Nəsib Nəbioğlu
Əziz dostum, Qulu Məhərrəmli!
Səni doğum günün münasibətilə səmimi qəlbdən təbrik edirəm! Ürəyində nə arzun varsa, Allah yerinə yetirsin. Hər şey ürəyincə olsun! Əlbəttə hər şey ürəyincə deyil, bu mümkün olan iş də deyil. Nizam tərəzisi pozulan dünyada ürəyincə nə ola bilər?
İllərdir ki, bir-biri ilə dostluq edirik. Dostluğumuzun tarixi 90-cı illərə gedib çıxır. Moskvadakı ilk tanışlığımızı xatırlayıram. Kəlbəcərdən Moskvaya gələn mühüm bir vəzifədə çalışan bir kəndçi balasıyla necə qürur keçirdiyini xatırlayıram. O zaman bir əcnəbi dostunla M. Qorki küçəsində yerləşən “Bakı” restoranında şərəfimə dediyin sağlıqlar da yadımdadır. O günlərdən bünövrəsi qoyulan dostluğumuz bu gündə davam etməkdədir.Hər dəfə Bakıya yönüm düşəndə sənə zəng edirəm, görüşürük, dərdləşırik.Səninlə bu uzun illərdən baş alıb gələn dostluqdan qürur duyuram.
Şükürlər olsun bu illər ərzində bir-birimizin xətrinə dəyməmişik. Sən də mənim kimi xasiyyəti, əqidəsi ürəyincə olan adamlarla, xalqımızın qədir bilən, dürüst, təmiz insanlarıyla oturub-durubsan. Tanınmış, vətənpərvər eloğlularımızla, ziyalılarımızla bir sırada dayanmısan.
Çoxlarının hiss etmədiyini, görə bilmədiyini, deyə bilmədiyini, yazmağı bacarmadığını sən bacarmısan, qorxmadan, çəkinmədən demisən. Əziz qardaşım, duyan ürəyiniz, deyən diliniz, dönməz əqidəniz, həqiqəti yazan qələminiz var olsun! Fransa dövlət xadimi məhşur diplomat, Şarl Moris de Taleyranın bi sözü var: Böhtandan da qorxulu silah var, bu silah həqiqətdir. Bu gün o həqiqət silahı, sənin və haqqı deyən ziyalılarımızın əlindədir. Mən səni tanıyandan haqqın tərəfində olduğunu gördüm. İşğal olmuş torpaqlarımızın dərdi, Qarabağımızın iniltisi, dağlarımızın harayı bizim dostluğumuzu daha da möhkəmləndirdi.
İndi elədir ki, insanları hər şeydən diksindirirlər, adamı küsdürürlər, iyrəndirilər, əli düz qəıəm tutanları yazıdan-pozudan eləyirlər, işindən uzaqlaşdırırlar. Amma adam yenə də ümidlə yaşayır, yenə də oxuyursan, yenə də baxırsan, yenə də axtarırsan. Düşünürsən ki, haqq nazilər, amma üzülməz. Haqq üzülmür axı, ay Qulu! Vəziyyət nə qədər çətin olursa-olsun həqiqət şamı son işartısınacan sönmür.
Gündə yüz hoqqa çıxarırlar, uzada-uzada, yalan danışa-danışa öz əməllərini ört-basdır eləyərək, insanların gözünə kül üfürürlər. Sən məndən də yaxşı bilirsən ki, bu gün telekanallarımızı mənəviyyatdan uzaq olan, dardüşüncəli,milli dəyərlərimizə xor baxan, əqlaqi dəyərlərimizi ucuzlaşdıran, qiymətdən salan adamların ixtiyarına veriblər. Çox təəssüflər olsun ki, Əlinin papağını Vəlinin başına qoyublar. Papaq da çırılıb.
Biz hər şeyə obyektiv yanaşsaq, pisə-pis, yaxşıya - yaxşı desək,mərdi namərddən, xeyirxahı bədxahdan, arifi nadandan seçməyi bacarsaq hər şey öz yerini alacaq. Hardakı insan özü bilə-bilə yalan danışırsa, və bu yalanları ekranlardan millətə sırıyırlarsa, bundan böyük faciə ola bilərmi? Hər şey yalanın üstündə qurulur və bu yalanları da utanmadan professionallara nümunə gətirirlər ki, belə olmalıdı, belə yazılmalıdı, belə deyilməlidir.
Belə olmasaydı bu şou proqramalar ayaq açıb yeriməzdi. Bəzən elə düşünürsən ki, bunu planlı surətdə kimlərsə həyata keçirir. Həqiqəti, haqqı, düzünü deyən adamları isə kənara atırlar. İnsanlara abırsızlıqdan, həyasızlıqdan, əxlaqsızlıqdan dərs keçirlər. Allah,sən saxla!
Mən də nəsə yazıram, bəzən özüm özümə hesabat verirəm. Görürəm ki, deyəcəklərimi deyə bilmədim, dediyimi oxucularıma çatdıra bilmədim. Hər dəfə o hesabatı öz-özümə verəndə ölüb yerin altına girirəm.
Köhnə dostum Qulu Məhərrəmli doğum gününü bir daha ürəkdən təbrik edirəm, sənə möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram., qələmin iti, uğurların bol, yolun nurlu olsun!
Mənim köhnə dostum,
köhnə qardaşım!
Unutma müqəddəs ibadətini.
Nə yaxşı saxlayır köhnə dostlarım,
Köhnə kişilərin el adətini.
Unutma, uca tut haqqın səsini,
Mərhəmət umanı nadanlar görməz.
Qələmin sehrli boya aləmi,
Allah hər yetənə qələmi verməz.
Şeytan əməlindən bezibdi dünya,
Ayrıdır öz dünyan, aləmin sənin.
Qızıldan qələmim olmadı, amma,
Qızıl xırdaladı qələmin sənin.
Qələm yazdığını balta da kəsməz,
Tarixin qatından gələcək səsi.
Ay Qulu, nə gözəl deyib atalar,
Hər şeyin təzəsi, dostun kohnəsi!
Moskva, 02.11.2017