Modern.az

Hitlerçi əsirlərin tikdiyi “Domsovet”: Hökümət Evinin tarixi... - FOTOLAR

Hitlerçi əsirlərin tikdiyi “Domsovet”: Hökümət Evinin tarixi... - FOTOLAR

Ölkə

20 İyun 2011, 10:46

Azadlıq mübarizəsinin canlı şahidinin tikilməsi 20 il çəkib


Bakı Qafqazın inkişaf etmiş şəhərlərindən biridir. Çox zaman "Küləklər şəhəri" adlanan Bakı öz gözəl küçələri, tarixi tikililəri ilə hər zaman  diqqət çəkə bilib. Doğma şəhərimiz, tarixi tikililər haqqında nə qədər məlumatlıyıq?

Modern.az saytı paytaxtımızdakı memarlıq nümunələrinin hansı məqsədlə, nə vaxt və necə ərsəyə gəldiyini araşdırır.

İlk olaraq Bakının mərkəzində yerləşən və “Domsovet”  kimi tanınan Hökümət Evindən başlamaq qərarına gəldik. Bunun səbəbi var.
Binanın tarixi çox qədim olamasa da, bir çox tarixi proseslərin şahididir. Öncə onu qeyd etmək istərdik ki, xalqımızın azadlıq hərəkatı məhz bu binanın yerləşdiyi meydandan - Azadlıq meydanından başlayıb. Sovet hakimiyyəti öz qanlı əlini bu illərdə də üzərimizdən çəkmədi. 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin vəhşi müdaxiləsi nəticəsində həlak olan şəhidlərimizin bu bina qarşısından keçərək dəfn edilməsi yaddaşa həkk olunan mənzərədir. 1991-ci ilin oktyabrnda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinə şahid olan bu memarlıq nümunəsinin Azərbaycan tarixində yeri olduqca mühümdür.

Bəs bu nəhəng və əzəmətli bina necə tikilib?

Azərbaycanlı memarların layihəsi keçib, amma təsdiqlənməyib


Ötən əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra dövlət əhəmiyyətli binaların tikilməsinə ciddi əhəmiyyət verildi. Həmin dönəmdə Azərbaycanın sıravi respublikalardan deyil, neft ehtiyatı olan ölkələrdən biri olduğunu düşünsək, belə tikililərin daha da önəm daşıdığını deyə bilərik.

Binanın tarixi ilə bağlı məlumatları araşdırmaq üçün memar Nəriman Əliyevin köməyindən istifadə etdik. Bizimlə söhbət zamanı  Nəriman Əliyev qeyd etdi ki, bina vaxtilə hökümət işcilərinin çalışması məqsədilə inşa olunub.

Rəsmi Moskva hazırkı Hökümət Evinin tikilməsi qərarına 20-ci illərin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökümət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvələrinə qədər uzanır. Nəhayət ki, 1932 –ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934 –cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Diqqətçəkən məqam odur ki, bu müsabiqədə Azərbaycanın tanınmış memarlarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak edib.

“Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır. Lakin, məlum səbəblər üzündən həmin layihə təsdiqlənmədi”-deyən N.Əliyev hesab edir ki, “Domsovet” həmin layihə üzrə tikilsəydi, daha yaxşı olardı. Lakin qərar qəbul etmək Azərbaycanın səlahiyyətində olmayıb. Münsiflər heyəti Moskvada otururdu. Onlar müsabiqədən sonra qərara gəlirlər ki, birinci yer Lev Rudnevə verilsin.

Binanın layihəsi təsdiqləndikdən sonra, onun tikintisi üçün xüsusi yer secmək lazım gəlir. Şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə, mərkəzdə 6 hektardan artıq meydan seçilir. Qeyd edək ki, binanın qarşısında olan və hazırda Azadlıq adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir. İkinci belə bir meydan isə Belarusun paytaxtı Minsk şəhərindədir. Lakin bu meydanının ərazisi Azadlıq meydanından bir qədər azdır. Həmin meydanın ərazisi 6 hektara yaxındır.

Ərazi müəyyənləşdikdən sonra 13 mərtəbəli binanın tikilməsi qərarı təsdiq edilir. Lakin bu zaman təsdiq olunan layihədə nöqsanlar üzə çıxır. Belə ki, 1931-ci ildə dövlət tərəfindən verilən qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi. Lakin rus memarı tərəfindən hazırlanaraq təsdiq edilmiş layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəlirlər. İndi binada gördüyümüz çıxıntılar –dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir.  Tağlar əvvəlcədən olmayıb. Layihəni ölkənin millilik ornamentlərinin zərurliyi qərarına görə dəyişdirilib. Diqqətlə fikir versək, görmək olur ki, 10 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Düzdür, bu o qədər də dəhşətli səhv sayılmasa da,  memarlıq baxımından savadsızlığa yol verildiyini söyləməyə əsas verir. Tağların ətrafında yaranan eyvanlarin heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin savadsızlığın nəticələrindən biridir. N.Əliyevin sözlərinə görə, burdan belə bir nəticəyə gəlmək olar ki,  həmin eyvanlar sadəcə olaraq, görkəm üçün-millilik xüsusiyyəti yaratmaq üçün inşa edilib.

Əsir düşən faşist əsgərlərinin zəhməti...

Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinçi Dünya müharibəsinin başlanması bu sahədə gedən işləri yarımçıq qoyur.  1945-ci ildə İkinçi Dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatandan sonra yarımçıq qalan binanın tikinti işləri yenidən bərpa edilir. Azərbaycanda geniş yayılmış belə bir söhbət var ki, Hökümət Evini əsir düşmüş faşist əsgərləri tikib. N.Əliyevin sözlərinə görə, doğurdan da binanın tikintisində fəhlə kimi əsir alınan alman əsgərlərin gücündən istifadə edilib. Faşist əsgərlərinin binanın tikintisində iştirak etməsi tarixin danılmaz faktıdır.

Uzun prossesdən sonra, nəyahət 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.

Bu 3 mərtəbəni tikməkdən nəyə görə imtina olunması bəlli deyil. Memar Nəriman Əliyevin sözlərinə gprə, ilkin ehtimallardan biri ondan ibarətdir ki, ayrılan pul çatmayıb. Tikilməsi nəzərdə tutulan binanın 3 mərtəbəsi təxirə salınaraq, onun vəsaitilə sonradan layihəyə əlavə edilən milli tağlar inşa olunur. 

Hazırda Azadlıq meydanında ucalan tarixi memarlıq abidəsi 10 mərtəbədən ibarətdir. Binanın sahəsi isə təxminən iki hektara yaxındır. "Küləklər şəhəri" olan Bakı özünün bu əzəli xüsusiyyətini Hökumət Evinə təsiri ilə bir daha göstərib. Belə ki, binanın qurtaracağında olan çıxıntılar-sürahilərin çox hissəsi küləklərə və zamanının təsirinə tab gətirməyərək dağılıb. N.Əliyevin sözlərinə görə,  həmin sürahiləri də bərpa etmək bir problemə çevrilib.

Bina ilk dəfə inşa olunanda bütün nazirliklərin orada yerləşdirilməsi planlaşdırılırdı. Ancaq bu gün heç də belə deyil.

Sovet memarlığında  Şirvanşahlar elementləri

Memarlıq abidəsi sayılan Hökumət Evi inşası başa çatdıqdan sonra bir neçə dəfə təmir olunub. Memar Nəriman Əliyevin sözlərinə görə, hər baş tikintiyə 50 il ömür verilir. Və o 50 ilin içində təyinatına görə, yenidənqurma işləri aparılır. Hökümət Evində də müəyyən təmir işləri aparılıb, xırda dəyişikliklər edilib. Bütövlükdə isə yenidənqurma işləri aparılmayıb. N.Əliyev eyni zamanda da bildirir ki, binada tikilinin zahiri görünüşünü dəyişdirən təmir işləri aparıla bilməz.  

Azərbaycanın tarixi memarlıq abidəsi olan bu tikiliyə bənzər ikinçi bir bina dünyanın heç bir ölkəsində yoxdur. Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülüb. Təbii ki, burda oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Belə ki, tağların ölçüləri fərqlidir. Şirvanşahılar sarayında tağlar sivri, Hökümət Evində isə qövsvaridir. Fərqli və oxşar cəhətləri olmasına baxmayaraq, hər iki tikili Bakı memarlığına xasdır.

Deyirlər hər gözəlin bir eybi olur. Tarixin möhtəşəmliyini özündə əks etirən bu möhtəşəm binanın yalnız bir qüsuru var. Bu gözəl binanın da eybi orasındadır ki, onunla üzvi əlaqəyə girə biləcək bir bina tapılmadı. Çünki onun fasadları elə həll edilib ki,  hər tərəfdən tamamlanıb. Və ona nəyisə bağlamağa bir yer yoxdur. Bu gün fikir versəniz, görərsiniz ki, onun ətrafındakı binalar bir az kənarda dayanıblar. Çünki onunla bağlanmaq mümkün deyil, bu Hğkumət Evinin eybidir. Bina ortada heykəlsayağı bəzək kimi dayanıb. Ona nəsə yapışdırmaq mümkün deyil.

Memar N.Əliyev hesab edir ki, əgər belə bir problem olmasaydı, o meydanda başqa möhtəşəm kompozisiyalar yaratmaq olardı.

Qotik memarlıq üslübunda tikilən bu binanın inşasında istifadə olunan tikinti materialları, yerli və xaricdən gətirilən materiallar olub. 





Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır