Modern.az

Dünya növbəti böhrana HAMİLƏDİR...

Dünya növbəti böhrana HAMİLƏDİR...

4 Noyabr 2017, 10:16

Siyasi çarxların fırlanması iqtisadi proseslərə də təsir edir, eyni zamanda, iqtisadiyyat da siyasi kursların, hədəflərin, strategiyaların müəyyənləşməsində böyük rol oynayır.

 

Siyasət və iqtisadiyyat – bu iki anlayış həm nəzəri cəhətdən, həm də praktiki səviyyədə bir-birinə qırılmaz tellərlə bağlıdır.

Məhz buna görədir ki, dövlətlərarası siyasi-diplomatik əlaqələrdə iqtisadi maraqların diktəsinin izlərini görmək mümkündür.

 

Çünki dövlətləri ayaqda saxlayan onun iqtisadi sütunlarıdır və bu bünövrəni möhkəmləndirmək üçün xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi vacibdir.

 

Ancaq iqtisadi-ticari münasibətlər nə qədər inkişaf etsə də, dünya gələcək maliyyə böhranlarından da sığortalanmayıb.

 

Bu yaxınlarda Böyük Britaniyanın keçmiş baş naziri, apardığı islahatlara görə “Dəmir kansler” ləqəbini qazanmış Qordon Braun həyəcan təbili çalaraq, dünyanın növbəti iqtisadi uçurum astanasında olduğunu bəyan etdi.

Braunun fikrincə, növbəti böhran dalğası Asiyadan gələ bilər, çünki Asiya bankları “kölgə bankçılığı” olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil. 

Onun açıqlamasını ilk baxışda nəzəri proqnoz kimi xarakterizə etmək olardı, lakin nəzərə alanda ki, dünyada dolların kursunun möhkəmlənməsi fonunda borclanma yaranır, bu zaman dərindən düşünməyə dəyər.

 

Eks-baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək.

 

Çin, İtaliya, Yaponiya – “Qara dəliklər”

 

Almaniyanın nüfuzlu “Deutsche Bank” bankı isə bildirir ki, yeni maliyyə böhranının başlanması üçün 11 “münbit” şərait var.

Post-böhran dövrlərində mərkəzi bankların siyasətlərinin qeyri-müəyyənliyi, Çindəki maliyyə sıxıntıları, üstəgəl dünyanın üçüncü böyük iqtisadi gücü olan Yaponiyanın uğursuzluğu.

 

Görünən isə budur ki, Çin amili iqtisadi fəlakətlərin start götürməsi üçün əsl “barıt çəlləyidir”. Çin bir növ kainatdakı qara dəliklərə bənzəyir, o dünyanın iqtisadi orbitini öz içinə çəkməklə “udacaq”. Çin böhranın rüşeym halından inkişaf edib böyüməsi üçün dominant rola malikdir, lakin, Çindən başqa digər “qara dəliklər” də var və bu da iqtisadi xəstəliklərin xərçəng kimi metastaz verməsinə gətirib çıxara bilər.

 

“Deutsche Bank” hesab edir ki, digər problem isə Böyük Britaniyanın Avropa Birliyindən çıxması və İtaliyadakı kövrək siyasi, iqtisadi situasiya da yeni maliyyə böhranın başlanması üçün “münbit” zəmin yaradır.

“Deutsche Bank” riskləri müəyyən etməklə közərtinin alovlanmaması üçün diqqətin haralara yönəldilməsinə işarə verir.

Bu xəbərdarlıqdan sonra iqtisadiyyat sahəsi üzrə strateq Cim Reyd və onun komandası yeni maliyyə böhranı üçün katalizator ola biləcək bütün mümkün qlobal riskləri araşdırıb. Onların gəldiyi nəticəyə görə, dünyanın böyük yeddiliyinə daxil olan İtaliyada 3 əsas problem ölkənin iqtisadi-siyasi stabilliyini təhlükə altına qoyur. 

 

Birincisi budur ki, İtaliyada “Beş ulduz” hərəkatının lideri Beppe Grillonun  nüfuzu yüksəlir və bu təşkilat güc əldə edərsə, İtaliyanın beynəlxalq aləmdəki nüfuzu sarsılar. 

İtaliyanın ikinci əsas problemi isə onun iqtisadiyyatıdır. Axırıncı iqtisadi böhrandan (2008) sonra İtaliya özünün davamlı, güclü iqtisadiyyatını yarada bilməyib. Və İtaliya borclarına görə Avrozonada liderlik edir.

İtaliyada borcun ümumi daxili məhsula nisbətdə payı 133 faizdir. Yunanıstan, Yaponiya,  Livan da qlobal miqyasda yüksək nisbətlərə sahibdir.

Bir sözlə, İtaliya borc öhdəliklərinini yerinə yetirmək üçün kifayət qədər pul xərcləməlidir. Ekspertlərin fikrincə, İtaliya zəif defolt ərəfəsindədir.

Üçüncüsü, İtaliyanın bank sistemindəki problemlər böyüməkdədir.

“İqtisadi inkişaf üçün bank sistemi sağlamlaşdırılmalıdır. İtaliyanın yerli bankları isə son illərdə çox bərbad şəkildə idarə olunur – burada fırıldaqçılıq və skandallar var” – “Deutsche Bank” komandası belə qənaətdədir.

 

Bank xəbərdarlıq edir ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi (Brexit) növbəti maliyyə böhranını tətikləyən amillərdən biridir.

 

İnvestorlar gözləyirlər ki, Brexit baş tutmayacaq, lakin Britaniya çox israrlı görünür.

 

Yaponiya isə böyük büdcə kəsirləri ilə üz-üzədir. Üstəgəl, burada böyük kəmiyyət yumşaldılması proqramı tətbiq olunur və əhalinin orta yaşının aşağı düşdüyü bir dövrdə ən yüksək borc nisbətinə malikdir.

 

Ekspertlər qeyd edir ki, bu cür məsələlər Yaponiya üçün yeni deyil. Böyük borc, aşağı səviyyəli artım, əhalinin yaşlanmağa davam etməsi ölkə üçün xarakterikdir.

 

“Kredit partlayışı”nın altında hansı ölkələr inləyəcək?

 

Çin faktoru barədə yuxarıda yazdıq. Lakin bu son deyil. Bu ölkədə kredit həcmlərinin sürətlə böyüməsi, mürəkkəb, qarışıq kölgə bankçılığı sistemi dünya iqtisadiyyatı üçün yaxşı şey vəd etmir.

 

Belə ki, Çində kommersiya bankları tərəfindən qeyri-bank kredit təşkilatları, o cümlədən broker şirkətlərinin maliyyələşdirilməsi sürətlə davam edir.

 

2016-cı ilin statistikasına görə, banklarla biznes arasında vasitəçilk edən bu təşkilatların məcmu kredit portfeli 7 trilyon dollara çatıb.

 


Analitiklərin fikrincə, yaranan bu "kredit köpüyü" partlayacağı təqdirdə, Çin iqtisadiyyatı çökəcək və bu da dünya iqtisadiyyatının çarxlarını sındıracaq.

 

Çindəki kölgə kreditləşməsinin həcmi 7 trilyon dollara yaxındır, bu isə ölkə iqtisadiyyatının 2/3 hissəsinə bərabərdir. 

"Bloomberg" agentliyinin açıqlamasına görə, kölgə bankçılığının  bu qədər sürətlə inkişaf etməsinə səbəb bank kreditləşməsinin sərt şəkildə tənzimlənməsidir. Bank kreditləri Çində 4% olduğu halda, qeyri-bank təşkilatlarında kreditlərin qiyməti 10%-dir. 

Ekspertlər hesab edirlər ki, məhz kölgə bankçılığının inkişafı Şanxayda 2016-cı ilin yanvar-fevral aylarında daşınmaz əmlakın 24% bahalaşmasına səbəb olub. Buna spekulyativ əməliyyatlar da təsir edib.

 

Bəs kölgə bankçılığı nədir?

 

Kölgə bankçılıq sistemi ənənəvi bank sistemi kimi fəaliyyət göstərən, lakin bank olmayan maliyyə təşkilatlarıdır. Banklardan fərqli olaraq depozit qəbul etmirlər.

Bunu, sadə bir izahla göstərmək olar. Məsələn, ipoteka krediti götürmək istəyən hər hansı bir şəxs bu krediti əldə etmək üçün banka müraciət edir və bank ona faiz dərəcəsi 10% olmaqla bu məbləği təklif edir. Digər tərəfdən isə o, bu məbləği qeyri-bank kredit təşkilatından 9% dərəcəsi ilə əldə edə bilər. Əlbəttə, bu zaman həmin şəxs faiz dərəcəsi aşağı olduğu üçün ikinci təklifi seçəcək.

 

Bank sistemində hesabatlılıq var, çünki onlara dövlətin nəzarəti var. Banklar hesabatda öz durumlarını, potensiallarını qeyd edirlər.

Lakin kölgə bankçılığında vəziyyət fərqlidir, belə ki, burada tənzimləmə demək olar ki yoxdur. Kredit alanlar isə krediti qiymətli kağızlara çevirmək və onu daha varlı investorlara satmaqla gəlirlərini artırmağı hədəfləyirlər.

 

Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin oktyabr ayında yaydığı Qlobal Maliyyə Sabitliyi ilə bağlı hesabatında göstərib ki, ümumdünya maliyyə sisteminin gücləndirilməsi üçün siyasi-iqtisadi dəstəyə, tənzimləyici artımlara ehtiyac var.

 

BVF hesab edir ki, qlobal bank balansları daha səmərəli və güclüdür. Bununla belə bəzi banklar hələ də müasir biznes çağırışlarının və modellərinin tələblərinə cavab verə bilmədiklərinə görə, irəliləyişə nail ola bilməyiblər.

 

BVF-nin proqnozlarına əsasən, növbəti böhran dalğası G20 ölkələrinin hədsiz borc yükü (təqribən 135 trilyon dollar), həmçinin mərkəzi bankların siyasəti və daha çox riskli əməliyyatlara meyilli olan bazar iştirakçıları sayəsində baş verə bilər.

Bununla belə, BVF nisbətən nikbin notlar üzərinə köklənib, bildirir ki, həyəcan üçün əsas olsa da, növbəti maliyyə böhranı 2008-ci ildəkinə nisbətən zəif olacaq.

 

İqtisadçılar proqnoz verir ki, yeni böhran dalğası gəlsə, səhmlərin qiymətləri 15% enəcək, qlobal ümumi daxili məhsul isə 1,7% azalacaq.

 

Banklar indi daha çox böhrana məruz qalır, bunun əsas mənbəyi isə kreditlərlə bağlı problemlərdir.

Məsələn, Hindistan kimi inkişaf etməkdə olan ölkədə son iki ildə kredit borclarının həcmi 2 dəfə artıb.

Çindəki kredit bumu isə son illərdə beynəlxalq maliyyə qruplarının, tənzimləyicilərin əsas müzakirə mövzusudur.

 

Okeanın o tayındakı gizli əl...

 

Beynəlxalq Hesablaşmalar Bankı Amerikadakı yüksək faiz dərəcələrinin dünyanın ikinci ən böyük iqtisadi gücünə təsir göstərəcəyi xəbərdarlığı ilə çıxış edib. Bu da Çin iqtisadiyyatında təlatümlərin başlanması üçün zəmin yaradır, Çin də məcbur olur ki, faizləri daha da qaldırsın, bir sözlə zəncirvari bağlantılar domina effektinin reallaşacağından xəbər verir.

Ağ Ev özü də rəsmi şəkildə bəyan edir ki, ABŞ-la Çin arasında iqtisadi müharibə gedir.

 

Britaniya, ABŞ və iqtisadiyyatı yüksək səviyyədə inkişaf edən ölkələr ki, qlobal böhranın episentrinə yuvarlanmamaq üçün bank sistemlərini inkişaf etdirmək addımları atırlar. Lakin iqtisadiyyatın güclənməsi, onun daha da böyüməsi özü ilə yeni riskləri də doğurur.

 

“Ümumiyyətlə özəl sektorda hələ də böyük borclar qalaqlanıb qalıb, bu isə bankların daha çox uğursuzluğa düçar olmasına gətirib çıxarır” – bu isə Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik” hesabatında bildirilib.

 

Hesabata görə, dünyanın ən inkişaf etmiş 30 bankı özündə 43 trilyon ABŞ dolları aktiv saxlayır. Bu rəqəm 2006-cı ildə 30 trilyon dollar olub. Nəticə isə ona gətirib çıxarır ki, ABŞ, Çin, Avropa bazarlarında təmərküzləşmə artır.

 

“Avropada banklar 10 ildir ki, elə də böyük göstərici əldə etməyib, inkişaf aşağı səviyyədədir. Eyni zamanda bir çox Avropa ölkəsi kreditlərlə bağlı icraatlara əməl etmirlər. Amerika prezidenti Donald Trampın isə böhran sonrası tənzimlənmə sistemlərinin geri qaytarılması planı daha təhlükəsizdir” – Dünya İqtisadi Forumu bildirir.

 


Sirkə nə qədər tünd olsa, öz qabını çartladar...

 

Dünyanın zəngin təbii sərvətlərinə malik olan Rusiyanın da vəziyyətinin qənaətbəxş olmaması problemlər yaradır. Bunun bir səbəbi də Rusiyanın ekspansioist siyasəti və hikkəsidir. İşğal etmək ənənəsini yaşadan Rusiya,  necə deyərlər özünün güclənən imperiya hisslərinin əsirinə çevrilib. Söhbət Krımın işğalından gedir, məlumdur ki, bundan Rusiya yalnız coğrafi məkan baxımından qazandı, torpaqlarını bir az da genişlətdi. Lakin, bu, onun üçün baha başa gəldi.

 

Təsadüfi deyil ki, Krımın işğalından sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən bir çox iş adamları milyardlarla dollar itirib, eyni zamanda rubl dollara nisbətdə ucuzlaşıb, ölkənin iqtisadi dövranı laxtalanıb. Düzdür, Rusiya öz rezervləri hesabına problemləri müəyyən qədər həll etdi, amma onun iqtisadi sahədəki mövqeləri o qədər də möhkəmlənməyib.

Rusiya prezidenti Vladimir Putin bu il verdiyi açıqlamaya görə ölkəsi sanksiyalara görə 52 milyard dollar itirib.

Lakin nəzərə alaq ki, itirən tərəf təkcə Rusiya deyil, sanksiya tətbiq edənlər də bu oyunda o qədər də böyük gəlir əldə etmir, əksinə uduzur.

 

Putinin dediyinə görə, Qərb də bu sanksiyalara görə 100 milyard dollar itirib. Lakin bunlar Putinin dedikləridir, digər iqtisadi mənbələr isə Rusiyaya dəyən ziyanın daha çox olduğunu (100 milyard dollardan çox) bildirirlər.

 

Qərb mənbələri bildirir ki, təkcə 2015-ci ildə Avropa rəsmi Moskvaya sanskiyanın nəticəsi olaraq 400 min iş yeri bağlanıb.

 

Deyilənləri və yazılanları, rəsmi məlumatları ümumiləşdirsək, hesab edə bilərik ki, dünya növbəti qlobal maliyyə böhranına hamilədir...

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir