9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Modern.az saytı bu gün münasibətlə bayraqlardan bəhs edən yazını təqdim edir.
Ən qədim bayraq
Dünyanın ilk bayraqları Hindistan və Çində olub. Bu çox qədim tarixə təsadüf etdiyindən hansı ölkədə birinci olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Bu günə qədər istifadə olunan ən qədim bayraq isə Dannebroq bayrağıdır. Tarixə nəzər yetirsək Dannebroq bayrağının 13-cü əsrdə Danimarkanın dövlət bayrağı olduğunu görərik və elə bu gün də həmin bayraq adıçəkilən ölkənin dövlət bayrağıdır.
İkiüzlü bayraq
Paraqvay bayrağı dünyada yeganə bayraqdır ki, hər üzündə müxtəlif təsvirlər var. Bir üzündə sarı ulduz- ölkənin gerbi, digər üzündə dövlət xəzinadarlığının emblemi olan şir təsviri.
Dördkünc olmayan yeganə bayraq
Nepalın bayrağı formasına görə dünyada fərqlənən, yeganə dördkünc olmayan bayraqdır.
Birrəngli və təsvirsiz bayraq
2012-ci ilədək dünyada yeganə birrəngli bayraq Liviya bayrağı olub. Belə ki Liviya bayrağı birrəngli olmaqla yanaşı, həm də təsvirsiz olub.
Ölkəsi olmayan bayraq
1971-ci ildə Londonda qaraçılar öz bayraqlarını qəbul ediblər. Onu dünyanın ayrı-ayrı ölkələrində yaşayan bütün qaraçılar qəbul etsə də, bu bayrağın ölkəsi yoxdur. Əsl vətənlərini Hindistan hesab edən qaraçılar öz bayraqlarında Hindistanın bayrağının üzərində olan çarxı əks etdirməyi də unutmayıblar.
Beşulduz bayraq
Çin Xalq Respublikasının qırmızı rəngli bayrağında 1 böyük ulduz, 4 kiçik ulduz təsvirləri var. Böyük ulduz Kommunist Partiyasını ifadə edir. Kiçik ulduzlar isə ölkə siniflərini – kəndlilər, fəhlələr, kiçik burjuaziya və fəhlə sinfinin tabeliyində olan burjuaziyanı əks etdirir.
Hitlerin yaratdığı bayraq
Nasist bayrağı şəxsən Hitlerin özü tərəfindən yaradıldığı bayraqdır. Mübahisəli olan bu bayrağı istifadə etmək bir sıra ölkələrdə qadağan olunub. Hitler bayraqdakı rənglər haqqında qeyd edib ki, bu rənglərdən istifadə bizim ənənəmiz və keçmişə olan hörmətimizdir ki, bütün bunlar alman millətinə böyük şərəf gətirib.
Gələcəkdə Ermənistanın ola biləcəyi bayraq
Bayraqlar sırasında bir bayraq da var – Ağ bayraq. Bu bayraq beynəlxalq səviyyədə barışığın əldə edilməsi, yaxud müharibənin başa çatması və danışıqların aparılmasını xahiş etmək nişanıdır. Ağ bayraq həmçinin təslim olmaq niyyətini də bildirir, buna görə də adətən zəif hərbi tərəf bu bayraqla çıxış edərək danışıqlara başlamağı xahiş edir. Çox güman ki, güçlü Azərbaycan ordusunun qarşısında yaxın vaxtlarda bu bayraq Ermənistanın son ümid yeri olacaq.
Xankəndində dalğalanacaq bayraq...
Bu bayraq isə Azərbaycanın üçrəngli bayrağı olacaq. O, Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O dalğalandıqca şəhidlərimizin narahat ruhuna rahatlıq gətirəcək...
Müqəddəs bayrağımız mübarək...