Modern.az

Söz yerə düşməsin

Söz yerə düşməsin

11 Noyabr 2017, 15:47

Əməkdar jurnalist Azad Müzəffərli

 

(Əli Nəcəfxanlının ömrünün 60-cı baharının qoxusu gələn “Söz yerə düşməsin” adlı yeni kitabı haqqında düşüncələr)

 

Dostum, həmkarım Əli Nəcəfxanlı “Söz yerə düşməsin” adlı sayca 5-ci kitabını mənə hədiyyə edəndə hədsiz dərəcədə şad oldum. Bu, təkcə, şəxsiyyətinə və yaradıcılığına daim hörmətlə yanaşdığım insanın növbəti uğurundan qaynaqlanan sevinc deyildi, mənə Söz adlı ucsuz-bucaqsız dəryada xoşbəxtcəsinə çapalamaq fürsəti də qismət olmuşdu. Elə, kitabdakı “Tanımaq istəsən” adlı ilk şeirdən qənaətimdə yanımadığımın növbəti dəfə şahidi oldum.

 

Ölüm haqdı, ömür “eh”di.

Çox faniyə qələm çəkdim...

Şeirim Göydən gələn vəhydi,

Yazmıram ki, özbaşına. 

 

Həqiqətən də, qələmini nəzmdə sınamaq imkanı Tanrı qismətidir, Tanrı əmanətidir. Burada fürsətcillik yolverilməzdir, həmin əmanətə sadiq olmaq, o ucalıqda qərar tutmağı bacarmaq lazımdı. Bu məqamda sözün böyük anlamında dop-dolu “halal olsun!” kəlmələri Əli Nəcəfxanlının mənəvi haqqıdır. O, hər bir beytini yoğurub yapana qədər tər-qan içində olan qələm əhlindəndir. Şeirlərinin əksəriyyətindən bəllidir; Sevgi Günəşi onu qovurduqca, yandırıb-yaxdıqca yerə-göyə sığmayan Söz adlı azman ağacın kölgəsində duruş gətirməyə çalışır.

 

Qoşa izlərimiz qalamayıb deyə,

Tanış yollarda da azıram indi.

Evimin içində qəm yeyə-yeyə

Qürbət nəğmələri yazıram indi.

 

Yəqin ki, mənimlə həmfikirsiniz, bu, milyonların sinəsindən qopub gələn mükəmməl şeir libasında hayqırtı, yanıqlı nəğmə deyil, bəs nədi?  

 

Əlinin sinninin 60-cı çağında ilk növbədə özünün gözünün içinə dim-dik baxmağı haqq etməsi Tanrıya və Sözə hallacasına söykənməyindəndir.   Əli yaradıcılığa qarşı çox tələbkardı. Tam dolmasa, çisəməz belə, onda qala ondan şıdırğı yağış gözləyəsən. Sinəsi daim doludur. Sadəcə, buludlar toqquşmadan silkinmədikləri kimi onun daxili dünyasındakı mətləb qövr eləyib tam yetişməsə, çətinki azadlığa çıxa. Əli nəzmdə imtahan verməyə vərdişkardı, o, hər bir şeiri qarşısında sadiq tələbə kimi müntəzirdi. Bu onun yaradıcılığından apaydın sezilir. O, yaradıcılığının elə bir çağındadır ki, qələmə aldıqlarının ilk senzoru elə özüdür, sözlə, bədii təhkiyə ilə daim dartma, yaxam cırıldıdadır. İlk baxışdan insana elə gəlir ki, Əli Nəcəfxanlı yazanda çətinlik çəkmir, bu həqiqətdir, amma dərindən götürəndə onun hər bir yaradıcılıq məhsulu nehrə təkin çalxalanmağının məntiqi nəticəsidir.

 

Əlinin insan kimi də özəllikləri barmaqla saya gəlməz. Eqosuna daim əl gəzdirən dostum heç cür imkan verməz ki, bu təkəbbürə çevrilsin. Mənəvi dünyası ilə yaradıcılığı həmişə vəhdətdədir, təndir. Əli ilə mükalimənin özü bir məktəbdir, qarşılıqlı zənginləşmə fürsəti. Görüb-götürdüklərinin üstə möhkəm-möhkəm dayansa da, birtərəfli baxış bucağını özünə heç cür yaxın buraxmaz. Milli-mənəvi dəyərlərimiz, Uca Varlığın yaratdıqlarının rəngarəngliyi yazılarında da boy verir, bəzən sinəylə tənbətən laləzərə bənzər. Əli ilə yaradıcılıq söhbətlərinə daim kəskin ehtiyac duyursan, bu zaman peşəkarlıqdan kənar heç bir mətləblə rastlaşmazsan.

 

Əli, yaradıcılığında əsrlərin sınağından keçib gələn “çeynənmiş” həqiqətlərə, həyat reallıqlarına yeni bir nəfəs verir, görünməz tərəfləri ortalığa çıxarır, onlara daha dərindən nüfuz etmək iqtidarında olmasını sərgiləyir. Sözdən hörülən çələnglər Əli yaradıcılığında Təbiətin bağrından qopan Bahar ətirlidir , təkrarolunmaz xalıları, əksər hallarda həsəd doğuran bəylik, gəlinlik libasını andırır. Bu qələm nümunələrinin saçdığı yaz ətri ən azı bir ömrə bəs edəcək qədərdir. Əli sözə ehya verdikcə, sən də istər, istəməz bu dəryanın qəvvasına çevrilirsən, sadəcə onun yaradıcılığına şahidlik etməklə kifayətlənə bilmirsən, sözü bağrına basdıqca arınırsan, paklaşırsan. Onun bir-birindən üstün şeirləri ilə bəzənən kitabı əlində dəyəri ölçüyəgəlməz söz boxçasına çevrilir. Əgər, sən də qələm əhlisənsə, Əli ilə söhbətləşmək, bəhsləşmək istəyi səni sakit buraxmır... Qələmin kəsərinə diqqət yetirək...

 

Bir kimsəyə ünvan deyil,

Küləklənir veyil-veyil.

Bacaları – top lüləsi,

Yerə-göyə asi bir kənd,

Nədən razı qalsın bu kənd?

Bəxti-günü oğurlanıb,

tiftiklənib cığırları

Bir əli-bir yaxasıdı,

Atılmış kənd bayquş yurdu,

kəndlisinin sovxasıdı...

 

Yaşadığımız mənəvi həzz tam olsun deyə, Əlinin nəzmə bələnmiş bir deyiminə də nəzər yetirək: Tərk etdiyimiz kəndlərdə təkcə ağaclar böyüyüb – o da yolumuza boylanmaqdan. Bu, bütöv bir yaradıcılığa bərabər sənət nümunəsi deyilmi?!

 

Hər bir kəsin milli kimliyini təsdiqləyən ilk növbədə onun ana dilidir. Əli də mükəmməl Azərbaycan dilinə öz nəfəsini qatan, qızdıran kəslərdəndir. Bu anlamda onun qələmə aldıqlarından süzülüb gələn şeiriyyat, poetiklik, milli ruhumuzun şəhdi-şirəsi cana yatır, ruha doğma gəlir, milli-mənəvi irsimizə dəyərli töhfədir.  Sözün dili var. Hər kəs ən azı öz ana dilində üyüdə bilər, dig gəl, sözün dilini bilmək hamıya nəsib olmaz. Bu da, ilk növbədə Tanrı vergisidir, seçilmiş bəndələrinə əmanət edər. Şəksiz, bu baxımdan Əli də Tanrının dəyər verdiyi bəndələrindəndir...

 

 

Ömür hanasında qarışıb ilmə,

Qardaş qapısında sayılır gəlmə.

Doğmadır qadaya, bəlaya, zülmə,

Yaddır xoş saata, xoş günə qaçqın.

 

Bütün nadir sənət nümunələrinin közü Sevgidəndir. Təbiətin özü belə Uca Varlığın Eşqinin təzahürdür. Tam əminliklə söyləmək olar ki, Əlinin şeirlərinin mürəkkəbi sevgidəndir, o, özünün alovlandırdığı məhəbbət ocağının içində qıvrım-qıvrım qıvrılaraq kül olmamaq üçün Sözdən bərk-bərk yapışan Tanrı bəndələrindəndir. Həsrəti özünə şələləyən Əli Nəcəfxanlıya həsr etdiyi “O gözəl” şeirində Aybəniz Əliyar Kərimova bu həqiqəti sərrafcasına qələmə alıb...

 

Ümidlər bir yığın, yollarında çən,

Başını bir başqa duman alıbdır.

Səni bu sevdaya çəkən gözəldən,

İndi bir xatirə - Şeir qalıbdır.

 

Sevgi təndirində imtahana çəkilmədən həssas məhəbbət şeirləri yazmaq mümkün deyil. Əlinin fırça əvəzinə məharətlə işləyən qələminin məhsulu olan güzgüdə, nəinki onun özünün, eləcə də, milyonların sevgi iztirabları, yaşantıları dolğun əksini tapır. Bir daha əmin olursan ki, bütün dahilərin sənətinin, peşəsinin yoluna işıq salan Sevgidir, Sevgi!!! Əlinin yaradıcılığına adicə nəzər saldıqda belə Ulu Yardanın bu nadir nemətindən ona da bolluca pay düşdüyünə şübhən qalmır.

 

 

İstək dustağıyam, duyğu çaşqını,

Sərhəddə durmuşam yad ordu kimi.

Gözümdə, könlümdə sənin eşqini

Gəzdirrəm özgənin pasportu kimi.

 

Əli nəinki Vətənin daşıdır, onunla uzun müddət eyni bir kollektivdə - Azərbaycan Televiziya və Radiosunda  çalışan biri kimi tərəddüd etmədən təsdiqləyə bilərəm ki, o, Vətəninin azman qayalarından biridir. Əli Nəcəfxanlı Vətəni, onun istənilən xırdaca parçasını bağrının başında gəzdirən soydaşlarımızdandır. Əlinin yaradıcılığında onun dağlardan da tükənməz güc alması özünü qabarıq büruzə verir. Təbii ki, burada onun özünün dağ timsallı olmasının da rolu kifayət qədər həlledicidir. Türk oğlu Türk kimi dağlara kürək verəndi Əli...

     

Çox inada bu yoxuşlar dağ çəkib,

Bu dərələr vahimədi, bax, çəkil.

Qoç igidlər yan-yörəndə dağ təki

Sıralanıb qursun halay, qardaşım.

 

Şirin-şəkər dədə-baba ləhcəsi –

Bu yerlərin qayım-qədim türkcəsi!

Dinlədikcə duyğuların incəsi

Pərdə-pərdə qəlbə dolay, qardaşım.

 

Əli Nəcəfxanlının çöhrəsində Tanrının güzgüsünə - Göy üzünə bənzərlik var. İlk baxışdan qaraqabaq görünən Əlinin çöhrəsindən əslində Günəş şəfəqlərinə bənzər nur ələnir, sadəcə, gərək, sərraf olasan, bunu duyasan, o nurdan mütləq sənə də pay düşər. Düzdür, yaradıcılığında da qabarıq büruzə verdiyi kimi, Əlinin canında həqiqqətən bir payız ovqatı var. Bu məqamda Rauf Qaraişığın ona həsr etdiyi “Salam, payız” şeirinə diqqət kəsilmək lap yerinə düşür...

 

Salam, payız!!!

Salam,

Üst-başı

Yarpaqlı dostum...

Salam, Xoş gəldin!!!

 

Xüsusilə, payızın indiki oğlan çağında Əlinin “ Söz yerə düşməsin” kitabındakı şeirlərinə adicə göz gəzdirsəniz belə qızılı payıza həsr etdiyi yanğılı qələm nümunələri də mütləq diqqətinizi çəkəcək.

 

Elə sürüşkəndi diklər, yoxuşlar,

Viranə könlümü döyür yağışlar.

Hələ harasıdır, qabaqda qış var,

Yaman ağlamalı fəsildi payız.

 

Onun şeirlərindən payız mövzusu tükənməsə də, ömür qatarından hələ də qətiyyən bahar təravəti əskilməyib, hətta, indinin özündə belə sözün böyük anlamında sevib-sevilməyə müntəzirdi, iç dünyasındakı məhəbbət ocağını heç körükləməyə də ehtiyac yoxdu, gurdur ki, gur.

 

Əli Nəcəfxanlı sözün mütləq anlamında Azərbaycan ədəbiyyatının barı tükənməz qollu-budaqlı ağaclarından biridir. Xalq şairi Sabir Rüstəmxanlı kimi azman söz xiridarını(yeri gəlmişkən Sabir müəllim Əli Nəcəfxanlının yeni kitabının ön sözünün müəllifidir), vaxt darlığı məngənəsində var-gəl edən ictimai xadimi bir gecədə, bir neçə saat ərzində yazdıqlarını oxumağa vadar etmək, bax, Əli Nəcəfxanlı yaradıcılığının qüdrəti bundadır. Azərbaycanın ədəbiyyat aləmində indi öndə gedənlərinin xeylisini geridə qoymaq gücündə, səviyyəsində olan bu qələm sahibi, təəssüf ki, yazarlar sırasında əsl yerini tutmayıb. Burada onun zərrəcə də olsun günahı yoxdu, bunun səbəbi heç onun təvazökarlığında da deyil. Bu acı həqiqət Azərbaycanın ədəbi mühitində subyektivliyin kifayət qədər geniş şəkildə meydan sulamasından qaynaqlanır. Əli Nəcəfxanlının sənət adamları içində əsl mövqeyinə layiq görülmədiyi təkcə mənim qənaətim deyil, bu baxımdan çoxlarının fikri üst-üstə düşür, o cümlədən, Azərbaycanın ədəbiyyat səltənətində meydan sulayan kəslərin. Məsələn, götürək, elə Sabir Rüstəmxanlını. “Söz yerə düşməsin” kitabına yazdığı ön sözdə o da böyük təəssüf hissi ilə təsdiqləyir ki,  Əli də dövrünün bir çox qələmdaşları kimi diqqətdən kənarda qalan, qiymətini almayan imza sahiblərindəndir. Məncə, bu məqamda konkret olaraq kimsəni günahlandırmadan diqqəti bir incə məqama yönəltmək yerinə düşərdi. Azərbaycanın ədəbiyyat aləmində hər bir kəsin layiqli mövqeyini tutması ilk növbədə söz meydanında cövlan edən nəhənglərin mənəvi borcu deyilmi?!. Bu prinsipial məsələyə biganə qalmaq nə dərəcədə doğrudur!?. Niyə, axı, Söz dünyasının layiqli öndə gedənləri Əli kimi haqq edən yazarlara arxa, dayaq olmurlar? Zənnimcə, bax, əsl həqiqət də məhz bu reallıqda kölgələnir, məncə, təkcə düşünməklə, reallığı görməklə kifayətlənmək yetməz... Düzdür, ola bilər ki, “Haqq nazilər, üzülməz “ məntiqinə arxayıncasına dirsəklənən Əlinin də hardasa “Səndən hərəkət, məndən bərəkət” kəlamına nisbətən soyuq yanaşması onun layiqli mövqeyinə yüksəlməsinə mane olur. Ola bilər, hədəfi mahircəsinə nişan almaq da bir özgə məharətdir. Di gəl, bu da Azərbaycanın ədəbiyyat səltənətində “Səhv düşəndə yerimiz” mənzərəsinə Söz dünyasının azmanlarının biganə qalmalarına haqq qazandıra bilməz!!!   Söz xiridarlarının(hər birinə tükənməz hörmətlə) bu məsələdə bir daha götür-qoy edəcəkləri ümidilə  Əlinin Əlahəzrət təsadüfdən umduğu istəyə şahidlik edən növbəti sənət incisi ilə baş-başa qalmağın məqamının yetişdiyi qənaətindəyəm...

 

Əllərini ver mənə,

Ovucumda çiçək bitir!

Yağış yağsın, bəs etsin

İkimizə bir çətir.

Tellərini qoxlayım,

Ruhuma dolsun ətir.

Xəbərimiz olmasın

Zaman nə zaman bitir,

Bir də görək ömrümüz

Qolboyun sona yetir!

 

 

Kaş, Azərbaycanda ədəbi cərgədə təkcə sən yox, hər bir kəs öz “boy”una görə yerini tutaydı arzusu ilə, Əli qardaşım, təbriklər, növbəti kitablarını səbirsizliklə gözləyəcəyik, sənətdə və həyatda uğurlar!!!. Bir də ki, qətiyyən unutma, qocalığa hələki çox qalıb. Payızdan da payıza fərq var, sənin umub-küsdüyün payızın min Bahara dəyər!!

 

İllər bir-birini nə yaman qovdu,

Aylarmı ovçudu, günlərmi ovdu?

Qərib duyğulara könlüm girovdu,

Yaman ağlamalı fəsildi payız.

 

 

Əli can, ən əsası, sən insanlıqda da, sənətdə də layiqli mövqedəsən, hər bir kəsin dəyəri bundadır...

 

 

Yaxına qoymadım mən çuğulluğu,

Yaşatdı könlümü sevgi bolluğu.

Ən ali rütbəmdi xalqa qulluğum,

Elə bu rütbədə şaham, a qardaş!

 

 

Dost, nə həyatda, nə də yaradıcılıqda heç vaxt sözün yerə düşməsin, bir də ki, qətiyyən, narahat olma, Söz heç vaxt yerə düşəsi deyil. Tanrının özü ucalıqda dəyər verdiyi Sözü bəndələrin yerə salmağa gücü yetməz!!!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi