Modern.az

“Qoca” ləqəbli qaçan məhbus atışmada öldürüldü

“Qoca” ləqəbli qaçan məhbus atışmada öldürüldü

2 Noyabr 2017, 09:28

Bakı- Astara - Bakı qatarının xüsusi təyinatlı vaqondan qaçmış 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov ötən gecə baş vermiş silahlı insident zamanı öldürülüb.


Modern.az xəbər verir ki, faktı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.



Bakının Qaradağ rayonunda gizlənən Etibar Məmmədovun saxlanılması zamanı atışma baş verib. O və bir neçə yaxın adamı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmaq istəməyərək, silahlı insidentə səbəb olublar.


Baş Prokurorluğun mətbuat xidməti hadisə ilə bağlı geniş məlumat yayacaq.


Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulmuş, Etibar Məmmədov isə axtarılırdı.


Qeyd edək ki, "Qoca" ləqəbli E.Məmmədov tanınmış müğənni Fədayə Laçının sevgilisidir. Onun qaçmasına kömək etdiyinə görə Fədayə Laçın da həbs olunub. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı