Modern.az

Bakının yeni Baş Planına dair müşavirə keçirilib

Bakının yeni Baş Planına dair müşavirə keçirilib

4 Sentyabr 2009, 18:43

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar müşavirə keçirilib. Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun təşəbbüsü ilə baş tutub. 
Müşavirədə "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə məşğul olan İşçi Qrupun rəhbəri Novruz Eldarlı, İşçi Qrupun üzvü Feyzulla Quliyev, DTAK-nin Şəhərsalma şöbəsinin işçiləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aidiyyəti mütəxəssisləri iştirak ediblər.
Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təmsilçiləri Abşeron yarımadasında ərazilərin təyinatı üzrə istifadəsi və məşğulluğu barədə müvafiq məlumat veriblər.
"Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə bağlı məsələlər - Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və ətraf qəsəbələrin ərazilərini əhatə edən strateji inkişaf konsepsiyasına daxil olan ərazi planlaşdırılması, nəqliyyat və mühəndis infrastrukturunun inkişafını nəzərdə tutan işlərin gedişi barədə geniş fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, zəruri dəqiqləşdirmələr aparmaqla bu işlərin miqyası genişləndirilməli və vaxtaşırı monitorinqlər təşkil edilməlidir. Qeyd edək ki, bu ayın sonlarınadək "Böyük Bakının Regional İnkişaf Planı"nı hazırlayacaq şirkətin adı məlum olacaq.
Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. Məhz həmin planda yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus, avtobus nəqliyyatından təmizləmək üçün sürətli və rahat nəqliyyat növü-metronun tikintisi qərara alınıb. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 2005-ci ildən isə «Böyük Bakının Regional İnkişaf Planı»nın hazırlanmasına başlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına gprə, «Böyük Bakının Regional İnkişaf Planı» adlı kompleks layihələr Dünya Bankının krediti hesabına maliyyələşir. Bu işə 5 milyon dollar ayrılıb. Həmin vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tenderə buraxılan şirkətlərin nümayəndələrilə keçirilən sonuncu toplantıda yeni Baş planla bağlı müzakirələr aparılıb, tövsiyyələr verilib. Dövlət Komitəsi Böyük Bakı dedikdə bütün Bakı şəhəri, Sumqayıt və Abşeron rayonunun ərazisini, başqa sözlə Abşeron yarımadasını nəzərdə tutur. Yeni Baş plan bütöv yarımadanı əhatə edəcək. 2011-ci ildə başa çatdırılacaq bu ərazi planlaşdırılma sənədi Abşeron yarımadasında məskunlaşma və gələcək inkişafın istiqamətlərini müəyyənləşdirəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi «Böyük Bakının regional inkişaf planı»nın hazırlanmasına dair beynəlxalq müsabiqədə ABŞ, İngiltərə, İsrail, Almaniya və Niderlandı təmsil edən 6 şirkət iştirak edir. Bakının yeni Baş planını hazırlayacaq təşkilat «Moshe Zur Architects Town Planners Ltd.» (İsrail), «Scott Wilson» (İngiltərə), «GHK Consulting» (İngiltərə), «EDAW/AECOM» (ABŞ), «Urban Solutions» (Niderland), «AS&P Albert Speer & Partners GmbH» (Almaniya) şirkətlərindən biri olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə etdiyimiz məlumata görə, artıq tenderin qalibi təxmini olaraq müəyyənləşdirilb. Qalır onun adının elan olunması. Komitədə hesab edirlər ki, son 20 ildə aparılan tikinti işləri zamanı köhnə Baş Plandakı bir sıra tələblər nəzərə alınmayıb, şəhərin 22 min hektar ərazisinin 4 min hektarında işlər xaotik şəkildə görülüb. Qurumun rəsmiləri bir və ikimərtəbəli evlərin həddindən artıq çoxluğunu şəhər üçün çox ciddi problem sayırlar. İşlərin xaotik aparılması nəticəsində Bakının amfiteatr quruluşu pozulub. Komitənin tədqiqatlarına gprə, Bakının ərazisinin 213 min hektar olmasına baxmayaraq, paytaxt əhalisinin 85%-i yalnız 22 min hektarda məskunlaşıb. Xüsusilə Dübəndi, Türkan, Hövsan, Zabrat və Badamdara kimi ətraf şəhərciklərin plansız tikintisinin gələcəkdə şəhərsalma işlərinə əlavə çətinliklər törədəcəyi ehtimal olunur. Məsələn, 130 mindən çox əhalinin məskunlaşdırılacağı Badamdar yaylası azmərtəbəli binalarla tutulub ki, bu da problemlərdən biridir.
Yeni Baş plana şəhərsalmanın gələcək inkişafını əhatə edəcək torpaqlarla yanaşı, köhnə binaların yenidən qurulması və ya tamamilə sökülməsi daxil ediləcək. Komitədən verilən məlumata görə, Bakıda 1,5 min hektar ərazi yaşayış üçün heç bir şəraiti olmayan evləri əhatə edir və bu sahələr mütləq təmizlənməlidir. Yeni Baş Plana görə gələcəkdə neftlə çirklənmiş ərazilər təmizlənməli, məişət sularının axıdıldığı iri və xırda göllər qurudulmalı onların ərazisindən səmərəli istifadə olunmalıdır.

Ə.QAFARLI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir