Modern.az

Qulu Məhərrəmliyə Moskvadan təbrik məktubu!

Qulu Məhərrəmliyə Moskvadan təbrik məktubu!

2 Noyabr 2017, 15:18

Nəsib Nəbioğlu


Əziz dostum, Qulu Məhərrəmli!


Səni doğum günün münasibətilə  səmimi qəlbdən təbrik edirəm! Ürəyində nə arzun varsa, Allah yerinə yetirsin. Hər şey ürəyincə olsun!  Əlbəttə hər şey ürəyincə deyil, bu mümkün olan  iş də deyil. Nizam tərəzisi pozulan dünyada ürəyincə nə ola bilər?


İllərdir ki, bir-biri ilə dostluq edirik. Dostluğumuzun tarixi 90-cı illərə gedib çıxır. Moskvadakı ilk tanışlığımızı xatırlayıram. Kəlbəcərdən Moskvaya gələn  mühüm bir vəzifədə çalışan bir kəndçi balasıyla necə qürur keçirdiyini xatırlayıram. O zaman bir əcnəbi dostunla M. Qorki küçəsində yerləşən “Bakı” restoranında şərəfimə dediyin sağlıqlar da yadımdadır. O günlərdən bünövrəsi qoyulan dostluğumuz  bu gündə davam etməkdədir.Hər dəfə Bakıya yönüm düşəndə  sənə zəng edirəm, görüşürük, dərdləşırik.Səninlə bu uzun illərdən baş alıb gələn dostluqdan qürur duyuram.


Şükürlər olsun bu illər ərzində bir-birimizin xətrinə dəyməmişik. Sən də mənim kimi xasiyyəti, əqidəsi ürəyincə olan adamlarla, xalqımızın qədir bilən, dürüst, təmiz     insanlarıyla  oturub-durubsan. Tanınmış, vətənpərvər eloğlularımızla, ziyalılarımızla  bir sırada dayanmısan.


Çoxlarının hiss etmədiyini, görə bilmədiyini, deyə bilmədiyini, yazmağı bacarmadığını  sən  bacarmısan, qorxmadan, çəkinmədən demisən. Əziz qardaşım, duyan ürəyiniz, deyən diliniz, dönməz əqidəniz, həqiqəti yazan qələminiz var olsun!  Fransa dövlət xadimi məhşur  diplomat, Şarl Moris de Taleyranın bi sözü var: Böhtandan da qorxulu silah var, bu silah həqiqətdir. Bu gün o həqiqət silahı, sənin və haqqı deyən ziyalılarımızın əlindədir. Mən səni tanıyandan haqqın tərəfində olduğunu gördüm. İşğal olmuş torpaqlarımızın dərdi, Qarabağımızın iniltisi, dağlarımızın harayı bizim dostluğumuzu daha da möhkəmləndirdi.


İndi elədir ki, insanları hər şeydən diksindirirlər, adamı küsdürürlər,  iyrəndirilər, əli düz qəıəm tutanları yazıdan-pozudan eləyirlər, işindən uzaqlaşdırırlar. Amma adam yenə də ümidlə  yaşayır, yenə də  oxuyursan, yenə də  baxırsan, yenə də axtarırsan. Düşünürsən ki, haqq nazilər, amma üzülməz. Haqq üzülmür axı, ay Qulu!  Vəziyyət nə qədər çətin olursa-olsun həqiqət  şamı son işartısınacan sönmür.

 
Gündə yüz hoqqa çıxarırlar, uzada-uzada, yalan danışa-danışa öz əməllərini ört-basdır eləyərək, insanların gözünə kül üfürürlər. Sən məndən də yaxşı bilirsən ki, bu gün telekanallarımızı mənəviyyatdan uzaq olan, dardüşüncəli,milli dəyərlərimizə xor baxan, əqlaqi dəyərlərimizi ucuzlaşdıran, qiymətdən salan adamların ixtiyarına veriblər. Çox təəssüflər olsun ki, Əlinin papağını Vəlinin başına qoyublar. Papaq da çırılıb.


Biz  hər şeyə obyektiv  yanaşsaq, pisə-pis, yaxşıya - yaxşı desək,mərdi namərddən, xeyirxahı bədxahdan, arifi nadandan seçməyi bacarsaq  hər şey öz yerini alacaq. Hardakı insan özü bilə-bilə yalan danışırsa, və bu yalanları ekranlardan millətə sırıyırlarsa, bundan böyük faciə ola bilərmi? Hər şey yalanın üstündə qurulur və bu yalanları  da utanmadan professionallara nümunə gətirirlər ki, belə olmalıdı, belə yazılmalıdı, belə deyilməlidir. 


Belə olmasaydı bu şou proqramalar ayaq açıb yeriməzdi. Bəzən elə düşünürsən ki, bunu planlı surətdə kimlərsə həyata keçirir. Həqiqəti, haqqı, düzünü deyən adamları isə kənara atırlar. İnsanlara abırsızlıqdan, həyasızlıqdan, əxlaqsızlıqdan dərs  keçirlər. Allah,sən saxla!


Mən də nəsə yazıram, bəzən özüm özümə hesabat verirəm. Görürəm ki, deyəcəklərimi deyə bilmədim, dediyimi oxucularıma çatdıra bilmədim. Hər dəfə o hesabatı  öz-özümə verəndə ölüb yerin altına girirəm.


Köhnə dostum Qulu Məhərrəmli doğum gününü  bir daha ürəkdən təbrik edirəm, sənə möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram., qələmin iti, uğurların bol, yolun nurlu  olsun!

 


Mənim köhnə dostum,

köhnə qardaşım!

Unutma müqəddəs ibadətini.

Nə yaxşı saxlayır köhnə dostlarım,

Köhnə kişilərin  el  adətini.

 


Unutma, uca tut haqqın səsini,

Mərhəmət umanı  nadanlar görməz.

Qələmin sehrli boya  aləmi,

Allah hər yetənə qələmi verməz.

 


Şeytan əməlindən bezibdi dünya,

Ayrıdır öz dünyan, aləmin sənin.

Qızıldan qələmim olmadı, amma,

Qızıl xırdaladı qələmin sənin.

 


Qələm yazdığını balta da kəsməz,

Tarixin qatından gələcək səsi.

Ay Qulu, nə gözəl deyib atalar,

Hər şeyin təzəsi, dostun kohnəsi!

 

Moskva, 02.11.2017

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi