Modern.az

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... - DAVAMI

Nərimanovun “Bahadır və Sona”sındakı gizli anlar, qaranlıq məqamlar... - DAVAMI

10 Noyabr 2017, 10:03

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Bahadırla Sona arasında “ruhani məhəbbət”...


Bahadır gedəndən sonra Sona çox darıxırdı. O, Bahadırın əksindən bir balaca əks çəkdirib örtülü medalyonun içində döşündən taxmışdı. Medalyonun içərisində nə olduğunu heç kəs bilmirdi.


Sonanın valideynlərinin bu məhəbbətə münasibəti necədir? Əsərdə bu suala cavabı tapmaq olur: “Sonanın atası və anası Bahadır ilə Sonanın arasında olan məhəbbətə qeyri bir nəzərlə baxırdılar. Bunlar fikir edirdilər: Bahadır Sonanı sevir, çünki Sonanın əxlaq-ətvarı, əqili, əqidəsi Bahadıra xoş gəlir. Sona Bahadırı sevir, çünki Bahadır nəhayətdə mülayim, ağıllı, qeyrətli, insaflı, ürəyi təmiz bir cavandır. Bahadırın müsəlman, Sonanın xristian olmağı Yusifi və Maşonu təşvişə salmırdı. Ata və ana qeyri bir şey fikirlərinə gətirməzdilər... Və qeyri bir fikirdə olmağa da bir bəhanə yox idi. İki növcavan həməvaxt bir-biri ilə qardaş-bacı kimi rəftar edirdilər.


Əcəba! Qardaş və bacı arasında olan təmiz məhəbbət iki növcavanın arasında ola bilməzdimi? İnsan insanı sevmək, bir-birinə məhəbbət bağlamaq təbiidir. Bir qızın bir oğlana olan “ruhani məhəbbətinə” təəccüb etməlimi?” Beləliklə, qeyd olunan bu bədii parçadan bir sıra suallara da cavab tapmaq olur. Məsələn, Bahadırın müsəlman, Sonanın xristian olmasının Yusifi və Maşonu təşvişə salmaması, ata və ananın (Yusif və Maşonun) qeyri bir şey fikirlərinə gətirməmələri (yəni Bahadırla Sonanın ailə qurması, evlənməsi barədə fikirlərinə heç bir şeyin gəlməməsi), qeyri bir fikirdə olmağa bəhanənin olmaması (yəni Bahadırla Sonanın sevgisinə ayrı bir nəzərlə baxmaq, ailə qurmaq, evlənmək nəzəri ilə baxmamaq), iki cavan arasındakı sevgini qardaş-bacı məhəbbəti kimi qəbul etmək, iki insanın (qız və oğlanın) bir-birini sevməsini təbii hesab etmək, bir qızın bir oğlana məhəbbətinə “ruhani məhəbbət” kimi baxmaq və ən nəhayət, bu “ruhani məhəbbət”də Bahadıra Sonanın əqlinin, Sonaya isə Bahadırın mülayim, ağıllı, qeyrətli, insaflı, ürəyi təmiz bir cavan olması xoş gəlir. Deməli, Bahadırla Sonanın “ruhani məhəbbət”ini ağıl, əqidə, mülayim və qeyrətli olmaq, insaflı və ürəyi təmiz olmaq kimi keyfiyyətlər birləşdirir. Əsərin sonuna qədər bu “ruhani məhəbbət” davam edir. Onlar öz aralarındakı “ruhani məhəbbət”i  heç yerdə görmür, heç bir oxuduqları romanlarda qarşılaşmırdılar. Romanda yazılır: “Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. Hətta ikisi də çoxluca romanlar oxuyarkən öz-özlərinə deyirdilər: bizim məhəbbətimiz qeyri bir məhəbbətdir! Haman romanlarda özlərini görmürdülər, bir növ sevinirdilər, şadlanırdılar...”


Bahadırla Sona arasındakı “ruhani məhəbbət” təmiz, saf məhəbbətdir. Heç kəsdə olmayan təmiz, saf məhəbbət. Onların məhəbbəti ali məhəbbətdir, bəlkə də və bəlkəsiz əqidə məhəbbətidir. Onların hər ikisi “Yox, belə bir təmiz, saf məhəbbət heç kimdə görünmür!” fikrində olurdular. Bu fikirdə olarkən “... hər ikisi öz aləmində qeyrilərinə  məğrurluqla baxardılar və hər adama elə bir ali məhəbbətin barəsində nəql etmək istəyirdilər... Fəqət belə bir fikirdə olarkən təklikdə hər biri öz aləmində bir “sual”dan xilas ola bilmirdilər”. Bahadırın və Sonanın təklikdə olarkən öz aləmlərində xilas ola bilmədikləri “sual” nə idi? Həmin “sual”ın cavabı varmı? Həmin “sual”ın cavabı həm Bahadır, həm də Sona üçün aydın idi, hər ikisinə məlum olan cavab idi. Əsərin özündən çıxış etməklə görürük ki, Bahadırı təklikdə olarkən narahat edən “sual”ın cavabı belədir: “Bahadır fikir edirdi: Mən Sona kimi bir vücuda ehtiyacım olmağını düşünürəm. Mən həmişə istərdim məni bir adam təmiz məhəbbətlə, var qüvvətlə sevsin, məni anlasın. Mənim əqidəmdə mənə yoldaş olsun. Sözsüz, feilsiz mənim ruhum nə hiss etdiyini düşünsün; belə bir vücudu mən tapdım. Sona haman aradığım vücud. Mən artıq dərəcədə xoşbəxtəm, deyilmi?” Buradan hər şey gün kimi aydındır. Bahadırın onu təmiz məhəbbətlə, var gücü ilə sevən, onu anlayan bir qıza ehtiyacı var. Eyni zamanda onun əqidəsinə yoldaş olan birisinə ehtiyacı var. O da Sonadır. Bahadır əqidə yoldaşını, onu təmiz məhəbbətlə, var gücü ilə sevəni, onu anlayanı tapdığı üçün özünü xoşbəxt sayır. Deməli, burada ailə qurmaqdan hələ söhbət getmir. Söhbət əqidə yoldaşı olmaqdan gedir. O əqidə yoldaşı ki, o, millətinin halı ilə maraqlanır, millətinə xidmət etmək üçün bütün cəfalara hazırdır. Axı Bahadırın özü belədir. Bahadır belə bir əqidə yoldaşı kimi rəfiqi Sultanın ona söhbət etdiyi türk-müsəlman qızını qəbul edə bilmir. Axı həmin türk-müsəlman qızı “mersi” deyib rusca danışır. Elmi söhbəti öz doğma dilində deyil, fransız dilində edir. “Ərə getmək istəyirsinizmi?” sualına cavab verir ki, “hamıdan artıq əfsərə...” Türk-müsəlman qızının anası deyir ki, “... bizim qız əlini isti sudan soyuq suya vurmaz. Ərə verəndə elə adama verəcəyəm ki, evdə heç şey etməsin. Uşaqlardan ötəri ayrı qulluqçu saxlasın, ev işlərindən ötəri də bir ayrısını”. Türk-müsəlman qızı “Türkcə yazmaq, oxumaq bilirsinizmi?” sualına cavab verir ki, “Türk dili nədir ki, ona gözəl vaxtımı çürüdəm və nəyə lazımdır...” Axı türk-müsəlman ola-ola, türk külfətindən çıxa-çıxa, əfsərə ərə getmək istəyən, fransız dilini bilməkdən ötəri öz dilini bəyənməyən, öz milli mədəniyyətinin deyil, başqa mədəniyyətin arxasında gedən bir kəslə (türk-müsəlman qızı ilə) necə əqidə yoldaşı olmaq olar? Odur ki, Bahadırın əqidəsində millətin, dilin, mədəniyyətin xidmətində cəfakeşlik göstərmək durur. Ancaq bu cəfakeşliyi erməni qızı Sona başa düşdüyü halda, Bahadırın rəfiqi Sultanın söhbət etdiyi türk-müsəlman qızı anlamır. Ona görə də Bahadırın və bu qəbildən olan düşüncə sahiblərinin əqidə yoldaşı erməni qızı Sona olur. Bahadırla Sona birfikirli cavanlardır. Sona Bahadırın “... bizim millət qeyri millətlərdən dalda qalıblar...”, “... elmsiz millət qabağa gedərmi?” fikirlərinə çox narahat olur. Ancaq bu fikirləri Bahadır rəfiqi Sultanın ona danışdığı türk-müsəlman qızı ilə bölüşə bilməz. Ona görə ki, rəfiqi Sultanın danışdığı türk-müsəlman qızının fikri, mövqeyi, əqidəsi tamam başqadır.


İndi də əsərdən çıxış edərək Sonanı təklikdə narahat edən “sual”a cavabı axtarmalı oluruq. O da tək olanda onu təmiz məhəbbətlə sevən, onu anlayan, ona əqidə yoldaşı olan bir adam barədə düşünür. Diqqət yetirək: “Sona da təklikdə həmin bu fikirləri (onu təmiz məhəbbətlə sevən, onu anlayan, ona əqidə yoldaşı olan – B.X.) başından keçirərkən “Mən artıq dərəcədə xoşbəxtəm, deyilmi?” sualını öz-özünə verərdi”. Bir sözlə, Bahadırla Sona arasındakı “ruhani məhəbbət” ailə qurmaq, evlənmək istəyindən uzaqdır. Bu istəyi onlar özlərindən qovurlar, özlərinə yaxın buraxmaq istəmirlər. Yenə də əsərə müraciət edək: “Fəqət hər ikisi “xoşbəxtəm, deyilmi?” sözlərini deyib də bir az fikrə gedirdilər... Başlarına ixtiyarsız qeyri bir fikir də gəlirdi... “Mən artıq dərəcədə xoşbəxtəm” sözlərindən sonra “Daha bizə bir şey də gərəkmi?” sualı bunları rahat qoymurdu. Bu “sualı” hər ikisi özündən kənar etmək istəyirdi, var qüvvələri ilə “daha bizə bir şey də gərəkmi?” sözlərini özlərindən qovurdular. Lakin ixtiyarsız bu sözlər yenə də fikirlərinə gəlirdi... Hətta bir gün Bahadır “bu sözləri” bilməzcə özündən rədd etmək üçün istədi bir bəhanə ilə mənzilini dəyişsin, ancaq gündə gəlib dərslərini versin, getsin. Sonra öz-özünə dedi: “Əcəba! Məndə o qədər qüvvəti qəlb olmadımı ki, belə fikirləri özümdən kənar edəm?!”


Sona isə “belə bu sözləri” meydana gətirən romanları daha oxumurdu, roman əvəzinə filosofiya kitabları oxuyurdu.


Bu minval Bahadır və Sona öz nəfslərini boğmağa çalışırdılar. Hərdənbir yenə belə fikirlərə düşüb gah qızarırdılar, gah bir-birini görəndə yerə baxırdılar...” Əsərdəki bu mətndə “Daha bizə bir şey də gərəkmi?” sualına cavab verilir. Cavab belədir ki, onların hər ikisi öz nəfslərini boğmağa çalışır, ailə qurmaq, evlənmək fikrini beyinlərinə gətirmirdilər. Onların bu pünhan məhəbbəti açıq qalmış medalyondakı Bahadırın əksini Maşonun görməsi ilə açılır. Sonanın anası Maşo ona deyir: “Sizin məhəbbətinizin çarəsini görməyirəm. Qızım! Sən ağıllı-kamallı, millətini, dilini sevən bir qız... Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan... Nə tövr etməli? Mən özüm də çaşıram”. Sona başındakı fikirləri, sevgini qara fikir hesab edir və anasına deyir ki, bu qara fikirlərin onun beynindən çıxmasında ona yol göstərsin, ona yoldaş olsun, onu xilas etsin. Sonanın atası Yusif məsələni bildikdə qızının hərəkətinə təəccüb etmir, ancaq onu çaşdıran məsələ Bahadırın müsəlman, Sonanın xristian olması olur. Yusif və Maşo Bahadırda heç bir eyib tapmırdılar, ancaq Bahadırın müsəlman, Sonanın xristian olması onlarla Bahadır arasında uçurum dərə yaradırdı. Başqa sözlə, N.Nərimanov dolayısı yolla “ermənidən müsəlmana yar olmaz” fikrini çatdırmaq istəyirdi. Əgər belə deyildisə, niyə ata və ana (Yusif və Maşo) gecə-gündüz fikir etsələr də, müəyyən bir qərara gələ bilmirdilər? Niyə Sonaya bir yol göstərə bilmirdilər? Çıxış yolu tapılmayan bir məqamda Bahadır Peterburqdan Sonaya bir kağız yazır. Kağızda “Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər?” sözlərinin Bahadıra güclü təsir etdiyi aydın olur. Məhz münasibətlərin bu məqamında N.Nərimanov Bahadırın Sonaya yazdığı kağızda bir bədii priyomdan istifadə edir. Bahadır yazır: “Mən tam vücudumla sizinki olmaq istəyirəm. Fəqət bizi bir şey uzaqlaşdırır... Bizi bir-birimizdən təfriqə salır... Müsəlman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir...” Bir daha qeyd etmək istəyirik ki, N.Nərimanovun məqsədi heç də Bahadırla Sonanın ailə qurması, bir-birinə qovuşması deyil. Bu münasibətlə məsələlərə yanaşmaq çox adi və bəsit görünür. Əslində N.Nərimanov Bahadırla Sona arasındakı “ruhani məhəbbət”dən istifadə edərək daha ali məqsədləri açıqlayır. Daha ali məqsədlərə aydınlıq gətirir. Daha ali məqsəd, amal, ideal uğrunda vuruşur. Bunlardan biri insanlar arasında yaranan “uçurum dərələri” məhv etməkdir. Bu mənada N.Nərimanov Bahadırın Sonaya yazdığı kağızda Bahadırın dili ilə deyir: “Xanım Əfəndi! Mən ancaq camalınıza aşiq olsa idim, mənim üçün şübhə yeri qalardı. Yox! Camalınızı sevirəm də ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi “uçurum dərələr” ayıra? Əcəba! Bu “uçurum dərələri” biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi?.. Nə üçün mən müsəlman, siz xristian, qeyrisi yəhudi və ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar sonradan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola. Hamı insanlar bir nöqtəyə gərəkdir yeriş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni, “Yox, semək olmaz!” qanunu varsa, mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım!”


N.Nərimanovun ali məqsəd, amal, ideal uğrunda vuruşlarından biri də millətini, dinini sevməkdir. Məhz bunları da Bahadırın Sonaya yazdığı məktubda Bahadırın dili ilə belə deyir: “Mən millətimi sevirəm; çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm, çünki hamısının əsl məqsədi insanları qaranlıqdan işıqlığa çıxartmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər, yəni ümumi bir nöqtəyə yeriş etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, heç vaxt deməyiblər: “Biz islam, xristianlıq düzəltmək üçün gəlmişik”. Hamısı: “Biz insanları düz yola dəvət edirik” deyiblər...”


N.Nərimanovun ali məqsəd, ali amal, ali ideal uğrundakı mübarizələrindən biri də insanların bir yola, bir məqsədə xidmət etmələrini onlara anlatmaqdır. Belə olarsa, insanlar arasında təfriqə də olmaz. Ancaq təfriqə həm də ona görə baş verir ki, insanların ağlında naqislik olur. Yenə də N.Nərimanov “Bahadırın Sonaya yazdığı məktubda Bahadırın dili ilə deyir: “Məqsəd bir, yol bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb, ağlımızın naqisliyi. Biz əsl mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir Allahı buraxır, min Allaha səcdə edirik. Fəqət əsl mətləbi anlayanlar birləşirlər, qovuşurlar, məhəbbət nə olmağını düşünürlər. İştə biz də bu dərəcədə bulunuruqsa, məhəbbətimiz tələb edən qanunlara sitayiş etməliyik, deyilmi?..”


Sona Bahadırın ona yazdığı kağızı oxuduqdan sonra onu rahatsız edən suallara cavabı bu kağızda tapır. Hətta anasına deyir ki, bu kağızı anası da, atası da oxusun. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir