Modern.az

İnternat məktəbinin direktoru: “O xanım məni şərləyir”

İnternat məktəbinin direktoru: “O xanım məni şərləyir”

3 Noyabr 2017, 15:28

Bir müddət əvvəl Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia etmişdi.

Xanımın bu iddiası böyük səs-küyə səbəb olmuşdu.

 

Modern.az xəbər verir ki, iddiada adı çəkilən 12 nömrəli xüsusi internat məktəbinin direktoru Allahverdi Vəliyev məsələ ilə bağlı açıqlama verib.

 

O bildirib ki, Gülnar Ələsgərova ona şər atıb, iddialar əsassızdır.

“Həmin xanım yalnız burada deyil, əvvəlki  iş yerində də böyük qalmaqallara səbəb olub. İşlədiyi məktəbdə direktora şər atıb, döyüb. Bütün bu məsələlər hüquq mühafizə orqanlarına gedib çıxıb. Bu hadisələrdən sonra Təhsil Nazirliyi humanistlik edərək, onun 3 övladının olduğunu nəzərə alaraq, həmin xanımın təyinatını bizim məktəbə verib. 2016-cı ildə bizim məktəbdə fəaliyyətə başladı, sentyabr ayına qədər müxtəlif üsullarla işdən yayınıb. Xanım işə başladığı dövrdən itaətsizlik etməyə başladı, əmək intizamına əməl etmir, ona verilmiş tövsiyələr öz nəticəsini vermədi.

O məktəbdə baş tərbiyəçi olmaq istəyirdi. Bununla bağlı bir neçə dəfə müzakirə aparmışıq, hər dəfəsində bildirmişəm ki, kimisə vəzifəyə qoymaq mənim səlahiyyətimdə deyil, nazirliyin səlahiyyətindədir. O, bundan sonra məni və məktəbdə işləyənlərin çoxunu hədələməyə başladı.

Onun mənim haqqımda dedikləri böhtandır. O deyirdi ki, etdiyi bütün qeyri-qanuni işlərə heç kim yox deyə bilməz. O belə iddialarla, şər atmaqla özünü biabır elədi. O məktəbdəki işindən başqa bütün işlərə qarışırdı”.

Direktor uşaqların sinifləri süpürməsini əks etdirən videodan da danışıb. O bildirib ki, həmin videonu  da xanım özü planlayıb.

“Burada uşaqların əməyindən istifadə edilmir və edilə də bilməz.  Xanım süpürgəni uşağın əlinə verib, videosunu çəkib. Buradakı uşaqların sağlamlıqla bağlı bəzi problemləri var. Onların bütün işlərinə müəllimləri, tərbiyəçiləri köməklik edir. O hadisə araşdırıldı və yalan olduğu sübut edildi.

Mən atayam, nəvələrim var. Mənə böhtan atılması, həmin böhtanın yazıların yazılması pis təsir etdi. Mənim işimə, yaşıma, şərəfimə belə addım atmaq yaraşmaz. Məktəbdə çalışan bütün kollektivdən mənim haqqımda soruşa bilərsiniz. Mən hamısına ata və qardaş, dayı, əmi  kimi davranıram. Bu məsələdən sonra nazirliyin əməkdaşları ilə birlikdə həmin xanım da məktəbə gəlmişdilər. Araşdırma aparıldı. Özünün də imzası ilə hadisənin yalan olması ilə bağlı akt tərtib edildi”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu