Modern.az

“Allaha güvənmək lazımdır...” - Nüvə müharibəsinin qarşısını alan növbətçi zabit

“Allaha güvənmək lazımdır...” - Nüvə müharibəsinin qarşısını alan növbətçi zabit

2 Noyabr 2017, 22:36

1983-cü ilin sentyabr ayında baş vermiş bu hadisə adi bir yanlışlıq ucbatından 3-cü Dünya müharibəsinin başlanmasına səbəb ola bilərdi. SSRİ Müdafiə nazirliyinin “Serpuxov-15” adlandırılan məxfi hərbi hissəsinin növbətçi zabiti Stanislav Petrovun sentyabrın 25-dən 26-a keçən gecə “təlimata uyğun olmayan” verdiyi qərar, məhz həmin gecə dünyanı nüvə fəlakətindən xilas edib.

Modern.az saytı sovet dönəmində baş vermiş və uzun illər gizli saxlanılmış bu olay haqqında yazını təqdim edir.

Sözügedən hərbi hissənin təyinatı SSRİ – ABŞ arasında münasibətlərin heç də isti olmadığı bir dövrdə Amerikanın hava hücumu qüvvələrinə nəzarət olub.

Podpolkovnik Stanislav Petrov axşam saat 8-də növbəni qəbul edib. Növbətçi hissədə yerləşən bütün rabitə və kompüter sistemləri yoxlanılıb, bütün müdafiə və xabərdarlıq sistemini əks etdirən M-10 monitorunun sazlığına xüsusi diqqət yetirilib. Və jurnalda növbətçi hissədə hər şeyin qaydasında olduğu qeyd edilib.

 

Sakit başlayan növbə bir-neçə saatdan sonra həyəcanlarla müşayiət olunub. Belə ki, artıq sentyabrın 26-da 00.15 dəqiqədə sistemdə qırmızı rəngdə “START” sözü görünüb. Ba artıq Amerikanın nüvə başlıqlı ballistik raketinin startı demək idi. Bir neçə dəqiqədən sonra 2-ci raketin buraxılması monitorda öz əksini tapıb, daha bir neçə dəqiqədən sonra isə ABŞ-ın üçüncü raketi manitorda görünüb.

 

Təlimata uyğun olaraq əks tərəfdən gələn raket hücumunu növbətçi zabit qeydə aldıqdan dərhal sonra rəhbərliyə məruzə etməli idi. Qeyd edək ki, növbətçi hissədə SSRİ-nin müdafiə naziri və DTK sədri ilə birbaşa məxfi kodlaşdırılmış rabitə əlaqəsi olub. Bu cür vəziyyət yarandıqda növbətçi zabitin məruzəsindən sonra 40 dəqiqə ərzində qarşı tərəfə elə “raket”lə də cavab verilməli idi. Petrov əmin idi ki, onun məruzəsindən sonra SSRİ rəhbərləri nüvə silahlarının düymələrini dərhal basacaqdılar.  Bu isə atom bombasının Amerikaya atılması demək idi.

 

Növbətçi zabit bunu nəzərə alaraq məsuliyyəti öz üzərinə götürüb və məruzə etmək üçün tələskənliyə yol verməyib. Təcrübəsinə və biliyinə güvənərək sistemdə problem yaranmasını, siqnalların yanlış olmasını ehtimal edib. Bu olduqca böyük bir risk idi. Çünki əks təqdirdə bu SSRİ ərazisinə üç atom bombasının düşməsi ilə nəticələnəcəkdi.

 

Amma yox, podpolkovnik öz ehtimallarında yanılmayıb və gərgin dəqiqələr, təhlükə ötüşdükdən sonra o dizlərini yerə qoyaraq əllərini göyə açıb: “Allaha güvənmək lazımdır”.

 

Bu hadisə haqqında SSRİ dövründə bir cümlə də olsa mətbuatda yazılmayıb. Stanislav Petrova bu hadisəyə görə heç “sağ ol” da deməyiblər. Əksinə, rəhbərlik onun şəxsi işinə bir təhmət də əlavə edib.

 

Amma SSRİ dağıldıqdan sonra təkcə Rusiyada deyil, xarici ölkələrdən də dünyanı nüvə fəlakətindən xilas edən zabitlə maraqlananlar çox olub.

 

2006-cı ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərərgahında Stanislav Petrova “Nüvə müharibəsinin qarşısını alan insan” adlı xüsusi mükafat təqdim olunub.

Göstərdiyi bu qəhrəmanlığa görə Petrov Fransa və Almaniyanın müxtəlif mükafatlarına da layiq görülüb.

Onun haqqında “Dünyanı xilas edən adam” adlı sənədli film də çəkilib.

 

Bu hadisədən bir il sonra, 1984-cü ildə  Stanislav Petrov ordu sıralarından tərxis olunub. Ömrünün sonuna kimi Moskva vilayətinin Fryazino şəhərində yaşayıb.

Dünyanı nüvə fəlakətindən xilas edən növbətçi zabit Stanislav Petrov 2017-ci ilin may ayında 77 yaşında vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər