Modern.az

Əvəz Ələkbərov: “Hamısı şayiədir, münasibətlərə kölgə salmaq üçündür”

Əvəz Ələkbərov: “Hamısı şayiədir, münasibətlərə kölgə salmaq üçündür”

8 Noyabr 2017, 10:54

Sabiq maliyyə naziri, professor Əvəz Ələkbərov Modern.az saytının suallarını cavablandırıb.

 

“Bunlar hamısı şayədir! Reallıqdan uzaq və münasibətlərə kölgə salmaq missiyası həyata keçirir”

 

- Dünya bazarında neftin qiyməti nisbətən artıb, bunun Azərbaycan iqtisadiyyatına, fiskal və monetar siyasətə müsbət təsiri nədən ibarətdir?

 

- Dünyada neftin qiymətinin stabilləşməsi və onun bir barelinin 63 ABŞ dollarını keçməsi neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün olduqca müsbətdir.

 

Bu, həm monetar baxımdan ölkəyə daxil olan valyutanın miqdarını, valyuta ehtiyatlarının həcmini artıracaq, manatın daha da möhkəmlənməsinə qulluq edəcək və qiymətlərin daha da stabilləşməsinə gətirib çıxardacaq. Həmdə fiskal baxımdan dövlət büdcəsinə daxil olan vəsaitlərin artmasına, büdcənin manevr imkanlarının möhkəmlənməsinə və real sektorun inkişafına müsbət təsir edəcək. Cənab Prezident İlham Əliyevin imzaladığı qərarlarla bağlı strateji yol xəritələrində qoyulan hədəflərə nail olmağa imkan verəcək.

 

- Əvəz müəllim, son zamanlar mətbuatda, xəbərlər portalında, instagram səhifələrində Sizin Azərbaycan Dövlət İqtisad Universitetinə rektor təyin olacağınızla bağlı məlumatlar yayılıb. Bu deyilən və yazılanlara münasibətiniz necədir?

 

- Mən bir neçə dəfə mətbuat səhifələrində və öz müsahibələrimdə universitetimizdə görülən pozitiv işləri vurğulamışam, islahatların gedişi barədə məlumat vermişəm. Bu kollektivdə mənim missiyam bir kafedra müdiri kimi Respublika Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qoyduğu qaydalar çərçivəsində öz vəzifələrimi yerinə yetirməkdir.

 

Mətbuatda, müxtəlif portallarda və sosial şəbəkələrdə yayılan məlumatlar şayiədir, heç bir reallığı əks etdirmir və kimlərin vasitəsi ilə bu şayələrin yayıldığı mənə məlum deyil. Mən heç vaxt Azərbaycan Dövlət İqtisad Universitetinə rektor gəlməyi arzulamamışam və xəyalıma da gətirmirəm.

 

Həm də bu şayiələr universitet rəhbərliyinin gördüyü işlərə kölgə salır, kiminsə vəzifəyə qoyulub-çıxarılması mətbuat səhifələrinin muzakirəsinə aid deyil. Ancaq Respublika Prezidentinin səlahiyyətlərinə daxildir. Bu barədə mənim heç kimlə, o cümlədən millət vəkilləri ilə söhbətim olmayıb və olmayacaq. Xahiş edirəm bu söz-söhbətə son qoysunlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir