Modern.az

Sənət adamları ona ürək sözlərini deməyə çəkinməzdilər  

Sənət adamları ona ürək sözlərini deməyə çəkinməzdilər   

Ədəbi̇yyat

6 Noyabr 2017, 12:58

6 noyabr tarixi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Qılman İlkinin vəfat etdiyi gündür.


Qılman İsabala oğlu Musayev 1914-cü ilin aprelində Bakının Mərdəkan kəndində anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru olub.

 

1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. M.F.Axundov adına Dövlət mükafatı laureatı (1967) , Azərbaycanın əməkdar incəsənət xadimi (1989), Xalq yazıçısı, Prezidentin fərdi təqaüdçüsü idi.

 

Qılman İlkin "Çalpapaq", "Torpağın dərdi", "Teleqram", "Ultimatum", "Zənbil" kimi povest və hekayələrin, "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Dağlı məhəlləsi", "Madam Qədri", "Tayqa nağılı", "Körpə siyənək", "Hərənin öz aləmi, öz taleyi" kitablarının, "Şimal küləyi" romanının müəllifiidir.

İndiyə qədər yazıçının 30-da qədər kitabı işıq üzü görüb.

"Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini Qılman İlkin yazıb. 

 

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı Qılman İlkin haqqında Modern.az-a danışarkən onu gözəl tədqiqatçı alim adlandırır. O, yazıçının “Bakı və Bakılılar” əsərini yaradıcılığının şah əsəri hesab edir:

“Bu, yalnız bədii publisistik əsər deyil, həm də tədqiqat əsəridir. Çağdaş nəsillərə Azərbaycanı tanıtmaq üçün çox yaxşı əsərdir. Əsər Bakının tarixindən, qonşu dövlətlərin Bakıya münasibətindən, talamaq üçün əl atdığı məkirli siyasətdən bəhs edir”.

Qərənfil xanım Qılman İlkinlə ilk tanışlığının da bu əsərlə bağlı olduğunu qeyd edir:

“1984-cül ildə mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alırdım. Müəllimim məni qəzetdə yazı hazırlamaq üçün həmin kitabın təqdimatına göndərdi. Aramızdakı yaş fərqinə baxmayaraq, həmin gündən Qılman müəllim dünyasını dəyişənə qədər bizim dostluğumuz başladı”. 

 

Əməkdar jurnalist arxivdə işləmək bacarığını yazıçıdan öyrəndiyini bildirir.

“Arxiv materialları ilə necə işləmək, faktları necə toplamaq, doğruluğunu üzə çıxarmağı mənə öyrətdikləri üçün Qulam Məmmədliyə və Qılman İlkinə çox borcluyam. Sonuncu dəfə yoldaşı dünyasını dəyişəndə onların evində olmuşam. Qılman müəllimi ilk dəfə idi ki, elə məyus, kimsəsiz görürdüm. Üzündə qəribə bir nur var idi”.

 

Qılman İlkin 1941-1945-ci illərdə İranda “Vətən uğrunda” qəzetinin redaktoru və yazarı olub. Jurnalist, publisist və ən əsası da insan kimi yaddaşlarda qalıb. Oğlu Ayaz Musayev də hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışır.

 

Ayaz Musayev atasını daxilən mülayim, təmkinli, qürurlu və əsl ziyalı adlandırır. Onun sözlərinə görə, Qılman İlkin ətrafındakı insanlara çox inanan, hamıyla ünsiyyət yaratmağı bacaran, böyüklə böyük, kiçiklə kiçik ola bilən insan idi.



“O, çox qonaqpərəst idi, dostlarını və ürəyinə yatan adamları evinə dəvət edib onlar ilə görüşməkdən xüsusi zövq alardı. Mən gözümü açıb evimizdə yazıçıları, müxtəlif sənət adamlarını görmüşəm”. 


Ayaz müəllim qeyd edir ki, atası sənətkarlarımızın əsərlərinin çox qayğısına qalardı.


“Xüsusilə cavan, yaradıcı kadrlara öz diqqət və vaxtını əsirgəmir, onların əsərləri ilə tanış olub tənqidi fikirlərini çatdırır, hər birini yazıb-pozmağa sövq edib həvəsləndirərdi. Son dərəcə obyektiv və prinsipial olduğu üçün sənət adamları ona ürək sözlərini deməyə çəkinməzdilər. 

Mən atamın əsərlərinin ilk oxucusu, bəzi əsərlərinin rus dilinə tərcüməçisi, hətta redaktoru olmuşam. O çox zaman yaradıcılığında tarixə müraciət edərdi. Atam tarixi faktlara dəqiqliklə yanaşır, onlardan kənara çıxmağı xoşlamırdı. Ata kimi çox qayğıkeş idi. Onun varlığını mən həmişə özümə nümunə saymışam. Yaradıcı şəxsiyyət kimi də qiymətini alıb. Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi idi”


Qılman İlkin artıq səkkiz ildir ki, haqq dünyasındadır. Onun işıqlı xatirəsi doğmalarının, dostlarının, onu yaxından tanıyan və sevən insanların qəlbindədir.

                                                                                                
Nəzrin Rüstəmova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu