Modern.az

Hər dil bilən tərcüməçi deyil” - Tərcümə Mərkəzindən bədii tərcümələrə SƏRT TƏNQİD

“Hər dil bilən tərcüməçi deyil” - Tərcümə Mərkəzindən bədii tərcümələrə SƏRT TƏNQİD

10 Noyabr 2017, 12:26

Bu gün xarici ölkə yazıçılarının əsərlərinin dilimizə tərcüməsi ilə bağlı vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycanda tərcümə edilən kitabların yüksək səviyyədə olmaması belə deməyə əsas verir.

Bəs problemin qaynağı nədir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri, yazıçı-tərcüməçi Yaşar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hazırda naşı tərcüməçilər çoxdur:

“Bədii əsərlərin tərcüməsində ciddi problemlər var. Bunu Tərcümə Mərkəzimizin əməkdaşları da, mərkəzin rəhbəri Afaq Məsud da dəfələrlə deyib. Bu gün tərcümə sahəsində xeyli sayda həvəskar çalışır. Demək olar ki, dil duyumu olmayan, daha çox sətri tərcümə ilə məşğul olan, əsərin populyarlığını eşidib? dərhal onu tərcümə etməyə can atan çox tərcüməçilər var.  Onlar bədii keyfiyyət, əsərin məziyyətləri, yazıçının hiss-duyğuları, əsərində yaratdığı obrazların daha yaxşı təsvirini nəzərə almırlar.

Bu sahədə əsas qüsurlar naşı tərcüməçilərdən qaynaqlanır. Hər dili bilən tərcüməçi, xüsusilə də bədii əsərlərin tərcüməçisi ola bilməz. Bədii tərcümə özü ayrılıqda bir sənət növüdür. Kimsə şeir tərcümə edirsə, onda şairlik, nəsr tərcümə edirsə, onda yazıçı istedadı olmalıdır. Bunlar bir-biriləri ilə uzlaşanda tərcümənin keyfiyyəti də oxucunu qane edir”.

Y.Əliyev qeyd edib ki, tərcümə məsələsinə ciddi yanaşmaq lazımdır:

“Bəzən xarici ölkələrə gedən vaxt həmin ölkənin dilinə tərcümə edilən Azərbaycanın ədəbiyyat nümunələrinin normal qarşılanmadığını görürük. Loru dildə desək, onlar əsərlərdən bir şey anlamadıqlarını bildirirlər. Məsələn, biz ədəbiyyat nümunələrimizi müxtəlif dillərə tərcümə edəndə ilk növbədə onun üzərində xeyli cilalama işləri aparır, həmin ölkənin profesional mütəxəssisləri ilə işləyirik. Buna görə də məsələyə diqqətli yanaşmaq lazımdır. Bu gün hətta əsərlərin orjinallarını tərcümələri ilə müqayisə edən zaman, tamam fərqli mətnlər olduğunu görərsiniz”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə deyib ki, hazırda tərcümə peşəsi çox gəlir gətirən sahə deyil:

“Bu sahədə təcrübəsi olan və olmayan xeyli sayda təcüməçilər var. Tərcümə sahəsi hələ yeni inkişaf edir. Bu baxımdan qüsurların, səhvlərin olması normaldır. Amma bir müddətdən sonra çox yaxşı tərcüməçilərin olduğunu görəcəyik. Tənqid yaxşı şeydir, amma qərəzli olmamalıdır. Yəni çox tənqid etmək lazım deyil.

Hazırda tərcümə peşəsi çox gəlir gətirən sahə deyil. Kitabların tirajları azdır, nəşriyyatlar kitab satmaqda çətinlik çəkirlər və tərcüməçilərə az qonorar ödəyirlər. Qonorarın həcmi artdıqca, tərcümələrin də keyfiyyəti artacaq.  Bu məsələ zamanla öz həllini tapacaq. Bizdə ingilis dilindən daha çox kitab tərcümə olunur, nəinki, rus, türk və ya başqa dillər”.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov problemin qaynağının maddiyyat olduğunu qeyd edib:

“Bədii tərcümə bu sahəninən az gəlirli növlərindən biri olduğu üçün bu sahəyə meyl edən yaxşı tərcüməçilərin sayı azdır. Ən yaxşı məbləğ təklif edən nəşriyyat belə, səhifəyə 10-12 manatdan yuxarı ödəmir. Əksər hallarda bədii tərcüməçilərə səhifəyə görə 5-6 manat verilir. İstedadlı tərcüməçilər yoxdurmu? Var. Amma onları bu sahəyə çəkən stimul yoxdur. Kitab satılmır, nəşriyyat yüksək qazanc əldə etmir və tərcüməçiyə də normal ödəniş edilmir.

Təbii, bu sahə gəlirli olsa, yaxşı tərcüməçilərin də sayı artar. Məsələn, digər sahələrdə rahatlıqla bir səhifəyə 30-40, hətta 50 manat ala bilərsən. Amma bədii tərcümədə 12 manatdan yuxarı məbləğ ala bilən hələ eşitməmişəm. Üstəlik bədii tərcümə digərlərinə nisbətən ən azı iki dəfə çətindir, çox vaxt tələb edir. Bu sahə ilə məşğul olanlar fədakar insalardır, onları həvəsdən salmaq  lazım deyil”.

Tərcüməçi  Kifayət Haqverdiyeva düşünür ki, səsləndirilən fikirlər qərəzli yanaşmadır:

“Məlum 90-larda bir çox sahə kimi, tərcümə sahəsi də tənəzzülə uğradı. Bir də 2000-lərdən başlayaraq bədii tərcümə sanki ikinci dəfə nəfəs aldı. Bu sahədə pioner rolunu "Qanun" nəşriyyatı oynadı. Elə ən çox da bu nəşriyyatın tərcümələrinin ətrafında mübahisəli fikirlər dolaşır. Çoxları adı çəkilən nəşriyyatda keyfiyyətsiz tərcümələrin olmağından şikayətlənir. Haqlı olmadıqlarını söyləyə bilmərəm. Amma istənilən prosesdə yanlışlıqlara, səhvlərə yol verilir və bu normaldır. Zamanla "Qanun"da kifayət qədər keyfiyyətli tərcümələr işıq üzü gördü. Sonra bədii tərcümə ilə məşğul olan başqa nəşriyyatlar meydana çıxdı və rəqabət tərcümənin keyfiyyətinə yaxşı mənada təsir etdi. Məsələn, "TEAS" nəşriyyatında yalnız orijinaldan tərcümələr çap olunmağa başladı. Üstəlik orda peşəkar redaktorlar fəaliyyət göstərir ki, bu da tərcümənin keyfiyyətinə müsbət təsir göstərir”.

K.Haqverdiyeva bildirib ki, tərcüməçi dili yaxşı bilməklə yanaşı, yazıçıya da yaxından bələd olmalıdır:

“O ki qaldı problemin qaynağına, zənnimcə, keyfiyyətsiz tərcümələrin səbəbi tərcüməçinin dili kifayət qədər yaxşı bilməməsində, üstəlik yazıçını tanımamasındadır. Yəni tərcüməçi dili yaxşı bilməklə yanaşı, yazıçıya yaxından bələd olmalı, hətta onu sevməlidir. Özümdən deyə bilərəm ki, ikinci dildən tərcümə etmək problem deyil. Məsələn, mən rus yazıçıları ilə bərabər xarici yazarları, o cümlədən Herman Hesseni sevə-sevə tərcümə etmişəm. Hesseni ruhuma yaxın yazıçı hesab edirəm. Onun kitabları uzun müddət masaüstü kitablarım olub. Ona görə də onu tərcümə etmək böyük məsuliyyət olsa da, mütəfəkkirə olan sevgim bu yolda mənim üçün yaşıl işıq rolunu oynayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir