Modern.az

Dinə görə hansı rəngdə geyim haramdır? - “Qara rəng məkruh sayılır, al-əlvan isə bəyənilmir”  

Dinə görə hansı rəngdə geyim haramdır? - “Qara rəng məkruh sayılır, al-əlvan isə bəyənilmir”   

2 Noyabr 2017, 14:08

İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Bir çox hallarda belə deyirlər...
Geyim bir mədəniyyət olduğu üçün əksəriyyət onu xüsusi nəzərdə saxlayır. Amma bəzi insanlar cəmiyyətdəki statusuna görə, daha diqqətli olmalıdır. Məsələn, adətən əksər dindarların sadə geyimdə olduğunu müşahidə etmişik. Lakin bəziləri geyimlərində fərqlənməyə ya üstünlük verir  ya da buna əhəmiyyət vermir. Xüsusilə libaslarının  rənginə görə  seçilən dindarlar  ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Tutaq ki, geyimlərində qırmızı , çəhrayı və bu kimi rənglərə üstünlük verən dindarları görsəniz, necə reaksiya verərsiniz? Hər halda bu, normal qarşılanmaz.

Bəs İslam dininin rənglərə münasibəti necədir? Dindarlar necə geyinməlidir?

Məsələ ilə bağlı  “Məşədi Dadaş” məscidinin imam-camaatı hacı Şahin Həsənli  Modern.az-a açıqlama verib:

“Dinin geyimlə bağlı ümumi göstərişlərinə əsasən, insanın  geyimi səliqəli və təmiz olmalıdır. Öz yaşadığı mühitdə çox seçilməməlidir. Yəni  sadə olmaqla yanaşı, təmiz və zamanın tələblərinə uyğun şəkildə geyinməlidir.

 Əlbəttə, müxtəlif rənglərlə bağlı da peyğəmbərlərimizin hədisləri var. Məsələn, ağ rəng tövsiyə edilən rənglərdəndir. Çünki bu rəng təmizkarlığı təmsil edir. Ağ geyimdə insanın yüksək əhval-ruhiyyədə olması təmin olunur. Yəni hər kəs həm yaxşı geyinməli, həm də ətirlərdən istifadə etməlidir ki, gözəl görüntüsü olsun. Lakin dindarlar təmtəraqlı, nəzərə çarpan rəngli geyimlərdən istifadə etməməlidir. Bu məsələdə onlar orta  həddə riayət etməlidir. Təbii ki, rəng seçimi insanın öz zövqünə uyğun tənzimlənə bilər.

Eyni zamanda, qara geyim dinimizdə məkruh hesab olunur. Düzdür, matəm günlərində, həmin vaxtın əhval-ruhiyyəsinə uyğun olaraq  qaya geyinirik. Lakin  ümumilikdə dində açıq rənglərin istifadəsinə üstünlük verilir.  Çünki insanın üst geyimi onun əhvalına da təsir edir. İnsan qəm-qüssədən uzaq olmaq üçün açıq  rənglərdən istifadə etsə, bu,  daha bəyəniləndir”.


Müsahibimiz qeyd edib ki, dinimizdə hacıların geyimi ilə bağlı ayrıca hədislər yoxdur:

“İnsanı gülüş obyektinə çevirən və ya mənasız yerə diqqəti özünə cəlb edən geyimlərdən uzaq durmalıdır. Məsələn, dinimiz qadınların  al-əlvan rənglərdən istifadəsini bəyənmir.  Çünki bu, özünə diqqət cəlb etməklə nəticələnir. Ümumiyyətlə, burada konkret meyar insanın orta həddə əməl etməsi və geyimi şan-şöhrət vasitəsinə çevirməməsidir. Yəni dindarlar, o cümlədən digər şəxslər öz statusuna, cəmiyyətdəki mövqeyinə uyğun geyinməlidir.  Libası fəxr vasitəsinə  çevirməməliyik. Dindarlar ifrata qaçmamalı və  geyimləri ilə insanlara nümunə olmalıdır.

Digər tərəfdən, Həcc ziyarətinə gedənlər müqəddəs məkanı ziyarət etdiklərinə görə, hörmət qazanır və bu da əlavə məsuliyyətdir. Bu baxımdan hacıların səhv hərəkətləri ziyarətin özünü kölgə altına alır və Həcc haqqında mənfi fikirlər yarada bilir. Amma dinimizdə hacıların geyimi ilə bağlı ayrıca hədislər yoxdur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir