıtdığı gün yoluna kotlet bişirdim. Tədarük gördüm. Heç nə aparmadı. Dedi ki, “ana, orada elə oğlanlar var ki, evindən heç nə gəlmir. Mən bu yeməkləri onların yanında yeyə bilmərəm və  birinə versəm, digərinə çatmasa, deyəcəklər ayrı-seçkilik edir”.

Tutduğum yük dolu çanta  elə stolun üstündə qaldı. Fevralın 28-də onu darvazadan yola salanda, “Nə tez keçdi günlər”- dedi. Darvazadan ayrılandan xeyli sonra  3 dəfə dönüb məlul-müşkül geri baxdı. İndi hər dəfə darvazadan onun getdiyi yola baxıram. İndi onu yola saldığım həmin gün neçə dəfə kino lenti kimi gözümün önünə gəlir. Yol uzanır gedir, ayılanda oğlumu görmürəm o yolda... Oğlumun gəldiyi yollar boşalıb... Orxanımı Allah iki dəfə qəzadan qurtarmışdı. Bir dəfə hərbi xidmətdə olanda tank aşmışdı. İçəridəkilərə heç nə olmamışdı. Bir dəfə də ezamiyyətə gələndə, dostu ilə birlikdə qəzaya düşmüşdülər. O maşından necə sağ çıxmasına hamı məttəl qaldı.  Demək Allah onu şəhid olmaq üçün saxlamışdı. Biz kimik ki, şükür o göyədki Tanrının yazdığı qismətə. Bir dəfə mənə dedi ki, “şəhid olsam, sən də qəhrəman ana olacaqsan”.  Döndüm,  hirslə üzünə baxdım, dedim ki, “Orxan o nə sözdür dedin mənə?. Sən olmayandan sonra o qəhrəman analığı neyləyirəm?”.

Son dəfə iş yerinə qayıdanda paltarlarının əksəriyyətini Kamrana verməyimi tövsiyə etdi. Dedi ki, “ana, onsuz da mən daha çox hərbi paltarda oluram, Kamran oxuyur, qoy o geyinsin”.


Türkan Dəmirovlar ailəsində dörd qardaşın 1 bacısıdır. Həyat yoldaşı Azərbaycan Milli Ordusunun zabiti olduğundan, əslində Türkanın özü də bir əsgərdir. Çünki, hər dəfə Tofiqin iş yeri dəyişiləndə, ezamiyyətə göndəriləndə, o da iki övladını götürüb, əri ilə həmin yerə köçürlər.  Deyir ki, “mən elə bilirdim, qardaşlarıma, həyat yoldaşıma heç nə olmaz. Çünki ən çox güvəndiyim  ailə üzvlərim Vətənin keşiyi çəkirlər”.


– Həmin günlərdə atamın evinə gəlmişdim ki, əsgəliyini bitirəcək qardaşım Rəsulu qarşılayaq.
Martın  26-sı həmişəki kimi həyat yoldaşımı yola salırdım. Ancaq içərimdə bir narahtlıq var idi, nəsə özümdə deyildim. Qonşu gəlin bizə gəldi. Narahtçılığımı görüb dedi ki, nə olub ki, nə baş verib. Ağlamağa başladım. Həmin döyüş günlərində isə yoldaşım Tofiqə zəng çatmadı. Narahtlığım daha da artdı.  İki gün sonra  eşitdim ki, ermənilər bizə qarşı təxribat hazırlayıb. Və Ordumuz hücumun qarşısını alıb. Sonra bir dəfə Tofiqlə danışdım. Dedi ki, “gecə-gündüz dua edin. Sizin dualarınız bizi qoruyacaq”.
Gecə-gündüz   əllərim havada Allaha dua edirdim ki, ailə üzvlərim, Azərbaycan Ordusu itkilər verməsin... 
Hərbçi olmaq Hüseynin uşaqlıq arzusu idi. MAXE keçəndən sonra bizimlə çox yaşadı. Beyləqandakı hərbi hissədə yaşadığımız məhəllədə kimsə onun necə gəlib-getdiyindən xəbər tutmadı. Cavan oğlan olsa da, bir dəfə  başını qaldırıb qızların üzünə baxmadı. Özü qızdan həyalı idi.  Məni “Tutu” deyə çağırırdı qardaşım. Mən anamın taleyində olan qırıqlığı yaşayıram indi. Anam da 4 qardaşın bir bacısıdır. Bu uşaqlar əkiz doğulanda dayım Eldəniz Nəzərov könüllü kimi Qarabağ döyüşlərinə yazılmışdı. Döyüşdən salamat qayıdıb gəldi. Ancaq 2000-ci ildə avtoqəzaya düşüb öldü. Uşaq idim, anamın nələr çəkdiyini görürdüm, elə də anlamırdım.
Ancaq indi bilirəm ki, anam necə yanıb-qovrulurmuş. 
İndi Kamranın gözünə baxa bilmirəm, bizim sıramız, səfimiz  azalıb, Kamranın isə yarısı gedib. Uşaqlıqda Orxan çox nadinc idi. Ən çox sevdikləri yer divarların küncünə keçib oynamaq idi. Bir dəfə evdəki televizorun arxasına keçib, onu aşırmışdılar. Bir dəfə də Moskvada dayımgildə olanda onların televizorunu eləcə aşırmışdılar. Həmin vaxtı bunların 3-4 yaşları olardı. Dayım evə zəng edir, telefonu Oki (Hüseyni nəzərdə tutur.- A.E.) götürür, dayım ondan soruşur ki, bala evdə kim var? Oki deyir ki, evdə heç kim qalmayıb, hamımız gəlmişik bura.

Sonralar bu cavabı lətifə kimi danışıb-gülərdik. Böyüdükdən sonra, harda çətin iş oldusa, özünü irəli verdi. Elə bil ki, böyüməyə tələsirdi. Hər zaman daxilində bir yaxşılıq və bir də ki, qəhrəmanlıq hissi yaşadırdı. Anam da, mən də qardaşlarımın əsgər getməsindən, Vətənə xidmət etmsindən qürur duymuşuq. Onları xidmətə yola salanda gözlərimizdə yaş gilələnməyib. Fikirləşmişik ki, oğul Vətən üçündür.  Qardaşımın şəhid olması xəbərini isə mənim qaynım gətirdi. Anamın səsi  aləmi başına götürdü. Anamı heç zaman elə görməmişdim.
Gecə qardaşımın tabutunu gətirəndə, anam haray çəkə-çəkə tabutun qarşısına çıxıb: “Oğul, evinə xoş gəlmisən” dedi.


Hüseyn Dəmirlinin əkiz tayı Kamran deyilənlərə görə, qardaşının eynidir. Bir-birlərindən heç nə ilə fərqlənmirlər. Lakin ana və doğmalar üçün hər oğulun öz yeri var idi. Kamran Azərbaycan Dövlət  Neft və  Sənaye Universitetini 2017-də bitirib. Əkizlər üçün bir-birindən ayrılmaq çox çətin olur. Kamran da indi elədir. Hər yerdə qardaşını gəzir, arayır:


- Biz 2011-ci ildə hərbi xidmətə yollanmışdıq. Andiçmə mərasimi oktyabrda oldu, lakin  hava elə soyuq idi ki, külək damları-ağacları uçururdu. Buna görə də andiçməyə həmin gün az adam gəldi. Hava şəraitinə görə tədbir 10 dəqiqə çəkdi. Hüseyn həmin gün xəstələnmişdi. Qızdırmanın içərisində yanırdı. Bütün əsgərlər kimi, biz də hava şəraitinə baxmayaraq, valideynlərimizin gəlməsini gözləyirdik. Pəncərədən baxanda ata-anamın gəldiyini gördüm. Yavaşca qardaşımın yatağına yaxınlaşıb dedim ki, deyəsən atagil gəliblər. Biz kimsəyə bildirmədən otaqdan çıxdıq ki, valideynləri gəlməyən uşaqlar məyus olmasınlar. Çox vaxt bizi əsgərlər və zabitlər dəyişik salırdılar. Qoşa çarpayıda yatırdıq. Bizi bir birimizdən ayırmırdılar. Həm də xidmət etdiyimiz yerdə  rəhbərliyin də, əsgərlərin də hörmətini qazanmışdıq. Biz hətta eyni vaxtda  xəstələnirdik. Bir dəfə hərbi hissədə xəstələnmişdik. Qrip olmuşduq. Onun boğazının və sifətinin sağ tərəfi, mənim isə sol tərəfim şişmişdi.

Həmin aprel günlərində isə mən dərsdə idim. Artıq  Ordumuzun hücuma keçməyindən, qardaşımın ön cəbhədə olmasından xəbərdar idim. Bir-birimizlə danışığımız belə olmuşdu ki, o sona qədər mənə zəng edəcək. Bir zəng səsi ilə onun sağ-salamat olduğunu bilirdim.
Aprelin 3-dən sonra zəng etmədi. Fikirləşdim ki, yəqin telefonunun batareyası yatıb. O məndən güclü idi, mən onu özümdən böyük sayırdım, həm dostum, həm qardaşım idi.
Hərbi hissədə o dəfələrlə təşəkkür məktubları almışdı. Mən isə onun uğurlarına sevinirdim. Heç doymadım qardaşımdan... yarımçıq kimiyəm, elə bil bir tərəfim yoxdur. 
Bacım Türkan deyir ki, bir dəfə onu nənəmgil kəndə aparırlar. Eyni vaxtda hər ikimiz ağlamağa başlamışıq, bu hadisədən sonra bizi bir-birimizdən kimsə ayırmadı. Biz bir-birimizdən ayrı dura bilmirdik. Sonra mənim yolum təhsilə, onun yolu hərbi xidmətə ayrıldı. Ancaq ki, mənəvi baxımdan bir-birimizin varlığını hiss etməyimiz bizim yaşam tərzimiz idi. İndi Rəsulu onun yerinə qoymuşam. Rəhman qardaşımın isə 17 yaşı var. Çalışacağam ki, mən də onun oxumasına yardım edim.

Həmin günü isə  dərsdə çox narahat idim. Özümə yer tapa bilmirdim. Qrup yoldaşım olan bir qız gəlib “Biləsuvardan üç şəhid var” dedi.  Siyahıya baxdım, kimsəni tanımadım. Qardaşlarımın da adını görməyəndə, sevindim təbii ki... Fikirləşirdim ki, qardaşım həm artilleriyaçıdır, həm də tankçıdır. Ona heç nə olmaz. Rəsul isə başqa istiqamətdə xidmət edirdi. Günortadan  sonra evə gəldim. Uzandım ki, yatam. Adətən günbatan vaxtı yatmıram. Ancaq key kimi idim. Yuxu məni aparırdı. Yerimin içində də rahat ola bilmədim. Əmim oğlu otağa girib dedi ki, telefonun zəng çalır. Əslində oyaq idim. Telefonun səsini eşitməmişdim. Baxdım ki, qohumlar, bacım zəng vurub. Bacıma zəng etdim, telefonunu başqası açdı.  Dedilər ki, atamın qoca əmisi rəhmətə gedib. Əmim oğlu ilə taksiyə minib, Biləsuvara gələndə, yolda artıq xəbərimiz var idi hadisədən. Yol boyu Allaha yalvarırdım ki, kaş yol getdiyim avtomobil qəza törədə və mən də ölüm. Çünki qardaşımın yox olmasını, ölüm xəbərini qəbul etmək istəmirdim. Biz onunla belə danışmamışdıq. Bizim bir-birimizə etibarımız var idi. Axşam  mən evə çatanda gördüm ki, həyətimizdə qardaşımın tabutu qoyulub, səs-küy idi. Aləm bir-birinə qarışmışdı. Dizlərim taqətdən düşdü, səntirlədim, yıxılmamaq üçün divara söykəndim... Qardaşsız adam belə olur, haraya yıxılacağını bilmir.

Səhəri gün Rəsul gəldi cəbhədən. Bir dəfə Rəsulun bir əsgər yoldaşının atası rəhmətə getmişdi. Qara xəbəri ona verəndə, Rəsul dostunun düşdüyü ağır vəziyyəti görüb, əllərini Allaha açıb deyib ki, “Ay Allah məni belə imtahana, sınağa çəkmə...”.
Görünür, Allah duaları həmişə eşitmir. Rəsulun duaları, bacımın-anamın duaları qəbul olunmadı...


Qardaşımla cəbhədə vuruşan oğlanlar dedi ki, Lələtəpə geri alındıqdan sonra, bir neçə saatlıq sakitlik yaranıb. Bunlar da ac olduqlarından tankın içərisindən çıxıblar ki, bir az yemək yesinlər. Qarşı tərəfdəki düşmən nişan alaraq, onların oturduğu yerə mərmi atmışdı, qardaşım və cəbhə dostları orada həlak olmuşdular. Qardaşım və onunla xidmətdə olan digər xüsusi təyinatlı əsgərlərdən bir neçəsi həmin döyüş ərəfəsində komandirə deyiblər ki, “ön cəbhəyə ailəli gizirləri  göndərməyin. Biz subayları göndərin, onların balalarının gözləri yoldadır. Bizi isə evdə uşaq gözləmir”.



Milli Ordunun şəhid olan hərbi qulluqçusu Hüseyn Dəmirlinin atası Zeynal Dəmirli isə oğlunun şəhidliyindən sonra, ürəyi sakit olsun deyə, onun həlak olduğu Lələtəpəyə gedərək, həmin təpədə ucalan bayrağın qarşısında baş əyib. Oğlunun və 18 nəfərin şəhid olduğu Lələtəpə yüksəkliyində şəhid qanları tökülən torpağın üstündə oturub, onların qanlarının istisini hiss etmək istəyib. Şəhid və qazi qanları ilə suvarılan o torpağın havasını ürəyinə çəkib. Yalnız Lələtəpəni görəndən sonra, Zeynal kişi nisbətən sakitləşib. Ürəyi ilə isə hələ də bacara bilmir. Bizimlə söhbət edərkən, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu desə də, Kamranı yarımçıq görmək onu çox sıxır. Və bir də ki, yaşadıqları bu həyətdə Orxanın izləri var. Hara dönürsə, oradan bir  Orxan-Hüseyn xatirəsi boylanır.

Vəsiyyətim budur sənə, can ana,
Yana-yana göz yaşların axmasın.
Mən necə qıymayım Vətənçün cana,
 “Balam” – deyib cənazəmi ağlama.
 

Hər Tanrı bəndəsi çatmaz bu ada.
 Torpağa dönəcək hamı dünyada.
Analar ağlamaz   ŞƏHİD övlada,
“Oğul” – deyib, cənazəmi ağlama.
 

Aman istəmədim mən düşmənimdən,
Vurdu  sinəmdəki mərd ürəyimdən.
Yara almamışam bil kürəyimdən,
“Heyif”-  deyib cənazəmi ağlama.
 

Mərd vuruşdum,mərd yaşadım cahanda,
Düşmənimə bac vermədim meydanda,
Anam,  məni məzara tapşıranda,
“Hanı balam” ,- deyib,  belə  ağlama.   

(şerin müəllifi: İlhamə Məhəmmədqızı) 



Bu da 23 illik ömrü yarımçıq qalan vətənpərvər bir oğulun hekayəti idi.  İllər dolanıb, qərinələr keçəcək, o şəhidlərin qəhrəmanlığı isə heç vaxt yaddan çəımayacaq, unudulmayacaqlar, bu Vətənin o qədər qeyrətli anaları, kişiləri var ki, onlar unudulmağa  qoymayacaqlar.  

Vətənimizə şərəf gətirən, Tanrı dərgahında  dayanıb, QƏLƏBƏ xəbərini gözləyən şəhidlərimizin içərisində Hüseyn Zeynal oğlu Dəmirli də var. O şəhid olanda  yaşı  23 idi. 24 yaşını avqust ayının 4-də tamam edəcəkdi. İndi Dəmirlilər ailəsində Kamran və Hüseynin (Orxanın) doğum günü deyil, eləcə Hüseynin xatirə günü keçirilir. Təranə xanım isə hər gün darıxır. Bəzən də oğlundan qalan paltarlarını qucaqlayıb yatır, o zaman onun qəhrəman Okisi yuxusuna gəlib, anasına təsəlli verir, göz yaşlarını silir.

  


Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İraqda ilk dəfə qadın prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda ilk dəfə qadın prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Yağan yağış normadan artıqdır - RƏSMİ
23.09.2018, 12:51

Yağan yağış normadan artıqdır - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...
23.09.2018, 12:28

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

Balakəndə ev yandı
23.09.2018, 09:34

Balakəndə ev yandı

Azərbaycana payız gəldi
23.09.2018, 09:28

Azərbaycana payız gəldi

Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

ARXİV