Modern.az

Bakcell SMS Kampaniyasının nəticələrini elan edib

Bakcell SMS Kampaniyasının nəticələrini elan edib

Mədəni̇yyət

16 İyun 2011, 18:53


Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin genişləndirilməsinə dəstək məqsədilə keçirdiyi SMS kampaniyasının nəticələrini elan edir. Bakı Avropa Liseyinin nəzdində yerləşən Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzində (İƏRM) keçirilmiş tədbirdə Bakcell şirkəti UAFA təşkilatına 46 000 AZN məbləğində “Böyük çek”i  təqdim edib.

Bakcell-in Korporativ Sosial Məsuliyyət proqramı olan “Bakcell Stars” layihəsi çərçivəsində Bakcell abunəçiləri 1155 qısa nömrəsinə SMS göndərməklə kampaniyaya 1 AZN yardım ediblər. Qeyd edək ki, UAFA və Bakcell “Əlilliyi olan uşaqların incəsənət vasitəsilə ünsiyyət bacarıqlarının artırılması” layihəsini 2010-cu ilin fevralından həyata keçirir. Layihə çərçivəsində bu günədək 60 fiziki və əqli cəhətdən qüsurlu uşaq rəqs, rəsm və foto dərslərində iştirak edib. Bu fəaliyyətlərdə iştirak nəticəsində uşaqların fiziki, intellektual və sosial bacarıqları inkişaf edib. 3 mart 2011-ci il tarixində keçirilən “Mənim əlvan arzularım” adlı tədbirdə Bakcell Stars və UAFA-nın birgə layihəsində iştirak edən uşaqların yaradıcı işlərindən ibarət sərgi və konsert proqramı nümayiş olunub. Tədbirdən sonra Bakcell UAFA-nın əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin davam etdirməsinə dəstək məqsədilə SMS kampaniyası elan edib.

Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer Yasamal İƏRM – də toplaşan “Bakcell Stars” layihəsinin uşaqlarını, onların valideynlərini, müəllimlərini, eləcə də mərkəzin uşaq inkişafı üzrə mütəxəssislərini və UAFA-nın heyətini salamlayıb və UAFA təşkilatının direktoru xanım Qven Börçellə “Böyük Çek” i təqdim edib: “Bu yardım uşaqların həyatına böyük təsir göstərəcək. Bakcell olaraq biz inanırıq ki, hər bir uşağa öz arzularını reallaşdırmaq üçün imkan yaradılmalıdır. Biz əlilliyi olan uşaqlara öz sosial və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə həvəsləndirən tədbirlərdə iştirak etməsi üçün imkan yaratmaqla onlara olan dəstəyimizi göstərməyə çalışırıq”.

Xanım Börçel Bakcell abunəçilərinə və Bakcell şirkətinə əlilliyi olan uşaqlara göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürünü bildirib: “Bu uşaqlar və onların ailələrinin cəmiyyətə tam inteqrasiyası və özlərini cəmiyyətin bərabər hüquqlu üzvü hiss etmələri üçün ictimai dəstək çox vacibdir. Bakcell və onun abunəçiləri bu əhəmiyyətli sosial mesajı ictimaiyyətə çatdırmaqda əvəzsiz rol oynayıblar. Belə ki, əlil uşaqlar və onların ailələri insanların çox zaman dəyərləndirmədiyi fəaliyyətlərdə iştirak etmək imkanı əldə edirlər”.

Əldə olunan  nailiyyətləri davamlı etmək və Azərbaycanın digər rayonlarında yaşayan əlil uşaqlar və onların ailələri üçün də bu cür fəaliyyətləri təşkil etmək məqsədilə UAFA bu layihəni İcma Əsaslı Reabilitasiya Mərkəzinin Xaçmaz və Gəncədəki filiallarında da həyata keçirmək niyyətindədir. Yasamal mərkəzində daha çox əlil uşağı layihəyə cəlb etməklə rəqs, incəsənət və foto çəkiliş dərsləri davam etdiriləcək, eləcə də teatr və tikiş dərsləri təşkil ediləcək. Xaçmaz və Gəncədə isə UAFA uşaq mütəxəssisləri üçün təlimlər keçirəcək, əlilliyi olan uşaqlar üçün incəsənət, peşə, idman və rəqs kursları təşkil edəcək. 

Bakcell Stars – UAFA layihəsində iştirak edən uşaqların valideynləri Bakcell şirkətinə və abunəçilərinə dəstəyə görə və bu layihənin uşaqların həyatına gətirdiyi mühüm dəyişikliklərə görə öz təşəkkürlərini bildiriblər. Uşaqlar öz əl işlərini – rəsm və foto şəkillərini nümayiş etdirib və qonaqlar qarşısında gözəl rəqs nömrəsi ilə çıxış ediblər. 

Azərbaycana Birgə Yardım (UAFA) 1998-ci ildə təsis edilib və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir. Təşkilatın əsas məqsədi əlilliyi olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və Azərbaycan hökumətinin dövlət uşaq müəssisələrində olan uşaqların sayının azaldılmasına yönəldilmiş deinstitutlaşdırma islahatına dəstək verməkdir.

Save the Children (Uşaqların Xilası), SOS Uşaq Kəndləri, Sosial Xidmətlər Təşəbbüsü və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatları tərəfindən həyata keçirilən uşaq yönümlü layihələrə dəstək göstərən “Bakcell Stars” proqramının uzun müddətli strateji məqsədi uşaqların istedadlarını inkişaf etdirməklə onların gələcəyinə sərmayə qoymaqdır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir