Modern.az

Komitə sədrindən həyəcan təbili: “Təhsil haqlarını ödəməkdə çətinliklər var, ictimai dinləmələr aparacağıq”  

Komitə sədrindən həyəcan təbili: “Təhsil haqlarını ödəməkdə çətinliklər var, ictimai dinləmələr aparacağıq”   

13 Noyabr 2017, 13:03

“Azərbaycanda məşğulluq idarələri mövcuddur. Amma mən konkret olaraq bilmirəm ki, məşğulluq idarələrinin funksiyaları nədir? Mən gələn plenar iclasda məşğulluq idarələri ilə bağlı xüsusi yanaşma ortaya qoyacam. Bu gün biz bu idarələrdən eyni cavablar alırıq”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, ölkə başçısının rəhbərliyilə quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması müsbət hallardır:  

“İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni, yeni iş yerləri yaradılır, insanların gəlir yerləri artır. Büdcədə ipoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”.

F.Muradov qeyd edib ki, bütün dünyada ali qanunvericilik orqanlarında təmsil olunan siyasi partiyaların büdcələri kifayət qədər çoxdur.

“Düşünürəm ki, siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır. Bu gün Azərbaycanın əleyhinə işləyən qurumlar, qeyri-hökumət təşkilatları var ki, onların büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Biz siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.

Komitə sədri bildirib ki, regionlar öz büdcələrinin formalaşdırılmasında fəal olmalıdırlar və investisiyalar cəlb etməlidirlər.

“Bu gün Azərbaycanın büdcəsi ona imkan verir ki, bəzi bölgələrə dotasiyalar ayıraq. Amma yerli icra strukturlarının təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır”.

Deputatın sözlərinə görə, rəhbərlik etdiyi komitəyə ünavanlanan müraciətlərdən biri də tələbələrin təhsil haqqı ilə bağlıdır.

“Bizə ünvanlanan müraciətlərdən görünür ki, insanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Təhsil isə millətin gələcəyidir. Biz bununla bağlı Təhsil Nazirliyi və parlamentin Elm və təhsil komitəsi ilə birgə də ictimai dinləmələr aparacağıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?