Modern.az

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... Erməni qızının şıltaqlığı... - DAVAMI  

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... Erməni qızının şıltaqlığı... - DAVAMI   

3 Noyabr 2017, 10:27

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Erməni missiyasında müsəlmanlar əsas hədəfdir...


Bahadır mahud almaq fikri ilə bir mağazaya girir. Mağazanın sahibi Bahadırdan nə almaq istədiyini soruşur. Bahadır qara rəngdə mahud istədiyini söyləyir. İki arşın mahud aldıqdan sonra mağaza sahibi Bahadıra sual verir ki, siz studentsinizmi? O cavab verir ki, bəli. Daha sonra mağaza sahibi soruşur:

–       Sizin yoldaşlardan burada çoxdurmu?

–       Xeyr, ancaq üç nəfərik.

–       Bəs sizlərdən heç müsəlman varmı?

–       Bəli, ancaq bir müsəlman var.

–       Siz buyurduğunuz şəxs farsca bilirmi?

–       Bəli, bilir.

–       Bəs nə vaxt siz zəhmət çəkib məni onunla aşna edərsiniz?

Bahadır bir az fikirdən sonra cavab verdi:

–       Məlum ola ki, o student mənəm, sizin qulluğunuzda durmuşam.

–     Çox gözəl oldu ki, mən sizinlə aşna oluram – Yusif, deyib Bahadıra əl verdi.

Beləliklə, Sonanın atası, mağazanın sahibi Yusif müsəlman studentlə ona görə maraqlanır ki, qızına fars dilini öyrədən adam tapsın. Onun qızı türkcə, rusca, fransızca bilir, indi isə farsca öyrənmək istəyir. Yusif Bahadırla tanış olduqdan sonra onlar razılaşırlar ki, fars dilini Sonaya Bahadır öyrətsin. Əsərdən oxuyuruq ki, Bahadırı bu suallar məşğul edir: “Bu millətə (yəni erməniyə – B.X.) təəccüb etməlidir! Erməni qızı neçin farsca oxusun? Neçin türkcə bilsin?..” Əgər bu sualın bir cavabı bu qızın ömrünü qələm işlətməklə millətinin yolunda cürütməsidirsə, başqa cavabı da vardır. Ömrünü qələm işlətməklə millətinin yolunda cürütməsi barədə əsərdə yazılır: “... 15 yaşında firəng və rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyidi ki, ömrünü qələm işlətməklə millətinin yolunda cürütsün...” Ancaq başqa bir tərəfdən isə Yusif payız fəslində Tiflisdən Məngilisə köçmüşdü və burada “Sona üçün günlər nəhayətdə qəmgin keçirdi, bir dost-mehribanı yox idi”. Daha sonra əsərdən oxuyuruq: “İti covğunlardan sonra yaz fəsli gəldi. Məngilis yaşıl məxmərlə bəzəndi və Sonanın ürəyi qəfəsdən çıxan bülbülün ürəyinə bənzərdi. Yay aralığa gəlib xalq yavaş-yavaş Tiflisdən Məngilisə köçdü. Bir az zamanda Sona özü üçün həmsöhbət tapdı. Gününü gah bağlarda və gah meşələrdə keçirirdi. Məngilisin yay fəsli Sonanın nəhayətdə xoşuna gəldi...” Deməli, ömrünü qələm işlətməklə milləti yolunda cürütmək istəyində olan qız həm də həmsöhbət axtarırdı. Məhz Sonanın farsca öyrənmək istəyində olması onun darıxması, həmsöhbət tapa bilməməsindən də irəli gəlirdi. Digər bir məsələ də ermənilərin və erməni qızının türk dilini, fars dilini öyrənməklə millətlərin ən incə, ən zərif yerlərini bilmək, bu istiqamətdə fəaliyyət göstərərək istəklərinə nail olmaqdır. Hətta Sonanın müsəlmanların hər yerdə tənəzzüldə yaşamasının səbəbi guya islamın özündədir deməsi də təsadüfi deyildir. Onun bu mövqeyində xristian xisləti ilə islam dininə yanaşmasını da unutmaq olmaz. Sona Bahadırdan xahiş edir ki, ondan heç nəyi gizlətməsin. Onun bu fikirdə olmasının bir səbəbi Bahadıra olan səmimiyyətdən, sevgidən irəli gəlirsə, digər bir səbəbi də türk-müsəlman millətinin mental cəhətlərini, çatışan və çatışmayan xüsusiyyətlərini öyrənmək istəyindən yaranır. Həm də islam dininə Sonanın şübhəli münasibətləri açıqca görünür. Məsələn, Bahadır millətin elmdən qaçaq düşməyərək irəli getməsini söyləyir. Sona isə bu yolda ruhanilərin çalışmalarını vacib sayır. Bunun müqabilində Bahadır deyir: “ – Bəli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yəni molla nə desə xalq ona əməl edir. İslamın və millətin evini yıxan bu deyilmi? Müsəlman filosoflarından biri deyir: “Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz”. Bununla da Bahadır dinə kölgə salanları, islamın və millətin evini yıxanları tənqid edir. Bu zaman Sona deyir: “... Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba? Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir”. Sonanın “Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir” fikri haqlı olaraq Bahadırı qane etmir. Hiss olunur ki, erməni qızı Sona bir xristian olaraq islam dininə şübhə ilə yanaşır. Odur ki, Bahadır ona deyir: “ – Sona xanım! Zahirdə həqiqət belədir, görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım gəlir: hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə həmişə düşmən olublar, yəni tərəqqi yolunu mümkün olan qədər millətin özünə bağlı qoyublar. Lakin bu məsələdə xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da, fəqət padşahlar və dövlət ruhanilərlə müdam, müharibədə bulunublar. Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyiblər”. Deməli, Bahadır Sonaya anlatmaq istəmişdir ki, zahirdə islam elmin inkişafına manedir, ancaq bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Belə ki, bütün millətlərdə ruhanilər dünya elmlərinə düşmən olublar. Ancaq müsəlmanlarda fərqli olaraq xristian aləmində ruhanilər elmlərə düşmən olsalar da, padşahlar və dövlət onlarla müharibə edilər. Ona görə ki, xristian aləmi bilibdir ki, ruhanilərin elmə düşmənçiliyi camaatı qaranlıqda, cəhalətdə saxlaya bilər. Onlar isə xalqın, camaatın qaranlıqda, cəhalətdə qalmasını istəməmişlər. Bununla da Bahadır Sonanı başa salmaq istəmişdir ki, müsəlmanların tənəzzülü islam dini ilə bağl deyil, bu, müsəlmanların və islamın evini yıxan bir qrup ruhanilərlə, mollalarla əlaqədardır. Bir sözlə, Bahadır erməni qızı Sonaya başa salmaq istəmişdir ki, islam heç zaman tərəqqiyə və elmə düşmən olmamışdır. İslam dinində heç bir günah yoxdur, günah bu dini intişar edənlərdədir. Bahadırın Sonaya dediklərindən bir bədii detal: “İslam həqiqət, tərəqqiyə, yəni elmə düşmən olsaydı, Bəni-abbasilər İspaniyada olan vaxt tərəqqi yolunda bulunmazdılar; haman ərəblər və haman islam! Əcəba, nə səbəbə o vaxt islam onların elm yolunda tərəqqilərinə mane olmurdu?.. Öz uşaqlarını həlak edən, murdar olmuş heyvanların ətini yeyən, oğurluq, quldurluq ilə dolanan, bir Allahın yerinə min dörd yüz bütlərə səcdə edən əxlaqi büsbütün pozulmuş ərəblərə, əcəba, nə üçün dini-islam gəldi? Əlbəttə, əxlaqı pozğun millətin əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək üçün. Açıq söyləyəlim: bir camaat üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat səbəb olur, deyilmi? Belə olan surətdə demək olurmu filan din, filan millətin tənəzzülü üçün gəlibdir? Buna bərəks gərək deyilə: “hər din camaatın tərəqqisi üçün gəlir”. Bahadırın bu fikirləri erməni qızı Sonanın islam dini barəsində olan yanlış təsəvvürünü alt-üst edir. O deyir: “ – Bəli, haqdır. Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir...” Yeri gəlmişkən qeyd edək ki, islam dini barədə xristian aləminin yanlış təsəvvürü indi də davam etməkdədir. Bu yanlış təsəvvür maraqdan kənarda olmayan bir işdir. Həm də arxasında siyasi marağın olduğunu da unutmaq olmaz.

Xristian İvan da türkcə danışır...

Bahadır Tiflisdəki yoldaşı Sultandan kağız alır. Kağızda yazılır ki, yoldaşları onu Tiflisdə gözləyirlər. Bir yerdə Rusiyaya getmək üçün Tiflisə toplaşırlar. Ona görə də Bahadır Məngilisdən Tiflisə yola düşür. Yolda onların qabağına bir çapar çıxır və məsləhət görür ki, bu vaxt Tiflisə getmək məsləhət deyildir. Ona görə ki, yolda qaçaqlar adamları soyurlar. Elə bu vaxt qalıq yiyəsi İvan Bahadırgilin darvaza qarşısında dayanmaqlarını görür, niyə getmədiklərinin səbəbini bildikdən sonra deyir ki, məsləhətdir ki, sabah gecədən sonra gedərsiniz. İvan Bahadırın xahişi ilə ona bir balaca otaq ayırır və ona samovar çayı verir və çay içdikdən sonra söhbət başlayır. İvan Bahadıra nəzər yetirib sual verir:

–     Siz nə millətsiniz?

–     Mən müsəlmanam, – deyib Bahadır da papirosunu yandırdı. Bu vaxtadək İvan Bahadırla rusca danışırdı. İvan Bahadırın müsəlman olmağını bilib başladı, türkcə söyləməyə. İvan türkcə çox yaxşı danışırdı. Bahadır bunun danışmağına təəccüb edib sordu:

–     Siz türkcə harda öyrənibsiniz?

–     Bu yavuqda çox müsəlman kəndi var. Onlarla bizim işimiz çox olmağına görə türkcə öyrənmişəm. – İvan bunu deyib trubkasını boşaltdı və başını aşağı dikib dedi:

–     Sizin müsəlmanlar yaxşı dolanmırlar.

–     Necə? – Bahadır soruşub başını əli ilə tutdu.

–     Dəxi necə olacaqdır: peşələri oğurluq, quldurluq olub, nə Allahdan qorxuları var, nə padşahdan.

İvanla Bahadır arasındakı bu söhbət müəyyən sualları meydana çıxarır. Nəyə görə İvan türkcə öyrənib, həm də türkcə çox yaxşı danışır? Ona görə ki, yaxınlıqda çoxlu müsəlman kəndləri var. İvanın işi həmin müsəlmanlardan keçir. Deməli, İvan məcbur olaraq öz işi xatirinə türk dilini öyrənmiş, işinin xatirinə, yaşamaq xatirinə özü də bilmədən siyasət işlətmişdir. Onun siyasəti yaşamaq xatirinə, dolanmaq xatirinə olan siyasətdir. Yalnız ona və onun şəxsi mənfəətinə xidmət edən siyasətdir. Deməli, İvan türk dilini ona görə öyrənmişdir ki, o, yaşaya bilsin və özünü dolandırsın. Belə olmasa, onun işi çətin olar, başını salamat saxlaya bilməz. Axı başqa millətin dilini bilmək can rahatlığı, baş ağrısının olmamasıdır. Necə ki, İvan işi keçdiyi millətin dilini – türk dilini öyrənməklə yaşamağında rahatlıq tapmışdır. İvanın bu siyasəti yaşamaq naminə olan siyasətdir. Daha böyük dövlətlərin, siyasətçilərin, ictimai xadimlərin türk dilini öyrənməsinin arxasında təbii ki, daha böyük siyasət, daha böyük maraq dayanır.

Din adamlarından – mollalardan narazılıq...

Bahadır Tiflisə yola düşərkən qəmgin və qayğılı bir görkəmdə olur. troykaçı atlarla Bahadırı Tiflisə aparan Novruz ondan qəmgin olmasının səbəbini soruşur. Bahadır bunun səbəbini müsəlmanların qaçaq olması ilə əlaqəli olduğunu deyir. O deyir ki, “Ancaq fikir edirəm ki, bu evi yıxılmışlar nə peşədir ki, özlərinə qəbul ediblər”. Bu zaman Novruz müsəlmanların qaçaq olmasının çox səbəbi olduğunu söyləyir. Baş səbəbin isə arvad olduğunu deyir:

“ – Belə ki, bu evləri yıxılmışlar bir-birinin nişanlısını qaçırdırlar. Bu bir adətdir düşüb bizim aramıza, yenə qızın kəbini kəsilməmiş olsa bir şeydir. Amma bu evləri yıxılmışlar kəbinli-kəbinli qızları qaçırdırlar... Əlbəttə, bu tövr işlərdən sonra əvvəlki nişanlısı dəli olub dağa-daşa düşür və başlayır düşmənindən əvəz almağa. Bu yazığa yemək lazımdır, ona görə görürsən sənin-mənim kimi adamları soyub onunla dolanacaq edir”. Sən demə mollalar fərqinə varmadan kəbinli qızların kəbinini onu qaçırıb aparana kəsirlər. Özü də bu işi pul alıb görürlər. Mollaların bu cür iş görmələri, şəriətə zidd olan əməlləri islamı hörmətdən salır. Axı islam dini bu cür əməllərin əleyhinədir. Ancaq mollalar isə kəbin kəsməkdən öz mənfəətləri və qazancları üçün istifadə edirlər. Əsərdəki Bahadırla Novruz arasındakı sorğu-sualdan bir məqama diqqət yetirək. Bahadır Novruzdan soruşur:

“ – A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırtmaq olarmı? Nə üçün şikayət etmirlər? Bəs qazı və qeyri-mollalar nədən ötrü təyin olunublar?

–     Ah, ağa, kim-kimədir? Mollalarımızın da xarabı çıxıbdır... Odur, bir ay bundan qabaq bizim kənddən biri kəbinli qızı qaçırdıb apardı özgə kəndə, orada mollaya pul basıb kəbinini kəsdirtdi. Sonra molla eşidəndə dedi ki, mən bilmirdim qız özgəyə kəbinliydi, ya yox... Deyir qız özü razılıq verdi. Sonra iş getdi Tiflisə, oğlanın atası Tiflisə gedib-gəlməkdən həlak oldu:

–     Nə üçün?

–     Nə bilim, deyir gedirsən qazının yanına, deyir: “Sabah”, “Sabah gedirsən, deyir “Yazmışam yuxarı”. Yuxarı gedirsən, deyir: “Nə ki, lazımdır edirik”. Axırda yazıq bizar olub getdi o kəndə. Sənin canın üçün, yazığı Tiflisdə necə incitmişdilərsə, hamı mollalara – böyük axunddan başlamış kiçiyinədək ağzından gələni deyirdi...” Hətta Novruz keçən yaz onun da başına belə bir iş gəldiyini Bahadıra nağıl edir. O deyir ki, onun da arvadını bir ildir ki, qaçırıblar, heç bir xəbər də yoxdur. Tiflisə böyük axundun yanına getmişdir. Axund isə onu qazının yanına göndərmişdir. Novruz görüb ki, düşmənlə bacara bilməyəcək. Ona görə də arvadının kəbinini geri edib və işdən əl çəkib. Onun düşməni pullu adamın oğluymuş. Həmin düşməni dörd ay Tiflisdə get-gəldə olub. Görünür ki, onun pullu olduğunu bilib, onu yaxşıca soyublar.

Beləliklə, dünya mənfəətindən ötəri şəriəti satanlar, islamı hörmətdən salanlar barədə “Bahadır və Sona” əsərində olan bədii detallar maraqlı və həqiqəti əks etdirəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi