Modern.az

Mənim kəndim - Musa Quliyev: “Evimizdən çıxanda erməni təklif etdi ki, həyətinizdən torpaq götür”

Mənim kəndim - Musa Quliyev: “Evimizdən çıxanda erməni təklif etdi ki, həyətinizdən torpaq götür”

10 Noyabr 2017, 11:03

“18 ildən sonra Uruda gedəndə kəndin özünü yox, qəbrini gördüm”

 

“Evimizdə məskunlaşan ermənidən anamın divar xalçasını pulla almaq istədim”

Modern.az saytının “Mənim kəndim” layihəsinin budəfəki qonağı  millət vəkili, şair, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Quliyevdir. Həm də Musa Urud imzası ilə şeirlər yazan müsahibimiz özünün anadan olduğu, uşaqlığının keçdiyi  Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndi barədə söz açır və o kəndlə bağlı xatirələrini bizimlə bölüşür:

Dağların şah Urudu...

-Urud mənzərəli, dağətəyi yerdə salınan çox qədim bir kənddir. Qədimdə insanlar yaşayış məntəqələrini dağətəyi yerlərdə, çay, su olan ərazilərdə salardılar; maldarlıq və əkinçilik üçün əlverişli olsun deyə, belə edilirdi. Həm də insanlar qədimdə elə yerlərdə məskunlaşardılar ki, orada yaşayış üçün təbii istehkamlar, mağaralar,  kahalar olsun. Urud da  belə bir yerdə-dağların əhatəsində idi, dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə yerləşirdi. Zəngəzurun ən böyük çayı olan Bazarçay da Urudun ortasından keçib, kəndi iki yerə bölürdü. Beləcə, yaşayış evləri  çayın bir  tərəfində, örüş yerləri, bağ-bağat digər tərəfində qalardı.

Urud həm də bərəkətli kənd idi. Burada bircə pambıq olmazdı, qalan bütün meyvələr, tərəvəzlər - təbii qidalar bu torpaqda  yetişər, becərilərdi. Bu da urudluların zəngin yaşamasına və orada daimi məskən salmasına  şərait yaradıb.

IX əsrdə ərəblərə qarşı mübarizə aparan Babəkin müdafiə  qalalarından biri Urud qalası olub. Urud ondan sonrakı dövrlərdə -Səlcuqların gəlişi ilə  başlayan böyük türk dövründə həmişə məntəqə mərkəzi olub.

Urud kəndinə ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib: onun bir sözü vardı: “Siz Urud kəndində olmusuz? Çox gözəl kənddir!”. Ulu öndər yeniyetmə, gənclik illərində üç il dalbadal - 1937, 1938 və 1939-cu illərdə bir müddət Urud kəndində olub.

“Yol üstə gözlər aşıq
Nə vaxt el gəli dağlar”

-Öz kəndini pis xatırlayan insan yoxdu. Hərə doğulub-böyüdüyü kəndini təmiz, saf duyğularla yad edir. Bu,  insanın  gənclik, uşaqlıq dövründəki təsəvvürlərinin gözəlliyindən irəli gəlir. Həm də hər kəsin böyük Vətəni ilə yanaşı, bir kiçik Ana Vətəni də var. Kiçik Ana Vətən də hər zaman böyük Ana Vətəndən doğmalıq, ilkinlik mənasında gözəl görünüb. Biz kiçik Ana Vətənimizdə  hələ çox siyasiləşməmişdik, ictimailəşməmişdik...  Hər şeyi təbii rəngində görürdük. Ona görə də ora bizə daha xoş görünürdü. Amma bu kiçik Vətən təkcə mənə və başqa urudlulara xoş görünməyib. Azərbaycanın ən məşhur adamları-alimlərimiz, yazıçı-şairlərimiz, ictimai xadimlərimiz o kəndə gedib, zaman–zaman orada qonaq olublar. Hamısı da Urud kəndi haqqında çox gözəl fikirlər söyləyiblər. Misal üçün, xalq yazıçısı Anar 1960-ci illərdə  Urudda olub. Oradakı Alban  qəbiristanlığından film də çəkib, “Daş saatın səsi” adlı televiziya filmini hazırlayıb. Ora səfər edən ziyalılarmızın təəssüf ki, çoxu hazırda həyatda deyil. Misal üçün, akademiklər Həsən Əliyev, Cəlal Əliyev, Fərəməz Maqsudov, Asəf Nadirov, Ziya Bünyadov, Xalq rəssamı Hüseyn Əliyev və  başqaları...  Onların hamısı vaxtilə Urudda olub və xoş təəssüratlarla ayrılıblar.  


Kəndimiz Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kiçik Qafqaz da bilirsiniz ki, ən gözəl təbiət aurasına, xoş iqlimə, şəfalı sulara sahib olan coğrafi ərazidir. Sular daş suxurlardan süzülüb gəldiyinə görə çox saf  və faydalı olardı. Sağlam qida, şəfalı suların hesabına orada yaşayan insanlar da saf,  sağlam və mübariz insanlar idilər.  


Urudlular və bir Urud ailəsi

“Torpaq həmin torpaqdı
Üstündəki yağıdı”

-Urud çox da böyük kənd deyildi. Burada əvvəllər 100-112, sonrakı illərdə isə 120-dən çox  ev var idi. Yəni təxminən, 800 nəfərlik əhalisi olan kənddə oxumayan adam tapılmazdı. Urud məktəbini bitirənlərin çoxusu ali məktəbə qəbul olunurdular. Aralarında elm xadimləri, müxtəlif sahələrin ən güclü mütəxəssisləri vardı. Azərbaycan Cümhuriyyəti parlamentinin ilk üzvlərindən biri Məmməd Sadıq Aran Urud kəndində doğulub, burada böyüyüb. Sonrakı illərdə Nəcəfdə, Gorusda təhsil alıb, Təbrizə gedərək, orada mədrəsədə dərs deyib. Daha sonra Müsavat hərəkatına qoşularaq, aktiv ictimai-siyasi həyata atılıb. Parlamentdə Zəngəzuru təmsil edən ilk şəxs olub. Azərbaycan Cümhuriyyəti devrildikdən sonra Türkiyəyə gedib və mühacir Azərbaycan hökumətinin aktiv üzvlərindən olub. Orada qəzetçiliklə məşğul olub, Azadlıq Radiosu ilə sıx əməkdaşlıq edib. 1972-ci ildə dünyasını dəyişib.

Nəcəfdə təhsil almış bir başqa alim-Mirzə Hüseyn Urud kəndində yaşayıb. İran şahının həm təbibi, həm də şairi olan şair Ləli Şuşaya gələrək, burada  bir şeir yarışması keçirir. O zaman Mirzə Hüseyn şair Ləlini bağlayır. Bu barədə Əli Vəliyev özünün “Yaz  gələndə” hekayəsində yazıb. Bunların hamısı tarixdi. Kəndin potensialını göstərən məqamlardı.

Ümummili lider Heydər Əliyevin nənəsi, Azərbaycannın Xalq şairi Məmməd Arazın anası, Ermənistan dövlətində ən böyük hökumət vəzifəsi tutmuş - Ermənistan SSR Mərkəzi Komitə katibi Məmməd İsgəndərov, 1937-47-ci illərdə Naxçıvan MSSR-in ədliyyə naziri Əbdülmanaf Hacıyev də Urud kəndinin övladlarıdır.

Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev də Urud kəndindəndir. Aqil Quliyev şəhid oldu, Allah onu rəhmət eləsin; Xocalını qoruyan batalyonun komandiri idi. Onun qardaşı Nəsimi Quliyev də Qarabağ döyüşlərinin iştirakçısıdır,  indi yaşayır, Allah ona can sağlığı versin. Qarabağ döyüşlərində qrad  batalyonlarından birinin komandiri olub.
Kəndimizin daha bir Milli Qəhrəmanı  isə Fəxrəddin Nəcəfovdur. Həm o, həm də Aqil və Nəsimi qardaşları bizimlə əmiuşaqlarıdırlar. Bizim nəsil Nəcəfli nəsli kimi gedir. Babamızın adı Nəcəfqulu olub. Bir hissə soyad kimi Nəcəfi, o biri hissə isə Qulunu götürüb. Kiçik bir kənddə 3 Milli Qəhrəman və 10-a yaxın şəhid olub. Bu fakt Urudda necə mübariz insanların yaşadığının göstəricisidir.

Bu mənada mən kəndimlə fəxr edirəm. Hər bir insanın uşaqlıq yaddaşındakı kənd onun üçün çox gözəldi. O kənd itilibsə ikiqat səninüçün əziz  olur. Yaxın adamların qədrini itirəndən sonra bilinir. Torpaq da elədir...

Ata evim-Urud kəndi

“Bu yurd o yurd deyil ha
Urud –Urud deyil ha!
Ah-naləmdi göydəki
Topa bulud deyil ha”

-Uşaqlığımın keçdiyi ata evi elə Urud kəndinin özü olub. Doğulduğum kəndi elə öz ata evim  kimi təsəvvür edirəm. Kənd camaatının demək olar ki hamısı, bir-birinə qohum idilər. Bizlərdə “mənim evim”, “sənin evin” anlayışı olmazdı. Bütün günümüz dostlarımız, qohumlarımızla birlikdə keçərdi. Kiminin evində səhər yeməyini yeyər, kiminin evində naharımızı edərdik. Bizim üçün bunun heç fərqi də  olmazdı. Çünki yenə deyirəm, bizim evimiz elə bu kəndin özü idi.

“Ata evi” anlamını bütövlükdə kəndin üzərinə gətirmək istəyirəm...

2006-cı ildə uzun müddətdən, 18 ildən sonra həsrətində olduğum Urud kəndinə - evimizə getdim. Doğulduğum evə, böyüdüyüm həyətimizə də baş çəkdim. Kənddən çıxanda məni müşahidə edən erməni deputat təklif etdi ki, həyətinizdən torpaq götür. Dedim, həyətdən nə torpaq götürəcəyəm, nə də su. Kəndin çıxacağındakı Zor-zor bulaqdan su götürəcəyəm ki, bütün kəndə aid olsun. Elə də etdim; kəndin çıxacağındakı “Qazı bağı”ndan torpaq, Zor-zor bulağından isə su götürdüm.

 

Torpağı və suyu Bakıya gətirib bizim kəndin ağsaqqalı Seyid Miriş ağaya verdim. Dedim, kənd camaatından kimsə dünyasını dəyişəndə, Urud torpağını arzulasa, bu torpaq ona da qismət olsun. Gözünə ilk Urud torpağı tökülsün... Beləcə, o kəndin özü də bizim üçün bir ocaq idi. Bütün dostlar, yoldaşlar-hamımız elə bilirdik ki, bir ailənin üzvüyük.

 

HAŞİYƏ-1 - Musa Urud özünün “Uruda iki səfər” kitabında 2006-cı ildə doğma kəndlərinə etdiyi səfər təəssüratlarını qələmə alıb. Bəli, 2006-cı ildə... Urudsuzluğun 18-ci ilində. Söhbətin bu yerində həmin kitabdan bir parçanı təqdim edək:

“Divarlarını qala, damını qübbə bildiyin evə 18 il sonra qonaq kimi qayıtmaq nə deməkdir?! Uşaqlığını keçirdiyin o ikimərtəbəli, geniş eyvanlı evin qəddi əyilib, həyət-bacadan kədər ələnir, dibinə su tökdüyün ağacların yeri göz dağı kimi qaralır və sən... düşünürsən: İlahi, bu ev mənə niyə bu qədər kiçik görünür? 87-ci ildə atam vəfat edəndə kəndin o qədər adamı bu aynabəndə necə sığışmışdı?

                        ****

“Ovuclarımla Vətən torpağını sellofan torbaya doldururam. Dinməz-söyləməz yolumuza davam edirik. Zor-zor bulağa çatanda dayanırıq, əl-üzümü yuyub doyunca su içirəm, iki litr də Bakıya gətirmək üçün götürürəm. Bulaqdan gətirdiyim iki litr suyun yarım litrini Urud camaatının ağsaqqalı Seyid Miriş ağaya, yarım litrini Vağədi camaatının ağsaqqalı Namaz əmiyə, yarım litrini anama, yarım litrini isə uşaqlarıma verdim. 

Anam o sudan bir qurtum da içmədi. Eləcə bir neçə gün tutya kimi üz-gözünə çəkdi...”. 

 


Urudun “Qonaq payı”

 

Gördüm səni, Göyçə gölü
Düşmədi kölgən üstümə”

-Gəl, öz evimizdən də danışım. İkimərtəbəli bir evimiz vardı. Bəlkə də kənddə tikilən ilk ikimərtəbəli ev elə o olub. O ev  heç zaman qohum-qonşulardan əskik olmazdı. Nənəm çox müdrik qadın idi. Oxumamışdı, amma Quranı əzbər bilirdi. Azərbaycanın elə bir dastanı, nağılı olmazdı ki, onları əzbərdən deməsin, elə bir bayatısı olmazdı ki, çağırmasın.  Hər dəfə də qohum-qonşulara pay verərdi. Atam uzun müddət sovxoz rəhbəri olub. Ola bilsin, müəyyən qədər imkanımız yaxşı olduğundan, nənəm kimsədən nəsə əsirgəməzdi.

Babam isə çox zəhmətkeş kişi idi. Torpaqları alınıb kolxoza verilmişdi. Amma yenə də həm kolxozda, həm də öz şəxsi təsərrüfatında çalışardı. Evimiz heç zaman yoxsulluq görməyib. 1960-cı illərin əvvəllərində, Xruşovun dövründə aclıq oldu. O zaman təkcə Sisyan camaatının yox, eləcə də Naxçıvan əhalisinin çoxuna atamın rəhbərlik etdiyi  Urud kolxozu əlindən gələn köməyi  etdi. O zaman  uşaq idim, yadıma gəlmir, amma böyüklər söylərdi ki, Naxçıvandan gəlib taxılla əvəzləmək üçün müxtəlif qızıl-zinət əşyaları  gətirərdilər. Amma atam qətiyyən onları qəbul etməzdi. Deyərdi ki, bu günün sabahı da var. Beləcə, pay bölünərdi. Kənd camaatına bölünən taxıl qədər “Qonaq payı” ayırardılar. Kolxozun qərarına əsasən, taxıl üçün başqa yerdən gələnlərə qonaq payından verərdilər. Elə bil, kəndin özünün  heç zaman əskilməyən bir bərəkəti vardı və bundan hər kəsə pay çatardı.

“Nağıl ocağı”

 

-O kənd bir ocaq idi. Ocağı necə xatırayarlar?- Ocağı isti, əl-ayağın quru, qarnın tox halda xatırlayarlar. Yəni, insan isti ocaq başında özünü bu cür hiss edir. Ocaq başındasan; rahatsan, şirin nağıllar dinləyirsən, xəyallar qurursan, həyata təbiətin gözü ilə baxırsan.... Bax, mənim üçün Urud elə bu ocaq başı demək idi.  Mən doğma ocağımı belə xatırlayıram...

Biz o “ocaq başının” nağılları ilə  yaşayardıq və elə onlarla böyüyərdik. Kəndin yuxarısında Zor-zor deyilən bulaq vardı. Hər zaman nağıl danışıb, dastan söyləyən  nənəm Koroğlunun atası Alı kişidən danışanda göz önümə o bulaq gələrdi: “Alı kişi bəyin ilxısını otarardı. Birdən göy guruldadı, ildırım çaxdı, dərya bulanıb, qaynadı. O dəryanın içindən bir at çıxdı”.
İsti ocaq başında nənəmi dinləyər, xəyallar qurardım. O zaman dəryanın bulanmağını, qaynamağını sanki özüm görür və hiss edirdim. Elə bilirdim ki, hər şey yuxarıdakı Zor-zor bulağında baş verir. O bulağın gur suları qaynayır, bulanır və sehirli  atlar oradan çıxır. Alı kişini elə Zor-zorun dəhnəsində təsəvvür edirdim.

Nənəm “Aşıq Qərib” dastanından da danışardı. Dastanda bir yer var- Aşıq Qərib qürbətdən qayıdır, görür ki, anasının ağlamaqdan gözü kor olub, başlayır oxumağa.
“Ana mən Qəribəm, Qərib” misralarını nənəm də yanğılı səslə deyərdi. Bu misralar  o vaxtdan ruhumdan, xatirimdən çıxmır. Elə o zamandan mən də özümü qərib hiss eləmişəm.
 


O kənddə bir uşaq vardı...

-Fikrət adında dostum vardı, qonşu idik, birlikdə oynardıq. Hələ məktəbə getmirdik. “Ev qurub”, “yol çəkərdik”, “hasar hörərdik”. Birimiz “ev yiyəsi”, birimiz “qonaq” olardıq. Səhər yeməyimizi yeyəndən sonra hər gün birlikdə bağçada bu cür oynardıq.

Bir gün də səhər yeməyini yeyib bağçaya çıxdıq. Gördüm ki, Fikrət gəlməyib. Səslədim, “ay Fiki, ay Fiki”... Anası səsimə boylanıb dedi ki, Fiki daha oynamağa gəməyəcək, o, məktəbə getdi. Sən demə, sentyabrın 1-i imiş, Fikrətin yaşı tamam olduğu üçün məktəbə gedib. Mənim isə birinci sinfə yollanmağıma  3 ayım çatmırdı. Amma bunu eşitcək məktəbə qaçdım. Kəndin ortasındakı birmərtəbəli məktəbin siniflərinin  qapılarını bir-bir açıb , qışqıra-qışqıra Fikrəti çağırırdım. Amma tapa bilmirdim. Fikrət özü mənim səsimi eşidib, sinfin pəncərəsindən tullanmışdı. Beləcə, yenidən oynamağa getmişdik.

Beləcə, mən  hər gün məktəbə gedər, Fiki də dərsdən qaçırdı. Bir gün məktəbin direktoru atama məsləhət gördü ki, hazırlıqlı uşaqdır, məktəbə vaxtından əvvəl qəbulu üçün rayon Maarif şöbəsinə aparmaq olar. Orada  sual-cavab edib, razı qalandan sonra vaxtından qabaq məktəbə qəbul edərlər. Atam elə də etdi. Yadımdadı, o zaman rayon Maarif şöbəsinin müdiri bir erməni idi. Azərbaycan dilində təmiz danışırdı. Məndən əsasən, hesab, riyaziyyat-vurma  soruşdu: “Beşi dördə vuranda neçə edər?”. Dedim, iyirmi. Dedi, bəs, “Ağdü kəndində neçə edər?” Dedim, orada da iyirmi edər. Bir-bir qonşuldakı başqa kəndlərin də adını çəkdi. Hamısında cavab olaraq, iyirmi dedim. Sonra atama tərəf dönüb dedim ki, bunun başı xarabdı hər yerdə iyirmi edər də... Erməni bunu eşidib güldü. Dedi, bu uşağı hətta ikinci sinfə də qəbul etmək olar....

“Biz belə böyüdük...”

-Hər şeyə görə Urudun yaxşı məktəbinə və onun mükəmməl müəllimlərimə çox borcluyam. Urud məktəbi təkcə bölgənin deyil, bütövlükdə respublikanın hər zaman ən qabaqcıl məktəblərindən olub. Orada təsəvvür et ki, 1970-ci illərdən fənn kabinet sisteminin əsası  qoyulub. Azərbaycanın bəzi rayonlarında heç bilmirdilər ki, linqafon nədir. Amma bizim məktəbdə hələ o vaxtdan – 70-ci illərdən var idi. O zaman biz dil dərslərini linqafon kabinetində  keçirdik.

Biologiya kabinetimiz isə tamam başqa aləm idi. Oranın öz canlı guşəsi vardı. Ovçular, eləcə də uşaqların özlərinin tutduqları müxtəlif heyvanlar, quşlar var idi ki, biologiya  kabinetində canlı-canlı saxlanılırdı. Orada  kəkliyindən tutmuş tülkü-dovşanına qədər, əksər  quşlar və heyvanlar saxlanılırdı və biz özümüz onlara qulluq edirdik.

Fizika-kimya kabinetlərində isə təcrübələr aparırdıq. Bunların sayəsində olimpiadalara gedir, orada müəyyən uğurlar qazanırdıq. Düzdü, olimpiadalarda adətən, çox böyük uğurlar qazana bilmirdik. Çünki Ermənistanda Azərbaycan uşaqlarına o qədər də imkan verilmirdi. Yadmdadı, orta məktəbi bitirəndə biz iki nəfər-Təranə adlı qızla, mən qızıl medala namizəd göstərilmişdik. Ona ədəbiyyat üzrə İrəvanda “dörd” verdilər. Mən isə ədəbiyyatdan “beş” aldım. Riyaziyyatdan şifahi imtahan üçün isə İrəvana çağırdılar. O zaman elə  bir şey yox idi ki, riyaziyyatdan şifahi imtahan verəsən. Yazılıdan “beş” almışdım. Amma sonradan sınaq üçün şifahiyə də çağırıblar ki, bəlkə yazılı imtahan zamanı müəllimlər kömək ediblər.

Ermənilər Azərbaycan uşağının qızıl medal almasına maraqlı deyildilər. Mən həmin medalı bu gün də saxlayıram və övladlarıma göstərirəm. Çünki onu çox asanlıqla qazanmamışdım. Böyük komissiyanın qarşısında şifahi imtahan verib qızıl medala təsdiqləndik. Amma bu təkcə həmin anın uğuru deyildi. Mən   həm də on il müddətində təhsilimdə yardımçı olan müəllimlərimə, valideyinlərimə borclu olmalı idim. Onlar məni zəhmetkeş böyütdülər və oxumağıma hər cür şərait yaratdılar.

HAŞİYƏ-2 – yenə həmin 18 ildən sonrakı səfər təəssüratından:

“...Kəndimiz, həyətimizin ağacları, anamın xalçası, Yadigar kişinin, Hüseyn kişinin qapı-pəncərəsi sökülüb-dağılan evi, kol-kos basan həyət, istisi-hənirtisi anamla birgə çəkilib gedən təndirimizin çıxarılmış gözün oyuğu kimi qaralan yuvası, gilas ağacı...
 

Gilas ağacı...

 

***

 

Anamın vannası, vedrəsi, tası, qazanı hərəsi həyətin bir tərəfinə atılıb qalıb, elə bil, bu əşyalara 18 ildə insan əli dəyməyib”.


“Atamın kitabı”- baxışları və iradı

-Evin tək oğlu idim. Amma yenə də mənə heç bir güzəşt edilməzdi. Başqaları kimi mən də biçinə, kolxoz işlərinə gedərdim. Lap uşaqlıqda öz yatağımı özüm yığışdırar, yediyim qabı özüm aparıb yayulası yerə qoyardım. Valideynlərim hələ məktəbə getməzdən əvvəl məndə bu zəhmət və məsuliyyəti yaratmışdılar.

Atam köhnə kişilərdən idi. Yadıma gəlmir ki, mənə bircə dəfə də olsun ucadan  öz iradını bildirsin. Onun bir baxışı kifayət idi ki, biz özümüzü yığışdıraq və harada səhv etdiyimiz anlayaq. İradı olanda da onu mənə birbaşa yox, anamın vasitəsilə deyərdi: “Filan şeyi eşitmişəm, düz hərəkət etməyib”.

 9-10-cu sinifləri qonşu kənddə oxudum. Orada ermənilərlə qarışmışdıq və onlarla tez-tez davalarımız düşərdi. Futbol oynayırdıqsa, sonda dalaşırdıq, ya nəsə edirdiksə, mütləq hansısa səbəbdən dava edəsi olurduq. Amma səbəbkar həmişə erməni uşaqları olardı. Mən də o davaların iştirakçısı olduğum üçün atama hərdən şikayət gələrdi. O da, anamın vasitəsilə iradını bildirərdi.

O dağların həkimi

-Məktəbi qızıl medalla bitirdim. Səkkizinci sinfin sonlarına qədər universitetin filologya və jurnalistikasını oxumağı düşünürdüm. Kənd uşağı idik, özümüzü “dahi şair” kimi görürdük. Orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” qəzetində, “Pioner” jurnalında şeirlərim çap olunmuşdu. Bu da məndə bu iki humanitar sahəyə maraq yaratmışdı.

Həkimliyə gəlməyimdə isə valideynlərim və əmimim seçimi əsas rol oynadı. O zaman rayonda ümumiyyətlə,  azərbaycanlı həkim yox idi. Valideynlərim də bu səbəbdən məni həkimliyə  yönləndirdilər. Dedilər, həkim ol, elə bizim rayonda işlə, kənd camaatına da qulluq elə. Beləcə, 9-cu sinfə gedəndə seçimimi dəyişib,  Tibb Universitetinə hazırlaşdım. Bu, mənim üçün o qədər də çətin eyildi. Bütün fənlərdən əlaçı idim, kimya, biologiya olimpiadalarında dəfələrlə qalib gəlmişdim. İlk imtahanımdan beş aldım. Heç yadımdan çıxmaz, o zaman universitetin rektoru Zəhra xanım Quliyeva məndən soruşdu ki, “haradan gəlmisən?”. Əzbərlənmiş kimi birnəfəsə cavab verdim: “Ermənisian SSR Sisyan rayonu Urud kəndindən”. Dedi, “səninlə kim gəlib?”. Dedim, “heç kim!”. Valideynlərimin mənimlə niyə gəlmədiyini xəbər aldı. Cavab verdim ki, “atam təsərrüfat işçisidir. Bu saat da işlərin qızğın vaxtıdır. Onları qoyub gələ bilməz, anam da kənd müəlliməsidi, haranı tanıyır ki...”. Dedi,  “bəs harada qalırsan?”. Cavabım “əmimgildə” oldu.  Zəhra xanımın özünün qeyd blankı var idi. Yuxarısında “Azərbaycan Tibb Universitetinin rektoru”, aşağıda “professor Zəhra xanım Quliyeva” yazılmışdı. Kağızı çıxarıb yazdı: “hörmətli valideynlər, mən sizi təbrik edirəm və təşəkkür edirm ki, belə bir övlad böyütmüsünüz”.  Kağızı mənə verdi və dedi ki, “get, mənim adımdan valideynlərini təbrik elə”.

Evə gəlmək üçün üç gün bilet tapa bilmədim. Əmimin yeddinci sinifdə  oxuyan oğluna qoşulub Qafana, oradan da “ZİL” maşınının kuzovunda Sisyana gəldik. Sisyandan da bizim kəndə gedən kolxoz maşınına oturub kəndə getdik.

Hə onu da deyim ki, “beş” alıb imtahandan çıxandan sonra yorğunluqdan ya nədənsə çox pərt idim. Dilxor-dilxor çölə çıxırdım. Qapının ağzında dayanan valideynlər məni dilxor görüb danışmağa başladılar. Dedilər, “bu yazığı da kəsiblər. A bala, fikir eləmə, gələn il də gələrsən”. Dedim, “yox e,  mən qəbul olunmuşam”. Dedilər,  “bəs gül də..”. (gülür)

Həm yorğun idim, həm də bizi o qədər təvazökar böyütmüşdülər ki, hətta sevinməyi, gülümsəməyi də ayıb sayardıq. Əslində isə çox böyük iş görülmüşdü.

Ailəm bunu çox böyük sevinclə qarşıladı. Bütün qohum-əqraba yığışıb bizə gədilər. Atam onda mənə çox möhkəm bir tapşırıq verdi. Dedi, “sən qızıl medalla qurtarıb ora  getmisən. Birinci kursu heç olmasa əlaçı bitirməlisən ki, sonra biz kənddə biabır olmayaq”.
Birinci kursu əlaçı qurtardım. Gördüm ki, əlaçı qurtarana 10 manat artıq təqaüd verirlər. Dedim, elədirsə niyə axıra qədər əlaçı olmayaq ki?! Beləliklə, univsersiteti əla qiymətlərlə başa vurduq.

Toy tutulan diyarın toyları

Obası viran ağlar,
Əlində Quran ağlar,
Öz yurdunu gözüylə,
Xaraba görən ağlar.

 

-Biz tərəflərin toyları birinin yox, sanki hamının toyuydu. Bizdə kimisə toya dəvət etmək  adəti olmazdı. Hamı bilirdi ki, filan qapıda  toydu, deməli, böyüklü-kiçikli hamılıqla ora  getmık lazımdı. Bir kitabımda yazmışdım ki, toyun dəvəti İrvahamın qara zurnası idi: Səsləndisə, deməli, yığışıb toya getməliydik.  Çadır-mağar  olmazdı, eləcə,  ağaclar kölgəsində oturular,  süfrə salınardı. Uşaqlı-böyüklü hamı yeyib-içər, şənlənərdi. Üç gün üç gecə toy  çalınardı. Ən maraqlı anlardan biri də qız evindən oğlan evinə gətirilən  xonçalar idi. Buna xonça axşamı deyərdik. Kimin hansı payı qoyduğunu deyib, gülüşərdilər. Heyf o günlərdən və o toylardan...  

“Bu dəstə hara gedir?”

-Uruddakı son günüm, oradan sonuncu dəfə necə ayrılmağım- bütün bunlar haqqında “Uruda iki səfər” kitabımda ətraflı yazmışam. 1988-ci il avqustun 31-də Urudda son dəfə oldum. O zaman Gəncədə işləyirdim, çox böyük əzab-əziyyətlə getdim ki,  anamı götürüb özümlə aparım. Amma  anam mənimlə gəlmədi.  Dedi, niyə gedirəm?! Atanın qəbri burdadı, ocağı buradadı.  Ara sakitləşərsə, elə burada qalarıq, siz də yayda gələrsiniz. Həyatımızı  əvvəlki kimi  davam edərik. Yox sakitləşməzsə,  dayıngillə gələrəm. O cür də oldu və anam elə də etdi, dayımgillə oradan çıxası oldu. Mən də sonuncu dəfə  evin əşyalarından yüngülvari götürdüm. Gəncədə təzə ev almışdım və bacımla yaşayırdım. Həmin sonuncu səfər zamanı  kənddə bir sınıqlıq, qəriblik, məzlumluq  gördüm.  Çox qəribə bir əhval-ruhiyyə vardı kənddə.  “Bu dəstə hara gedir”  poemamda bütün bu nisgili  təsvir etmişəm.

“Kaş bura gəlməyəydim”

-2006-cı ildə yenidən Uruda getdim. Dünyada bəlkə də  yeganə adamam ki, öz kəndimin qəbrini görmüşəm. Bəli, kəndin öz qəbrini....

Onda gəldiyim son qənaət bu oldu ki, doğrudan da, torpağı torpaq, yurdu yurd edən elə insanlardı. İnsan o torpaqda yaşamırsa, ora artıq vətən deyil.  Simvolik bir yer, coğrafi vahiddir. Təsəvvür edin, 18 il hər gün o kənd mənim yuxuma girirdi. Mən hər gün o kəndin həsrətilə yaşayırdım. Hər gün də Allaha dua edirdim ki,  bir qapı açsın və o kəndi heç olmazsa, bircə dəfə görüm. 2006-cı ildə fürsət yarandı və ora  getdim. Amma elə bil tam qərib bir yerə gedib düşmüşdüm. Buralarda o əhval, o ruh itmişdi. Türk ruhu orda qalmamışdı. Kəndi kənd edən, onu doğmalaşdıran, şirinləşdirən adamların heç biri orada  yox idi...

Onların  heç əl-ayaq izləri,  nəfəsləri də orada qalmaışdı. Sanki Uruda yox, tam qərib bir yerə getdim. Bax, ona görə deyirəm ki, gedib kəndin özünü yox, qəbrini gördüm.

Kəndin bir zamanlar yaxşı məktəbi, mədəniyyət evi, kolxozun təsərrüfat  binaları vardı. Onların hamısını miskin gündə, dağılmış halda  gördüm. Pəncərəsi qırılmış, qapısından paslı qıfıl asılmışdı. Kəndin əsas yolu isə buralara hər il yazağzı gələn sel səbəbindən yararsız hala düşmüşdü. Cəmi 30-40 evdə yaşayış var idi ki, orada da  imkansız, qoca ermənilər yaşayırdılar. Orada kamera vasitəsilə bəzi görüntüləri çəkdim. Evimiz də o görüntülərin içində var idi... Amma  Bakıya qayıdandan sonra çəkdiklərimi anama göstərəndə  dedi ki, bəs bizim evimizi niyə çəkməmisən? Dedim, budur, bax, bizim evi də çəkmişəm. Dedi,  axı mən belə ev qoyub gəlməmişəm...

 

HAŞİYƏ-3-“Evimizin ikinci mərtəbəsinə qalxıram. Mətbəx, şüşəbənd, yataq otağı, qonaq otağı necə təmir etmişiksə, eləcədə qalır. Soyuducu, qaz piltəsi, taxta şkaf, şifoner, servant, stol-stul, çarpayılar, yerə döşənən xalça-palaz da anamdan qalmadır. Qonaq otağımızda divara vurulan xalçanın üstünə əsgər şəkli vurulub. Çərçivənin kənarında qara lent...

 

Bu xalçanı ulu nənəm nənəmə, nənəm də anama cehiz vermişdi. Düşünürəm ki, xalçanı alıb apara bilsəm, 80 yaşlı anama ən böyük hədiyyə olar. 85-90 yaşlı Pavlik kişiyə (müsahibin evində məskunlaşan qoca erməniyə-E.N)  deyirəm, kəllə otaqdakı xalça bizim ailənin əziz yadigarıdır. Havayı demirəm, pulla sat mənə. Pavlik xeyli susub axırda dedi:

 

- Yox, ara, bəs o xalçanın üstündəki şəkli neyləyim?!

Cəza

-Bir gün o torpaqlar azad olunsa, ilk baş çəkmək istədiyim yer qəbiristanlıq olacaq. Amma olmayan bir qəbiristanlıq... Dağ yerlərində qəbiristanlıqlar hündürdə salınardı ki, oranı sel tutmasın. Ermənilər eksavatorla qazıb bütün qəbiristanlığı kürüyüblər. Fatihə vermək üçün ora getdim, amma dua oxuyası yer  tapa bilmədim. “Uruda iki səfər” kitabının təqdimatında Anar yaxşı bir söz dedi. Dedi, “qəbiristanlığı dağıdıblar,  amma o ruh orada yaşayır. Nə vaxtsa dönəcəyik, o ruh da sərgərdanlıqdan qurtulacaq. Biləcək ki, bu yerlərin sahibi gəlib”.

Kitabın sonuncu cümləsi beldir: “Ruhlar elə bildilər ki, bu kənddə qalmağa gəlmişəm. Amma mən orda qalmadım. Qayıtdığıma görə onlar məni cəzalandırdılar”. 


E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir