Modern.az

Bakının məşhur qonaqları: Qaldığı yer atəşə tutulan, restoranda soyulan Oljas Süleymanov - LAYİHƏ

Bakının məşhur qonaqları: Qaldığı yer atəşə tutulan, restoranda soyulan Oljas Süleymanov - LAYİHƏ

Reportaj

3 Noyabr 2017, 14:53

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. 

Bu dəfə  “Planetin adamı” fəxri adını daşıyan, dünyanın yaşayan ən nüfuzlu şəxsiyyətləri siyasıhına düşən (100 nəfərlik siyahı), ölkəsini qələminin hesabına bütün dünyada tanıdan qazax şairi, ictimai xadim Oljas Süleymanovdan danışacağıq.


Oljas Süleymanov Bakıya bir yox, bir neçə dəfə gəlib. Sonuncu dəfə isə 2014-cü ili yayında, Yazıçılar Birliyinin XII Qurultayında paytaxtımızda səfərdə olub. Amma Oljas Süleymanovun Bakıya ən unudulmaz səfəri 1990-cı ilin 20 yanvar hadisəsi zamanı gəlişidir. Qızdırma içində olmasına baxmayaraq, bəzi təzyiqləri gözə alıb Bakıya gələn Oljas Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışdı. Bütün bunlar haqqında az sonra…

 

DOSYE: Oljas Süleymanov 1936-cı il 18 may tarixində Qazaxıstanın Alma-Ata şəhərində anadan olub. Şair və yazıçı kimi mənsub olduğu xalqın tarixini, türk etnosunun milli kökənini hər zaman qabartmağa çalışıb. Bu istiqamətdə yazdığı şah əsəri “Az-Ya”ya görə yuxarıların təzyiqlərinə məruz qalıb. Lakin yenə də öz yaradıcılıq manerasına xəyanət etməyib. “Köçərilər və Rusiya”, “Yazı dili”, “Tanrının gülümsəməsi” və s. kimi əsərlərində öz milli yaradıcılıq yoluna sadiq qalıb.

Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olub. Azərbaycan Milli Elmlər Akademiyasının  Elmi Şurasının qərarı ilə 2016-cı ildə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb.

2006-cı ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

 

Oljas Süleymanov fədakarlığı

Oljas Süleymanovdan danışarkən onun yaradıcılığından da çox, 20 Yanvar hadisələri zamanı göstərdiyi reaksiya göz önünə gəlir. Həmin vaxt onu gözləyəcək təzyiqləri adlayaraq, xəstə-xəstə Bakıya gəldi. Buradakı dostları Anar, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Fikrət Qoca, Sabiq Rüstəmxanlı və  başqalarının yanında olmağa çalışdı. Xalq yazıçısı Anar özünün avtobioqrafik “Şəhidlər dağı” memuarında Oljas Süleymanovun o ərəfədəki reaksiyasını və Bakıya səfərini bu cür təsvir edir:

“21 yanvarda başlanan və bütün gecəni səhərə qədər davam edən sessiyada - Azərbaycan Ali Sovetinin sessiyasında - bütün ölkələrin parlamentlərinə və BMT-yə müraciətin mətnini tərtib etdim. Elə o gecə, Ali Sovetin binasından xalq şairi Bəxtiyar Vahabzadə Oljas Süleymenova zəng elədi, müsibətimizi ona çatdırdı. Bir ya iki gün sonra Oljas özünü Bakıya yetirdi. Bu əsl qardaşlıq hərəkəti idi. SSRİ Xalq deputatlarının qurultaylarında da, Ali Sovetin sessiyalarında da Oljasın bizə dost və arxa olduğunu dönə-dönə görmüşük.

Sonralar bizə irad tutanlar da tapıldı: Niyə bu faktı Azərbaycan deputatları yox, Oljas dedi? Məgər bunun özümüzün deyil, başqa respublikanın nümayəndəsinin dilindən səslənməsi daha əhəmiyyətli, daha tutarlı deyildimi?
Yanvar faciəsində Oljas bir neçə gün Bakıda oldu, bədbinləşənlərə ürək-dirək verdi. Bir növ həyan oldu bizə. “Bölüşülmüş sevinc ikiqat sevinc, bölüşülmüş dərd yarım dərddir”, - deyirlər.


Oljas Bakıda xəstələnmişdi, “Azərbaycan” mehmanxanasında yatırdı. Ona dəyməyə getmişdim. Yanında Xalq Cəbhəsindən cavanlar vardı. Azadlıq meydanı bomboş idi. Bir azdan həngamə başladı. Tanklar hay-küylə meydana daxil olub Dəniz vağzalına tərəf getdilər, gəmilərə atəş açdılar. Mehmanxanaya tərəf də güllə atırdılar. Cavanlar pəncərədən dəhlizə düşmüş güllələri Oljasın nömrəsinə gətirdilər, bizə göstərdilər. Gənc operator mehmanxananın eyvanından bu “dəniz döyüşü” səhnələrini cəsarətlə çəkirdi. Gecələr atəş səsi eşidilirdi - daraq-daraq, qatar-qatar avtomat atəşi. Gecələr gəmilər ulayırdı. Nə məşum səs idi bu - qışın zülmət gecəsində dalğa-dalğa şəhərin üzərinə yayılırdı. Gecələr yuxum ərşə çəkilirdi. Hər gün Yanvar müsibətinin yeni-yeni təfərrüatı, faktları üzə çıxırdı”.

Anarın bu xatirəsində o zamanı Bakını və ona xəstə halda yardım üçün qaçan qonağın portretini açıq-aydın görmək mümkündür.

O zaman Anar və Oljasın yanında olan və bu dəhşətləri onlarla bərabər izləyən Xalq şairi Fikrət Qoca Modern.az-a qazax yazıçısının bu cəsarətinin unudulmayacağını deyib:


“Oljas Süleymanovla Moskvada oxuyarkən, tələbəlik illərindən tanışam. Tələbəlik dostuyuq və bu dostluq təmizlik üzərində qurulub. O, əsl türkçü, qardaşçı ruha sahib insandı. Hər zaman dar günümüzdə də bizim yanımızda olmağa çalışıb. 20 Yanvar hadisələrində də bunu gördük. Bakıya 39 dərəcə qızdırma içində gəldi. Gəldi və bizim yanımızda olmağa çalışdı. Daha sonra biz də Alma-Atada baş verən hadisələr zamanı ora getdik. Şəxsən mən qardaşımla ora səfər etdik. Orada da ağır günlər idi. Amma Oljasın 20 Yanvar hadisələri zamanı bizi tək buraxmaması çox böyük hadisədir. İndi çox şeylər yadıma qalmayıb. Elə günlər idi ki, insanın özünün özündən xəbəri yox idi. Özü necədir, nə edir, sonrası necə olacaq deyə bilmir. Bu səbəbdən də Oljas Süleymanovula çox danışa, onun nələr keçirdiyini daha dərindən öyrənə bilmədim. Əslində, hər şey elə məlum idi”.  


“Oljas Süleymanov bulağı”

Başqa bir qocaman şair Musa Yaqub saytımıza Oljas Süleymanovla bağlı maraqlı bir epizod danışıb:

“Bizim Buynuz kəndində bir bulaq var idi. İndi həmin bulaq yoxdu ya tamamilə quruyub ya da yolunu başqa səmtə, ayrı kəndə doğru dəyişib. Amma Oljas Süleymanov bir zaman Buynuz kəndinə gələndə həmin bulağa baş çəkib, oradan su içib. Həmişə də o bulağın əvvəlki yerindən keçəndə insanlar bu hadisəni xatırlayır. Demək, Buynuza məni görməyə gəlibmiş, amma görə bilməyib. Qayıdarkən bu bulağın yanında dayanıb, bir ovuc su içib. Siz sənətkarın, yazıçının böyüklüyünə baxın ki, öz adı, şöhrəti hesabına olmayan bir yeri indi də yaşadır. İndi də insanlar “Oljas bulağı”nı yaxşı xatırayırlar.

Biz onunla Bakıda görüşməmişik. Amma görüşlərimiz, söhbətlərimiz çox olub. Moldovada, Moskvada, başqa yerlərdə yazıçıların qurultaylarında, ədəbi gecələrdə görüşmüşük. Ona çox böyük hörmətim var. Öz xalqının tarixini, varlığını yaşatdığı üçün, türk etnosunun milli köklərini qabartdığı üçün  hər zaman ona minnətdar olmuşam”.

Bakıda aldadılan Oljas Süleymanov

İçərişəhərdə Qız qalasının yaxındakı kitab dükanında hamının yaxşı tanıdığı məşhur kitabçı Elman dayı da (Elman Abdullayev) bu sətirlərin müəlllifinə Oljas Süleymanovla bağlı maraqlı bir epizod danışıb. Onu sizə də çatdıraq:

“Kitab mağazama gələn Oljas Süleymanov mənimlə elə səmimi görüşdü ki, sanki, bir-birimizi neçə illərdi ki, tanıyırıq. Amma mən onu və yanındakı iki adamı  birinci dəfə idi görürdüm. Onların hərəsi Azərbaycan ədəbiyyatına aid 16, 20 və 22 manatlıq kitablar aldılar. Şairin “Az-ya” əsərini onun özünə hədiyyə etdim. 

Xahiş etdilər ki, aldıqları kitabları iş gününün sonuna qədər saxlayım, saat 6-da gəlib götürəcəklər. Saxladım və onlar da dedikləri vaxtda gəldilər. Dedilər ki, Bakıdan və insanlardan çox razı qalıblar. Amma onların çöhrələrindəki narazılığı, pərtliyi hiss etdim. Səbəbini soruşanda Oljas Süleymanovun özü heç nə demədi. Amma yanındakı həmkarlarından biri cavab əvəzinə məndən soruşdu ki, sizcə, günorta çağı Bakıda 3 nəfər 320 manatlıq yemək yeyə bilərmi? Birmənalı şəkildə cavab verdim ki, xeyr, bu ola bilməz. Amma bu baş vermişdi, hansısa restoranların birində dünyaca məşhur yazıçıdan 320 manatlıq hesab alıblar. Halbuki, onlar cəmi 3 nəfər idilər və hər zaman da yeməklərinin normada olmalarına ciddi diqqət yetirənlər idi.

Azərbaycana gələn xoşməramlı qonaqlarla bu cür rəzil, soyğunçu kimi davranmaq ölkəmizin imicinə zərər gətirir”.

 


Kiçik bir açıqlama

Oljas Süleymanovun Bakıya son səfəri 2014-cü ilin iyulunda Azərbaycan Yazıçılarının XII Qurutayında baş tutub. O zaman Modern.az saytının əməkdaşı da dünya şöhrətli yazıçıdan kiçik bir açıqlama almışdı. O, Azərbaycan mədəniyyəti haqqında öz təəssüratını bölüşmüşdü:

“Azərbaycan xalqı möhtəşəm mədəniyyətə sahib olan bir xalqdır. Bakı doğurdan da gözəl şəhərdir və öz mədəniyyətini bu günə qədər qoruyub saxlayıb. İnsan buranın gözəlliklərindən doya bilməz. Ölkəniz öz ədəbiyyatının oxucu kütləsi ilə hər zaman fərqlənir”.

 

Sonluq üçün…

Deyilənə görə, yanvarın 24-ü, günorta saatlarında ruslar həm qurudan, həm də dənizdən bütün gəmiləri gülləyə tutan zaman bu hadisəni Oljas Süleymanov, Yusif Səmədoğlu və yazıçı Anar Rzayev dənizə yaxın otellərin birindən  izləyiblər. Oljas Süleymanov başına vururmuş ki, onları niyə bu günə qoyurlar?

P.S. Bu hadisə 1990-cı ildə olmuşdu. Oljas Süleymanov qarşıdakı iki-üç ildə azərbaycanlıların  hansı zülmləri çəkəcəyini, milyonların yurd-yuvalarından məcburən çıxarılacağını, yüzlərlə insanın öləcəyini bilsəydi, başına daha möhəm vurardı…

 

E.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir