Modern.az

Qarabağ problemi mətbuatda necə işıqlandırılır?

Qarabağ problemi mətbuatda necə işıqlandırılır?

19 Noyabr 2009, 17:32

Modern.az bir neçə qəzetin baş redaktoruna “Bu gün mətbuatda Qarabağ probleminin işıqlandırılması sizi qane edirmi?” sualı ilə müraciət edib. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qarabağ problemin KİV-də kifayət qədər işıqlandırıldığını düşünür: “Danışıqlar prosesi və əksəriyyət baxışlar müxtəlif mətbuatda- istər müxalifət, istərsə də iqtidar qəzetlərində öz əksini tapır. Xarici məbuatda da ekspert rəylərini, bu sahədə gedən danışıqları izləyirik. Düzdür, Qarabağ problemi ilə əlaqdar danışıqların səmərəsizliyi, döyüş ruhlu yazıların az olması ilə bağlı KİV-ə irad tutulur. Buna baxmayaraq, Qarabağ problemi ilə bağlı əldə etdiymiz məlumatlar mediada əksini tapır”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı mətbuatda vətənpərvərlik mövzusuna az yer verildiyini deyir: “Hər bir mətbu orqan bu sahədə öz üzərinə düşəni edir. Bu gün işğal tarixindən tutmuş, prezidentlərin görüşü, bu sahədə aparılan danışıqlar mətbuatda öz əksini tapır. Burada atəşkəsin pozulması, xarici təşkilatların rəhbərlərinin Qarabağ problemi haqqında fikirləri işıqlandırılır. Lakin, bu gün mətbuatda vətənpərvərliklə bağlı yazılara az təsadüf edilir. Bunun üçün bir strategiya lazımdır ki, hər bir mətbu orqana vətənpərvərliyi aşılasın. Amma bu vahid mərkəzdən isitqamətləndirilsə, daha məqsədəuyğun olar”.

  

"Həftə-içi" qəzetinin baş redaktoru Sevinc Seyidova bu problemin mətbuatda mütəmadi şəkildə işıqlandırılmadığını bildirir: “Əvvəlki 5 ildəki əhval-ruhiyyədə işıqlandırılmır. İndi mətbuat orqanları Qarabağ problemini, ancaq işğal günləri yada salır və onun tarixi ilə bağlı material verir. Düzdür, dövlət səviyyəsində bu proseslər gedir, danışıqlar aparılır və bu da mətbuatda verilir. Amma mütəmadi şəkildə verilmir. Bu bizim ən böyük problemimizdir. Ən azından həftədə bir-iki dəfə bu problemə mətbuatda yer ayrılmalıdır”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bu problemə mətbuatda çox az yer verildiyini qeyd edir: “Bu mövzuda peşəkar yazılar çox azdır. Əsasən informasiya xarakterli materiallar dərc edilir. İndi politoloqların, siyasi icmalçıların və publisistlərin yazılarına ehtiyac duyulur. Müharibə vəziyyətində olan dövlətdə bu cür yazılar nə qədər çox olarsa, vətənpərvərlik tərbiyəsinin gücü, təsir qüvvəsi bir qədər də artar. Mətbuat Şurası bu mövzu ilə bağlı monitorinqlər keçirməyib. Əsasən sahələrlə bağlı keçirib. Yəqin ki, Mətbuat Şurası bu məsələni də gündəmə gətirəcək”.

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir