Modern.az

Rəsulzadənin  Atatürkdən “incikliyi” – “O, qurtulan Şərqin simvoludur”

Rəsulzadənin  Atatürkdən “incikliyi” – “O, qurtulan Şərqin simvoludur”

11 Noyabr 2017, 01:08

10 noyabr türk dünyasının böyük tarixi şəxsiyyəti, min bir çətinlik içində dövləti qoruyan və onu yenidən bərpa edən Mustafa Kamal Atatürkün vəfat etdiyi gündür. Həmin gün başda Türkiyə olmaqla bütün türk dünyasında xatırlandı, Paşa haqqında yazılar yazıldı, sevgi və məhəbbəti ifadə edən  mətnlər qələmə alındı.

 

Azərbaycan tarixi üçün də Mustafa Kamal Atatürkün çox böyük önəmi var. Lakin tarixin bir mərhələsi var ki, orada Atatürk diplomatik məsələlər üzündən müəyyən addım atıb. Çox təəssüf ki, həmin addım səhvən onun Rəsulzadə şəxsiyyətinə yanlış münasibəti kimi anlaşılıb. Əslində, isə elə olmayıb. Onların hər ikisinin bir-birinə dərin hörmət və sayğıları olub. Atatürk yeni qurulacaq partiyaya Rəsulzadənin də dəvət olunacağını eşidəndə İsmət İnönüyə “sizin partiyanızın taleyi çox şanslı oldu” cavabını verir. Rəsulzadənin Atatürk haqqında dediklərini isə az sonra təqdim edəcəyik.

 

Lakin Modern.az bu gün münasibəti ilə təqdim etdiyi yazıda həmin səhv anlaşılan hadisənin tarixinə varacaq. İddialara görə, guya o zaman Rəsulzadə Atatürkdən bərk inciyib. Əslində, elə olmayıb. Söhbət 1930-ci ildən gedir. Yeni toparlanmaqda olan Türkiyə SSRİ ilə müqavilə imzalayır və o müqavilənin gizli bəndinə görə....

 

Yaxşısı budur, ömrünün Rəsulzadə şəxsiyyətinə həsr edən Nəsiman Yaqublunu dinləyək:

“Yox, o heç zaman türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkdən narazılıq etmədi. Heç zaman onun haqqında xeyirxahlıq və səmimiyyətdən başqa bir söz demədi. Ölkədən çıxıb getməyini tələb etdiyinə görə də Atatürkə olan hörmət və səmimiyyətini itirmədi. Dövrün, şəraitin belə olduğunu bildi. O, xırda hisslərlə yaşayan adam deyildi, onu böyük işlər, ən başlıcası isə Azərbaycanın taleyi maraqlandırırdı. Türkiyədə vətənini müdafiə etməsi, məcmuələr çıxarıb bütün dünyaya səs salması köhnə mübarizə dostunu, indi vətənini əsarətdə saxlayan Stalini, bolşeviklər hökumətini narahat edirdi. Getdikcə cəsarətli oğullarını qırıb, xalqı öz rejimlərinə tabe etdirdikləri Azərbaycanda Məmməd Əmin Rəsulzadənin səsi yenə eşidilirdi. Bu səs onları qıcıqlandırır, yerindən edirdi. Bu səsdən qorxur, həyəcan keçirirdilər. Bu səsin ən yumşaq eşidilməsi xalqı üsyana, azadlıq mübarizəsinə çağırış idi. Bu səsi boğmaq, kəsmək lazım idi. Bu səs boğulsa, Azərbaycandan ötrü narahatlıq keçirməyə dəyməzdi. Budur, belə imkan yaranıb. 1931-ci ildə Türkiyə ilə Sovetlər Birliyi arasında imzalanan dostluq müqaviləsinin gizli bir bəndi də bundan ibarət idi: Türkiyədəki mühacirlər ölkədən çıxarılsın, sovet hökuməti əleyhinə təbliğat işi aparmasınlar.

 

 

Atatürkün xəbərini çatdırmışdılar ona. Başqa yol yox idi. Türkiyədən çıxmalı idi. Türkiyəni belə bir addım atmağa məcbur edən səbəbləri başa düşürdü. Dövrün, şəraitin mürəkkəbliyi Türkiyəni Sovetlər Birliyi ilə yaxınlığa məcbur edirdi. Bu yaxınlıq heç də Atatürkün Rusiyaya, yaxud kommunist rejiminə məhəbbətindən irəli gəlmirdi. Yox, Atatürk kommunist rejiminə nifrət edirdi. O həmişə türk və milliyyətçi olmağın tərəfində dayanırdı. O, türk şərəfi və heysiyyətini hər şeydən yüksək tuturdu. Bir dəfə Ankaradakı rus elçiliyindəki görüşdə Rusiyanın baş elçisi Qaraxan Türkiyə əleyhinə bəzi sözlər danışmışdı. Atatürk sovet diktatoru Stalini hədəfə alaraq Qaraxana ağır ittihamlar demişdi. Bəli, Atatürk milliyyətçi idi və kommunizmə nifrət edirdi. O deyirdi: “Burası unudulmamalıdır ki, türk aləminin ən böyük düşməni kommunistlikdir. Hər görüldüyü yerdə əzilməli!”

 

Əlahəzrət diplomatiya öz işini görmüşdü. Atatürk Rəsulzadə və onun silahdaşlarını taleyin ümidinə buraxmırdı. Hər şeyin öz vaxtı-vədəsi var idi. Paşa çox yaxşı bilirdi ki, qan qardaşı olan azərbaycanlılar qısa müddətdən sonra yenidən özlərinin ikinci Vətənlərinə pənah gətirəcəklər. İndi isə gözləmək lazımdır. Çünki söhbət yeni qurulan Cümhuriyyətin də taleyinə təsir edəcək qərardan gedir. Atütürkün uzaqgörənliyi bir daha sübut olundu. Çox keçmədən Rəsulzadə və bir çox aydınlarımız Türkiyəyə dönüb ömürlərini orada başa vurdular:

 

“Atatürk onun və yurddaşlarının Türkiyədən çıxıb getməyini tələb edirdi. Və getməkdən başqa bir çıxış yolu yox idi. ...Amma o incimirdi Atatürkdən. Atatürk haqqında həmişə məhəbbətlə danışırdı. Sonradan yazacağı bir məqalədə isə Atatürk haqqında bu sözləri deyəcək, onu “qurtulan Şərqin simvolu” adlandıracaqdı: “XX əsrin şərqi, XIX əsr qərb tarixinin qeyd etdiyi Amerika ihtilalı ilə fransız inqilabını bir həmlədə yapmaq zərurətindədir. Mustafa Kamalın böyüklüyü, işdə tarixin bu zərurətini qavrayışındadır. Bu şömüllü dahisi ilə türk milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan şərqin simvoludur!”.

 

Türkiyədən ayrıldılar. Türkün ikinci bir qapısı üzlərinə bağlanırdı. Birincisini bolşeviklər zorla, süngü gücü ilə bağlamışdılar. İkincisini isə bicliklə, siyasətlə, başqasının əli ilə qapayırdılar. Türkiyənin həmişə doğmalıq gördükləri torpağından ayrıldılar. Başı müsibətlər çəkmiş müsavatçılarla birlikdə o və əmisi oğlu Məmməd Əli tozlu-torpaqlı yolla üz tutub qərib ölkələrə gedirdilər. Hamısı düşkün, fikirli, xəyallı. Hamısı taleyin bu acı hökmünə içəridə ağrıyırdılar. Vətəndən qovulmuş müsavatçılar sonu, bucağı görünməyən qara bir yolla baş alıb gedirdilər. İstiqlal yolçuları! Yurdundan, obasından qovulmuş zavallılar, bu nə haldır düşmüsünüz? Nakam Azərilər, hara belə gedirsiniz? Sizi hər yerdən qovurlar, yaşamaq haqqınızı əlinizdən alırlar! Hara, hara gedirsiniz? Vətəninizi al qan içində, oğullarınızı başı kəsilən vəziyyətdə qoyub hara gedirsiniz? Siz ki, haqqınız, azadlığınız yolunda çalışırsınız. Demək, haqqını tələb etmək azəri türkünə qadağan olunub. Qəribə məntiqdir! Türkiyədən çıxanda xoşagəlməz hadisə baş verdi. Onların hamısına Trakiyadan çıxıb getməyə icazə verdikləri halda, əmisi oğlu Məmməd Əlini Suriyadan çıxarmaq istədilər. Nəhayət, onu da dostlarından ayırmadılar. Hər ikisi bir-birinə bağlanmışdı. Hər iki əmioğlunun bir yaşayış amalı vardı – Azərbaycanı azad etmək! Elə bu istək onları bir-birinə daha da qırılmaz tellərlə bağlayırdı.

 

E.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!