Modern.az

Yerli telekanallardan milli musiqilərə HÖRMƏTSİZLİK - Məqsəd nədir?  

Yerli telekanallardan milli musiqilərə HÖRMƏTSİZLİK - Məqsəd nədir?   

Media

8 Noyabr 2017, 14:41

Azərbaycan teleməkanında müəyyən problemlərin olduğunu  bilirik.  Problemin böyüklüyü və ya kiçikliyi önəmli deyil, əsas məsələ bunu aradan qaldıra bilməkdir. Məsələn, əksəriyyət bəzi verilişlərdə türk serial musiqilərinin səsləndirildiyini görməmiş olmaz. Halbuki, bizim kifayət qədər gözəl musiqi nümunələrimiz var. Xüsusilə də sosial yüklü verilişlərdə bu hallarla daha çox qarşılaşırıq. Hətta bəzən xəbər proqramlarında belə, əcnəbi musiqilər səsləndirilir.


Azərbaycan verilişlərində əcnəbi musiqilərin səsləndirilməsi nə dərəcədə düzgündür?


Media eksperti  Zeynal Məmmədli Modern.az-a
bildirib ki, məsələnin bir neçə tərəfini nəzərdən keçirmək lazımdır:

“Verilişlərdə hansı musiqinin səsləndirilməsi o qədər prinsipial deyil. Əsas  məsələ müəllif hüquqlarının pozulub-pozulmamasıdır. O musiqidən istifadə etmək üçün icazə alınıbmı?  Musiqidən bir sitat vermək olar, bunun icazə verilmiş həddi var və müəllif hüquqları haqqında qanunla tənzimlənir.  İlk növbədə pozuntunu bu istiqamətdə axtarmaq lazımdır.  Jurnalistika üçün daha prinsipial ikinci məsələ budur ki, xəbər proqramlarında  manipulyasiya edib yönləndirə bilməzsən.  İstəyir türk, amerikan, istəyir  Azərbaycan serialından  olsun, əgər burada musiqidən istifadə edirsənsə, deməli xəbərləməklə yox, yönləndirməklə məşğulsan. Bu da yolverilməzdir.  Əgər musiqi xəbərin predmentidirsə, olar. Başqa hallarda isə birmənalı olmaz. Jurnalist olaraq  məsələdə əsas bu məqamlara fikir verməliyik. Musiqilər yönlədirməyə yol açır.  Digər tərəfdən isə qeyd etdiyim kimi, müəllif hüquqları ön plana çıxmalıdır”.

Z.Məmmədli qeyd edib ki, əgər tamaşaçıları duyğulandırmaq istəyiriksə, ilk növbədə öz musiqilərimizə müraciət etməliyik:

“Bu gün tamaşaçının diqqətini çəkmək, onu ovutmaq, stress atmaqda kömək etmək istiqamətində görünür, öz musiqilərimizlə bağlı çeşidli imkanlar yoxdur.  Yaddaşda qalan, məşhur  musiqilər baxımından krizis yaşanır. Bu da artıq mədəniyyətimizin problemidir. Türk seriallarının musiqiləri mədəniyyət baxımından bizə yaxındır. Onların təsir gücü bizim musiqilərimizdə də ola bilər. 

Həmçinin verilişlərdə məqsəd bilgiləndirmək, yoxsa stress atmaqdır? Öncə bunu müəyyən etmək lazımdır.  Xoşqədəm tipli verilişlərdə məqsəd bilgilərdirməkdir, amma stress atan  vasitələrdən də istifadə etmək olar. Buna kompleks  halda əyləndirmək deyək. Əgər duyğulandırmaq istəyiriksə, sözsüz, ilk növbədə öz musiqilərimizdən istifadə etmək lazımdır. Bu zaman müəllif hüquqları qorunmaq şərti ilə musiqidən istifadəyə  görə müəlliflərə  qonorar yazılır. Bu yolla yaradıcılıqla pul qazanmaq fikrini insanlara aşılamaq da mümkün olur. Bizim verilişlərdə xarici musiqilərdən yeri gəldi-gəlmədi istifadə etmək haqqında ciddi düşünmək lazımdır.  Bu ciddi peşəkarlıq problemidir və qanun pozuntuları ola bilər”.

Müsahibimiz düşünür ki,  Milli Televiziya və Radio Şurası (MTRŞ) da bu məsələlərə nəzarət etməlidir:


“Elə məsələlər var ki, vətəndaşlar, musiqisi səsləndirilən müəlliflər  problem olduğu halda quruma müraciət etməlidir. Təəssüf ki, bizim təcrübəmizdə tamaşaçı qrupu adlanan bir şey yoxdur. Tamaşaçı qrupu verilişlərin səviyyəsini, orjinallığını qorumaq üçün müəyyən təşəbbüslərlə çıxış edib məsələnin həllinə nail ola bilərlər. Amma bu o demək deyil ki, MTRŞ nəsə edə bilməz.  Bir şeyi qadağan etməklə heç nə əldə etmək olmur. Yoxsa bizim MTRŞ da Azərbaycan DYP-sinə oxşayar. Onlar sanki işarələri sürücü çaşsın deyə qoyur və cərimə üçün bundan istifadə edirlər. Televiziya da belədir. MTRŞ qadağalarla deyil, yardım, tövsiyyə etməklə məsələnin həllinə çalışa bilər”.


Kulturoloq Aydın xan Əbilov
bildirib ki,  Azərbaycanda hər zaman xaricdən gələn məhsulun daha dəyərli , sanballı olduğu və cəmiyyətin bunu daha yaxşı qarşılayacağı düşünülür:

“Bu mənada müxtəlif televiziyalarda, xüsusilə də sosial yönümlü proqramlarda insanların alt şüuruna təsir etmək məqsədilə  türk, Avropa musiqilərindən gen-bol istifadə etmək yaxşı hal deyil. Düzdür, mədəniyyət, incəsənət, ədəbiyyat nümunələrinin milliyyəti olmur və o, bəşəriyyətə məxsusdur. Lakin  Fransanın və bir sıra ölkələrin televiziyalarında ingilis dilli, Amerika mədəniyyət məhsullarından geniş  istifadəyə qarşı qəti qadağan qoyulub. Hətta Amerikan filmlərini də öz ekranlarında çox az yayımlayırlar. Azərbaycanda da prezidentin sərəncamına əsasən, teleməkanımızda audioviziual məhsullar, əcnəbi filmlər, hətta türk filmləri belə  peşəkarcasına öz  dilimizə çevrilib təqdim olunmalıdır. Düşünürəm ki, bunu yavaş-yavaş musiqilərə, ədəbiyyat-incəsənət məhsullarına da  şamil etmək olar. Bu məsələyə kompleks halda baxılmalıdır. Hətta ən yaxın xalqların musiqilərindən geniş istifadə etmək qəbuledilməzdir”.

Kulturoloq  deyib ki, verilişlərdə millətin təəssübkeşliyinə önəm verilməlidir:

“Bu tipli verilişlər cəmiyyətin alt şüuruna təsir edir. Bu musiqiləri verməklə intellektual səviyyəsi yüksək olmayan Azərbaycan kütləsinin bir növ estetik düşüncəsini  yaralamış oluruq. Digər tərəfdən bugünkü gənclər nəinki bizim musiqi, filmlərimizi, hətta geyimlərimizi, yeməyimizi belə, bəyənmirlər. Toyda atasından pul alıb dönər və ya bu kimi hazır qida və içki alanları da görmüşəm. Musiqi də belədir. Əgər bu gün millət öz musiqilərimizə deyil, əcnəbi musiqilərə üstünlük verəcəksə, sözsüz ki, onun mənəviyyatı dağılacaq. Yaxın gələcəkdə manqut millət kimi yaşamalı olacağıq. Bu baxımdan Milli Televiziya və Radio Şurası bu məsələləri xüsusi diqqətdə saxlamalıdır.

Eyni zamanda, həmin verilişləri hazırlayan prodüserlər, rejissorlar, aparıcılar mümkünsə, millətin təəssübkeşliyinə önəm verməlidirlər.  Verilişlər, filmlər də mədəniyyətin bir növüdür. Azərbaycan xalqı həmişə bəşəriyyətə açıq olub. Amma bu o demək deyil ki, bütövlükdə öz dəyərlərimizi qırağa qoyub,  digər ölkələrin dəyərlərini qəbul etməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu