Modern.az

“Ad günüm heç gözümə də görünmür” - 78 yaşlı Məmməd İsmayıl  

“Ad günüm heç gözümə də görünmür” - 78 yaşlı Məmməd İsmayıl   

1 Noyabr 2017, 16:34

Bu gün çağdaş Azərbaycan poeziyasının ən tanınmış imzalarından biri, hazırda Türkiyədə çalışan şair, professor Məmməd İsmayılın 78 yaşı tamam olur. 1939-cu ilin bu günündə dünyaya gələn Məmməd İmayıl poeziyası ilə yanaşı, Azərbaycan cəmiyyətinə həm də bir zamanlar rekord tirajla çıxan “Gənclik” jurnalının və AzTV-nin sabiq sədri kimi yaxşı tanışdır.

Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru olan M.İsmayıl ad günün təəssüratlarını Modern.az-la bölüşüb:

“Dünəndən bu yana istər internet ünvanıma, istərsə də telefonuma sayı-hesabı bilinməyən təbriklər gəlir və gizləmirəm, bu, məni qürurlandırır.

Təkrar olsa da, deyim ki, insan hər gün ən yaxın adamlarından belə,  sevgi və təsdiq sözləri eşitmir. Səndən bir köynək aralı insanların sənə sevgisi Tanrı lütfüdür.

Saytınız vasitəsilə bütün könül dostlarıma - sonsuz sevgilərinə sonsuz təşəkkürünü bildirirəm. Allah mənə bir bu qədər sevgiyə layiq olmağıma yardım etsin.

Dünyamız nə yazıq ki, çox çətin bir dönəmdən keçir. Elə bir təsəvvür yaranır ki, dünyaya Tanrısal güclər yox, şeytani güclər hakim kəsilib.

Yeni dünyanın bir zamanlar tərtəmiz olan aurası şeytani güclərin nəfəsiylə dolub-daşır. Dünyanın çeşidli yerlərində olan zəlzələlər, daşqınlar, ölümlər, qanlar  Yer kürəsinin- dünyanın şeytani auraya olan etirazıdır.

Ağlı başında olan adamın bunları görə-görə rahat olması nə qədər mümkün ola bilirsə, mən də bir növ, o vəziyyətdəyəm. İnanın ki, bütün bunları  düşünə-düşünə ad günüm heç gözümə də görünmür.

Başını itirən dünyamızda bu gün “ərmişlərə”- Atatürklərə, Rəsulzadələrə, Qandilərə,  Mandellalara elə böyük ehtiyac var ki…

Əgər Məmməd İsmayılın ədəbi və həyati fəaliyyəti mənsub olduğu toplumu bir buğda dənəsi boyda irəli aparmırsa, o zaman bu ad günü təriflərinin bir anlamı da qalmaz”.


E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir