Modern.az

MTN narkotik qaçaqmalçılarını zərərsizləşdirib

MTN narkotik qaçaqmalçılarını zərərsizləşdirib

19 Noyabr 2009, 16:19

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daşımaqla məşğul olan şəxsləri zərərsizləşdirib. Onlardan ümumilikdə 104 kiloqramdan artıq narkotik maddəmüsadirə olunub.

Modern.az xəbər verir ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Şamil Əzizəliyev, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və digərləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Müəyyən edilib ki, İran vətəndaşları təxminən 62 kiloqram həşişi və 800 qrama yaxın heroini qaçaq yolla İrandan Cəlilabad rayonu istiqamətində keçirib Mikayıllı kəndinə gətirərək Ş.Əzizəliyevə təhvil veriblər. Ş.Əzizəliyev narkotik vasitələri yaşadığı Mikayıllı kəndindəki evinin zirzəmisində gizlədib və sonradan həmin iranlıların deyəcəyi şəxsə çatdırması üçün tapşırıq gözləyib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əzizəliyev yaxalanıb və onun yaşadığı Mikayıllı kəndindəki evinə keçirilmiş baxış zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə daha bir cəhdin qarşısı alınıb. Belə ki, Azərbaycan vətəndaşı Rauf Məmmədov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
İran vətəndaşı narkotik vasitəni R.Məmmədova çatdırıb. Məmmədov narkotiki gizlətmək istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilmiş baxış zamanı 41 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanıb.


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi