Modern.az

Eks-nazirdən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”na reaksiya: “...Müsbət haldır”

Eks-nazirdən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”na reaksiya: “...Müsbət haldır”

Aktual

8 Noyabr 2017, 09:37

Müxtəlif formatda təşkilatların Qarabağ  probleminin həlli istiqamətində fəaliyyəti demək olar ki, bu günə qədər nəticə verməyib.

Belə bir vaxtda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yeni yanaşma ilə ortaya çıxması cəmiyyətdə birmənalı qarşılanmır.

 

Bu məqamda “təşkilat sülh əldə edə biləcəkmi, qarşıya qoyulan hədəflərə çata biləcəkmi” kimi suallara cavab axtarılır.  

 

Məsələyə fərqli yanaşmalar var və bunu da təbii qarşılamaq lazımdır. Hər şey “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın fəaliyətindən asılı olacaq.

Bəs siyasi ekspertlər bu barədə nə düşünür?

Məsələn, Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov...

 

Onun Qarabağ məsələsi ilə bağlı zaman-zaman özəl münasibət sərgilədiyini nəzərə alsaq, Platformaya yanaşması maraq doğurur.

Regionda sülhün bərqərər olması üçün uzun illərdir danışıqların getdiyini bildirən diplomat Modern.az-a deyib ki, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” rəsmi danışıqları əvəz edə bilməz.

Onun fikrincə, sadəcə olaraq bu Platforma sülh prosesinin mərhələlərində dəstəkverici rola malikdir.


Sabiq nazir düşünür ki, Platforma təklikdə Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaran amil deyil.

 

“Ancaq rəsmi danışıqlarla bir yerdə, paralel şəkildə hansısa köməkçi funksiyasını həyata keçirə bilər”.

Eks-nazir “Ermənistan-Azərbaycan Sülh Platforması”nın ümumilikdə Cənubi Qafqaz regionundakı münaqişələrə təsiri perspektivinin asan olmadığını da qeyd edib.

 

“Platformanın Cənubi Qafqazdakı münaqişələrə təsirinin olub-olmayacağını demək çətindir. Amma rəylərin hazırlanması, uzun illərdən sonra ictimaiyyətlərin biri-biri ilə yaxınlaşması müsbət haldır. Lakin konflikti təşkil edən məsələlər rəsmi danışıqlarda həll olunmalıdır. Əgər siyasi iradə varsa...

 

Təəssüflər olsun ki, Ermənistan tərəfinin belə siyasi iradəsi yoxdur. Buna görə Platforma kimi yardımçı metodlar işə salınır”.

 

Bu ilin 30 oktyabrında Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib.


Qurultayda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 19 nəfərdən ibarət idarə heyəti,  29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb.  

19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.

Keçirilən seçkilərin nəticələrinə əsasən, aşağıdakılar “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinə üzv seçiliblər:

 

Erməni təmsilçiləri:

 

1. Oksana Altunyan (mühəndis, ictimai fəal)
2. Erik Xaçaturov (iş adamı)
3. Rimma Sarkisova (ictimai fəal)
4. Artur Ağacanov (tarixçi alim)
5. Rafael İsaxanyan (iqtisadçı alim, araşdırmaçı)


Azərbaycanlı təmsilçilər:


6. Novella Cəfərova (hüquq müdafiəçisi)
7. Rizvan Hüseynov (tarixçi)
8. Umud Mirzəyev(BAMF-ın sədri)
9. Kamil Səlimov (hüquq elmləri doktoru)
10. Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü)


ATƏT-in Minsk Qrupuna üzv olan digər 9 ölkənin təmsilçiləri:


11. Xuan Karlos Mendez (Kaliforniya Vefil Mərkəzini Yepiskopu, ABŞ)
12. Yevgeni Mixaylov (siyasi şərhçi, Cənubi Rusiya İnformasiya Agentliyinin rəhbəri, Rusiya)
13. Pier Tregomain (Sarbon Universiteti, Tarix üzrə PhD, Fransa)
14. Goran Lindbald (AŞPA-nın keçmiş Vitse-Prezidenti, İsveç)
15. Jaakko Laakso (Keçmiş parlamentar, Finlandiya)
16. Sergey Simanovski (siyasi elmlər doktoru, Belorusiya)
17. Selin Şenocak (YUNESKO-nun Mədəni Diplomatiyasının direktoru, Türkiyə)
18. Domeniko Letizia (l’Opinione qəzetinin siyasi şərhçisi, İtaliya)
19. Mattias Dornfeldt (Berlin Xəzər Araşdırmalar İnstitutunun rəhbəri, Almaniya).


İdarə Heyətinin seçkilərindən sonra “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 3 nəfərdən formalaşan Mərkəzi Nəzarət-Təftiş Komissiyasına Süzan Caginyan (jurnalist, Ermənistan), Səidə Qocamanlı (hüquq müdafiəçisi, Azərbaycan) və Stanislav Raznievski (Polşa-Gürcüstan Dostluq Cəmiyyətinin sədri, Polşa) seçiliblər.

Qurultayın Yekun Qərarı və Qurultay iştirakçılarının Bəyanatı qəbul olunub. Qurultay Platformanın Tbilisi, İrəvan və Bakıda ofislərinin açılması, Ermənistan və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib.

 

Aqşin KƏRİMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!