Modern.az

“3 oğul böyüdürəm, üzərimdə böyük məsuliyyət var” - Ad günü MÜSAHİBƏSİ

“3 oğul böyüdürəm, üzərimdə böyük məsuliyyət var” - Ad günü MÜSAHİBƏSİ

Media

3 Noyabr 2017, 11:10

Bu gün “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri, teleməkanın populyar xəbər aparıcısı olmuş Anar Nəcəflinin doğum günüdür.

A.Nəcəfli 1980-ci il noyabrın 3-də Ucar rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1 il tikintidə fəhləlik edib. Sonra keçmiş ANS telekanalında “İç xəbər” verilişində müxbir kimi çalışmağa başlayıb. Müəyyən müddətdə “Bürc FM”də fəaliyyət göstərib. Sonradan özünü aparıcı kimi sınayan A.Nəcəfli bu sahədə də uğur qazanmağa başlayıb və tez bir zamanda tamaşaçı rəğbəti qazanıb. 8 il “Xəzər” TV-də əsas xəbər buraxılışına aparıcılıq edib.

Hazırda “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəridir. Ailəlidir, 3 oğul atasıdır. Modern.az saytı Anar Nəcəflinin ad günü təəssüratlarını oxucularla bölüşür.

- Anar bəy, ad gününüz mübarək! İlləriniz bir əvvəlkindən uğurlu gəlsin!

- Çox sağ olun. Düzü telefonu açanda düşündüm görəsən, harada nə baş verib yenə ki, məni axtarırlar (gülür).

- Yox, şükür ki, bu gün yağış yoxdur. Haradasa subasma, sürüşmə qeydə alınmayıb. Bu gün suallarımız sizinlə bağlıdır. Maraqlıdır, bu gün ilk təbriki kimdən almısınız?

- Təbii ki, həyat yoldaşımdan və övladlarımdan.

- Bildiyim qədər iş başındasınız. Bu günü necə qeyd etməyi planlaşdırırsıız?

- Bəli, işdəyəm. Çox xoş oldu sizin zənginiz. Mən ad günlərimi təmtəraqlı keçirməyi xoşlamıram. Elə, beləcə təbriklər, ailə ortamında bir süfrə arxasında əyləşmək bəs edir.

- 37 yaş... Deyərdim gəncsiniz. Yoxsa siz də yaş üstünə yaş gəldikcə,  “qocalıram” deyənlərdənsiniz?

- Qocalıram. 37 yaş və üzü o tərəfə gedirəm (gülür), gənclik gedib əldən.

- Keçmişə nəzər salanda ən yadda qalan, unudulmaz, sürpriz dolu 3 noyabrı hansı ildə qeyd etmisiniz?

- Dediyim kimi, ad günlərimi dəbdəbəli keçirtməyi sevmirəm. Ona görə də belə bir gün xatırlamıram. Hər zaman ailəmlə birlikdə qeyd etmişik. Düşünürəm ki, bu da ən gözəl olanıdır. Hər zaman sakit atmosferi arzulamışam. Çünki işimiz elədir ki, stress, əsəb, gərginlik... Ona görə hər zaman çalışıram ki, sakit bir şəkildə qeyd edək, çox adam olmadan.

- Bu yaşa qədər əldə etdikləriniz və arzulayıb əldə edə bilmədikləriniz maraqlıdır.

- Hər zaman qabağa getməyə çalışmışam. Hələ ki, bir yerdə dayanmaq istəmirəm. Görüləsi çox işlər var hələ. Ən azından övladlarıma görə. 3 oğul böyüdürəm. Bunun məsuliyyəti var üzərimdə. Onların gələcəyi üçün çox şey etməliyəm, nə qədər ki, vaxtım, gücüm var. Ona görə də hələ görüləsi işlərim çoxdur.

- “General olmaq istəməyən əsgər, əsgər deyil” deyirlər. Bu baxımdan müxbirlikdən aparıcılığa qədər uzanan bir yol qət etmisiniz. Hazırda böyük bir qurumun mətbuat xidmətinin rəhbərisiniz. Sizin üçün “general” hədəf nədir?

- Bilmirəm. Düzü, desəm ki, konkret olaraq hədəfim var, bu, yoxdur. Mən xoşlamıram hansısa işlə özümü məhdudlaşdırım. Daim inkişaf etmək, irəli getmək fikrindəyəm. Düşünürəm ki, hər hansı iş digər işə görə təkandır, stimuldur. Ona görə də daim axtarışdayam, dayanmaq fikrim yoxdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir