Modern.az

Atatürk yəhudiləri niyə himayə etmişdi…

Atatürk yəhudiləri niyə himayə etmişdi…

10 Noyabr 2017, 14:05

10 noyabr  tarixi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfat etdiyi gündür. 1923-cü ildə Türkiyəni quran Atatürk 1938-ci ildə dünyasını dəyişib. O, Osmanlı paşası, ilk prezident və Türk Ordusunun marşalı olub. İbtidai təhsili pulsuz və zəruri hala gətirib. Qadınlara siyasi hüquqlar verib. Birinci Dünya Müharibəsində, Çanaqqala cəbhəsində və digər əhəmiyyətli cəbhələrdə xidmət göstərib.

Atatürk xalqını, millətini, bayrağını hər şeydən üstün tutardı. İzmirin qurtuluşundan sonra önünə bir xalça kimi sərilən yunan bayrağını görüb səbəbini soruşanda ony qarşılayanlardan biri “Yunan bayrağıdır paşam! Yunan kralı buraya girərkən türk bayrağını əzərək, üstündən keçmişdi” deyib.

Atatürk də “xəta etmiş! Mən bu səhvi təkrar etməyəcəm. Bayraq millətlərin şərəfidir. Nə olursa olsun, yerə sərilməz və tapdalana bilməz” söyləyib.

Araşdırmaçı Ceyhun Bayramlı Atatürk haqqında yadda qalan məlumatları Modern.az-la bölüşüb:

“Böyük şəxsiyyyət olduğu şəksizdir. 1935-ci ildə Türkiyədə fəaliyyət göstərən mason lojalarını və onların mətbuat orqanlarını rəsmi fərmanla qadağan edib. Səudiyyə rejimində Məhəmməd peyğəmbərin qəbrini dağıtmaq istəmələrinə görə ciddi reaksiyalar verib”.

Tarixçi Kamran Əsədov Modern.az-a Atatürklə bağlı iki hadisənin hər an diqqətində olduğunu bildirib:

“Atatürk barədə daha çox iki hadisə yadıma düşür. Birincisi, Mustafa Kamalın həyatının müəyyən vaxtlarında xüsusi yer tutan  Fikriyə xanımın Atatürk evləndikdən sonra həyatına faciəvi şəkildə son verməsidir. Bununla bağlı müxtəlif fərziyyələr var. Bir fərziyyədə deyilənə görə, Atatürkü sevən Fikriyə adlı xanım olur. O, həm də Mustafa Kamal ilə qohumluq əlaqəsinə sahib idi. Bir gün Atatürkün Lətifə xanımla evləndiyini eşidir və Çankaya köşkünə gəlir. Lakin Lətifə xanım onu köşkdən uzaqlaşdırır və içəri keçməsinə icazə vermir.Buna görə də o, elə Çankaya köşkünün önündə intihar edir.
Fikriyə xanımın tapança ilə vurulması iddiaları da var.Atatürk ölənə qədər onun məzarının harda olmasını bilməyib. Ümumiyyətlə, indiyə qədər Fikriyə xanımın məzarının yeri bəlli deyil.
İkincisi isə Atatürk Samsundan Ankaraya gələndə üzərində edam hökmü olmasına baxmayaraq, mübarizə aparıb və Türkiyə Cümhuriyyətini qura bilib”.

AMEA Arxeologiya və  Etnoqrafiya İnsitutunun əməkdaşı, arxeoloq, tarixçi Pərviz Qasımov:

“Almaniyada 1933-cü ildə hitlerçi nasilər hakimiyyətə gələndən sonra bir çox yəhudi alimləri alman ali məktəblərindən qovuldu. Bu dövrdən başlayaraq yəhudi alimləri Almaniyanı tərk edirdilər. Həmin dövrdə Atatürkün xüsusi göstərişi və proqramı əsasında Almaniyadan köçən yəhudi alimlər yüksək maaşla (hətta hər alimi maaşla təmin edilən tərcüməçi müşayiət olunmaq şərtilə) Türkiyəyə dəvət olundu. İstədikləri zaman onlara Türkiyə vətəndaşlığı verilməsi problemsiz həll edilirdi. Nəticədə, ilk növbədə İstanbul Universitetində bir çox elmlərin kafedraları və fakültələri yaradıldı, elm sahələrinin əsası qoyuldu, təhsildə rüşvətxorluq təmamilə yığışdırıldı. 
Atatürk hətta baş nazir İnönüyə hirslənmişdi ki, Eynşteynin tələb etdiyi maaşı ona vermək istəmir. Baş nazir İsmət İnönü ehtiyat edirdi ki, əcnəbi alimlər nə isə bir pislik gətirərlər. Atatürkün ona yazdığı məktubunda bildirilirdi: “Elmdə millət yoxdur. Bu məsələdə sən hələ səngərlərdə qalmısan. İsmət, müharibə qurtarıb çoxdan. Elm millətə yalnız xeyir verə bilər”. 

Atatürk Eynşteynin İstanbulda qalmasını istəyirdi, amma amerikalılar və ingilislər seçmə, bir neçə istedadlı yəhudi alimlərinə daha yaxşı şərait vəd edirdilər. Ona görə Eynşteyn və 1-2 tanınmış yəhudi alim qalanlarından fərqli, ABŞ-a mühacirət etdi. Atatürk özü xəstə olarkən belə, bu alimlərin mühazirələrində iştirak etməkdən, tələbə kimi qeydlər götürməkdən həzz alırdı (xüsusilə, fransızca mühazirə deyən almaniyalı yəhudi alimlərin mühazirələrindən xoşlanardı. Çünki fransızcanı sərbəst bilirdi).
 Prof. Dr. Münir Ülgür 1949-da Prinston Universitetində tələbə olarkən Eynşteynlə görüşür. Eynşteyn ona deyir: "Siz heç bilmirsiniz ki, dünyanın ən böyük liderinə sahib idiniz. Çünki Hitlerin ağılsızlıqlarından almanlar və digər millətlər nə qədər uduzdu. Udan yalnız anqlo-saksonlar və türklər oldu. Çünki məqamında işsiz və təhlükədə qalmış yəhudi alimlərinə lazımi dəyəri verdilər”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmmədov Atatürkü bütün türk dünyasının lideri adlandırır:

“Bugünki Türkiyə məhz indiki formada qalmasında sözsüz ki ona borcludur. Mahir döyüşçü eyni zamanda diplomat və siyasi xadim olan Atatürk öz şücayəti ilə milyonlarla insanın qəlbində hələ də yaşamaqdadır. Kamalistlərin hakimiyyətdə möhkəmlənmələrindən danışarkən onların dünyəvi Qərb dəyərlərini əsas tutan dövlət islahatlarını qeyd etmək yerinə düşərdi. Dövlətin modernləşməsinin birinci şərti məhz ölkəni dünyəvi respublikaya çevirmək idi. Bununla əlaqədar şəriət məhkəmələri də ləğv edildi. Atatürk Avropa ölkələrindən də əvvəl qadınlara siyasi hüquqlar verdi. 1920-ci ilin əvvələrində türk əhalisinin 70%-dən çoxu kəndlilərdən ibarət idi. Kənd təsərrüfatında iş adamları situmullaşdırmaq üçün apardığı bir sıra islahatlardan tutmuş bank sisteminin xaricilərin əlindən alınaraq yerlilərə verilməsinə qədər mühüm addımlarını deyə bilərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir