Modern.az

Ağsaqqal olmağı haqq edən insan  

Ağsaqqal olmağı haqq edən insan  

Aktual

15 Noyabr 2017, 11:35

Bəxtiyarsan, əgər çəkdiyin əmək
Cahan zirvəsinə versə bir çiçək.        
Hüseyn Cavid
 

           
Həyatda ağsaqqal-ziyalı-şəxsiyyət insanla rastlaşmaq çox nadir halda olur. Belə insanlar Ulu yaradandan bizə bəxş olunan sərvətdir. Nə yaxşı ki, həyatım boyu belə bir nadir insanlardan biri ilə özünə, şəxsiyyətinə, sözünə, hərəkətinə, əməlinə fikir verən, diqqət yetirən ziyalılardan olan Cavanşir müəllimlə- tanınmış məşqçi-idmançı, əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Kazım oğlu Qurbanovla ünsiyyətim vardır.  

                                                                        
Əslində Cavanşir müəllimi hələ uşaq ikən tanıyırdım, baxmayaraq ki, ünsiyyətimiz yox idi. Cavanşir müəllimgilin ailəsi bizim ailəmizlə bir məhəllədə, məşhur Dağlı məhəlləsində, keçmiş 3-cü Xrebton küçəsi, 39 nömrəli evdə qonşu idilər. Mənim atam, əmim Cavanşir müəllim və onun qardaşları ilə yaxınlıq edər, uşaqlıqlarını keçirərdilər. Nənəm Azadə xanım, atam Ələsgər və əmim Əliabbas Əsgərzadə qardaşları həmişə söyləyərdilər ki, maşallah, Kazım kişinin övladları çox ağıllı və istedadlıdırlar. Öz zəhmətləri hesabına həyatda düzgün yol seçib, o yolla əzmlə irəliləyir, uğurlar qazanırlar.       
                                                                                             

Bəli, həqiqətən də bu belədir. Bu ailənin ən böyük oğlu, haqqında söz açdığım Cavanşir Qurbanov çox şərəfli, hamının həsəd apara biləcəyi bir ömür yaşayıb. Ləyaqətli, şərafətli, şöhrətli, əzəmətli bir ömür.        

                                                                                                                
Uzun illərdən sonra Cavanşir müəllimlə ilk görüşümüz 28 il öncə 1999-cu ilə təsadüf edir. O zaman Cavanşir müəllimin qardaşı professor Xanlar Qurbanovun təşəbbüsü ilə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Xalq şairi Cabir Novruzla görüş keçirilirdi. Mən də orada qonaqlar sırasında idim. Məhz o tədbirdə Cavanşir müəllimlə görüşdüm. Yeri gəlmişkən, həmin tədbirdə Akademiyanın o vaxtkı rektoru, professor Ağacan Abıyev Xalq şairi Cabir Novruza Akademiyanın “fəxri idmançı” kubokunu təqdim etmişdi. O zamandan başlayaraq, mənim Cavanşir müəllimlə ünsiyyətim başladı. Artıq biz tez-tez görüşməyə başladıq. Belə demək mümkünsə, yaş fərqinə baxmayaraq, aramızda dostluq münasibəti yarandı. Təbii ki, bu münasibətlər nə qədər isti olsa da ortada daim böyük-kiçik sərhəddi vardı. Çünki Cavanşir müəllim hər bir zaman özünü böyük kimi, ağsaqqal kimi aparırdı. İstər-istəməz onunla ünsiyyətdə olan hər bir kəs o həddi, sərhəddi gözləyirdi. Baxmayaraq ki, Cavanşir müəllim həddən artıq sadə, mülayim xasiyyətli, ağır təbiətli, zarafatçıl, mehriban biridir.    


Ünsiyyətdə olduğum bu illər ərzində dəfələrlə Cavanşir müəllimlə birgə tədbirlərdə iştirak etmişik. O, mənə daim yüksək qiymət verib, hörmətlə yanaşıb. Jurnalist kimi, təşkilatçı və aparıcı kimi fəaliyyətimə böyük dəyər verib. Təsadüfi deyil ki, onun biləvasitə təşkilatçısı olduğu tədbirlərdə mən həm ssenarist, həm də aparıcı olmuşam.

Mənə olan inamın, dəyərin nəticəsi həm də o idi ki, 2014-cü ildə oğlu Cəlal Qurbanovun müəllifi olduğu “Mən, azərbaycanlıyam” adlı klipin Heydər Əliyev sarayında keçirilən təqdimat mərasiminin ssenarisi, məhz mənə və həmkarım Müşfiq Cabiroğluya həvalə olunmuşdu. Bu gün fəxrlə Cavanşir Qurbanovun rəhbərliyi və təşkilatçılığı ilə həm Bakıda, Xızıda, həm də Siyəzəndə keçirilən tədbirləri xüsusi qeyd etmək olar. Belə tədbirlərə Cəfər Cabbarlıya, Mikayıl Müşfiqə, Məmməd Arifə, Cabir Novruza həsr olunmuş müxtəlif səpkili tədbirləri, görkəmli cərrah-alim tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Bəybala Abbasovun 80 illiyinə, tanınmış müğənni Hüseynağa Hadıyevin 70 illiyinə həsr olunmuş tədbirləri göstərmək olar. Bu tədbirlərin keçirilməsində Cavanşir Qurbanov əsl vətəndaş, ziyalı, ağsaqqal olduğunu bir daha nümayiş etdirib.         

                                                                                                                                
Cavanşir Qurbanov üzü nurlu, alicənab, təvazökar, sadə, səmimi, qayğıkeş, diqqətcil bir insandır. Tanıdıqlarının, çevrəsində olanların hər birinin xeyirində, matəmində bir böyük, ağsaqqal kimi yaxından iştirak edər, onların yanında olar, sevinclərinə şərik olar, dərdlərinə, hüzünlərinə ürəkdən acıyar, kədərlənər.


O, çox mətin, məğrur, mübariz adamdır. Lakin çox böyük, kövrək, incə, zərif ürəyə malikdir. Bir hadisə zamanı onun göz yaşlarını unuda bilmirəm. 2014-cü il yanvarın 6-da böyük şairimiz, XX əsr Azərbaycan Ədəbiyyatının klassiki Mikayıl Müşfiqin anım günü şairin Yasamal rayonu, İnşaatçılar prospektindəki abidəsi önündə tədbir zamanı dəyərli ziyalımız, jurnalist, Ədliyyə polkovniki Eldar Eyvazov əlini onun əlindən tutaraq dünyasını dəyişən zaman Cavanşir müəllimin necə kövrəldiyini, göz yaşlarını gördüm. Bu onun böyüklüyünün, sevdiyi insanlara məhəbbətinin, sədaqətinin, böyük ürəyə malik olmasının, onun içdən gələn qəlb çırpıntılarının təzahürü idi... Cavanşir müəllimin kiməsə səsinin ucaltdığınının şahidi olmamışam. Bu böyük insanın leksikonunda pislik, paxıllıq, qeybət, alçaltmaq, təhqir, süründürmək və s. kimi sözlərə və əməllərə rast gəlmək mümkün deyildir. O, sanki həyata yaxşılıq etmək, sevmək, hörmət və ehtiram göstərmək üçün dünyaya gəlib. O, daim böyüklə böyük, kiçiklə kiçik kimi davranıb, hörmət, izzət sahibi olub.


Cavanşir Qurbanov xalqını, millətini dövlətini, dövlətçiliyini sevən layiqli Vətən oğludur. O, təkcə bir idmançı kimi Azərbaycan güləşini dünyaya tanıtdırmaqla kifayətlənməyib. O, iqtidara, respublika Prezidentinə sədaqətliyi ilə də seçilib. Yaxşı yadımdadır, o daim hələ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən bu günə qədər Prezident, Milli Məclis, bələdiyyə seçkilərində, Referendumlarda iqtidarın, dövlətçiliyin mövqeyindən çıxış edərək Yasamal və Xızı rayonlarında xüsusi fəallıq göstərib. Bu tale yüklü, dövlətçilik ücün mühim olan tarixi proseslərdə mən də Cavanşir müəllimin yanında olmuş, çiyin-çiyinə öz vətəndaşlıq borcumuzu yerinə yetirmişik.


Cavanşir Qurbanov çox sevilən pedaqoqdur. Uzun müddət ayrı-ayrı təhsil ocaqlarında müəllimlik fəaliyyəti göstərərək, yeni-yeni gənc kadrların yetişməsinə öz əməli töhfəsini verib. O, həm də çox sevilən ailə başçısı, həyat yoldaşı, ata, baba, qardaş, qayınata, qohum, dostdur. Belə bir böyük ürəkli, saf qəlbli insanla yaxın olmaq Allah-təalanın bizə bəxş etdiyi nemətdir desəm, yəqin ki, yanılmaram.


Ötən il bir qrup ziyalı Cavanşir Qurbanovu yekdilliklə Cabir Novruzov Mədəniyyət fondunun Prezidenti vəzifəsinə seçib. O vaxtdan etibarən, Fond çox böyük işlərə, layihələrə imza atıb. Mənim üçün də çox xoşdur ki, Cavanşir Qurbanovun rəhbərlik etdiyi Cabir Novruz Mədəniyyət Fondu idarə şurasının üzvüyəm. Həmçinin, 2016-cı il dekabr ayının 11-də Cavanşir Qurbanov Cabir Novruz Mədəniyyət Fondunun Prezidenti kimi Fondun Diplomunu mənə təntənəli olaraq təqdim etmişdir. Bu mənim həyatımda ən yadda qalan hadisələrdən birinə çevrilmişdir. Mübaliğəsiz deyə bilərəm ki, Cavanşir müəllimlə birgə işbirliyində olmaq, adi söhbət etmək mənə xüsusi zövq verir. Çünki o, həqiqətən, ensiklopedik biliyə malik hörmət edilən el ağsaqqalı, sözün əsl mənasında dəyərli ziyalı, sevilən pedaqoq, məşhur idmançıdır. Gözəl, mehriban dostdur.


Bu il Cavanşir Qurbanovun həyatında çox əlamətdar, hamıya qismət ola bilməyən hadisə baş verdi. O, müqəddəs Həcc ziyarətinə getdi. Müqəddəs Kəbəni və digər ocaqları ziyarət etdi. Vətənə Hacı olaraq qayıtdı. Bu Ulu Yaradanın Cavanşir müəllimə onun xoş, saf, pak, xeyirxah əməllərinə görə verdiyi mükafatdır., desəm yanılmaram. Məncə, elə Cavanşıir müəllim kimi insanların Həcc ziyarəti daha doğrudur. Çünki məhz onun kimi insanlar sidqi ürəkdən dinə, imana bağlı olan sevilən bəndələrdir.

İdman sahəsində qazandığı uğurlar Cavanşir Qurbanovun həyatının ən yadda qalan hadisələridir. O zamanlar Ordu idman klubunda sərbəst güləşlə məşğul olan Cavanşir Qurbanov dəfələrlə Bakı və respublika çempionu, bir neçə beynəlxalq yarışın qalibi və mükafatçısı olmuşdur. 1968-ci ildə “SSRİ idman ustası” adına layiq görülmüşdür. 1969-1972-ci illərdə Bakı xalq maarif şöbəsinin güləş məktəbində məşqçi, 1972-1990-cı illərdə həmin məktəbin direktoru olmuşdur. 1990-1991-ci illərdə Ehtiyat əmək Qüvvələri idman cəmiyyətinin Bakı şəhər şurasının sədr müavini, 1№li ETK-nın idman sarayının direktoru vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Sərbəst və Yunan –Roma Güləş Federasiyasının Vitse-Prezidenti seçilmişdir. Ümumittifaq dərəcəli hakim kimi respublikamızı layiqincə təmsil etmişdir.

Hazırda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri, professordur.


Cavanşir Qurbanov ömrün müdrik yaşına qədəm qoyur. 70 yaşınız mübarək əzizim Cavanşir müəllim. Siz ağsaqqallığın, şöhrətin zirvəsində inamla irəliləyirsiniz 100 yaşa doğru. Həyatda o insan xoşbəxtdir ki, o tək deyil. Sizin ətrafınızda gözəl, monalit ailəniz, dostlar, qohumlar, ən başlıcası isə çox sevdiyiniz el camaatınız var. Sizi sevir, hörmət edirlər. Bu da Allahın sizə bəxş etdiyi nemət, sərvətdir. Siz sözün əsl mənasında ağsaqqalsınız. Bunu təkcə bəyaz saçlarınız olduğuna görə demirəm. Siz ağsaqqal adını qazanıb, haqq etmisiz. Allah bu ziyalı, ağsaqqal işığını bizə çox görməsin .


Şanlı 70 yaşınız mübarək əziz, hörmətli, dəyərli Cavanşir müəllim, Sizə möhkəm can sağlığı, uzun ömür, xalqımız, dövlətimiz, elimiz üçün daha böyük işlər arzulayıram.

Yəqin ki, bu sevincli yubiley günlərində üzünüzü əzizlərinizə, doğmalarınıza, dost-tanışlarınıza, idmançı dostlarınıza tutub, xalq şairi, İstiqlal carçısı Süleyman Rüstəmin təbirilə söyləyəcəksiniz.   


İllər öz işini görsə də nə qəm,
Yorulmaz yolçusu bu uzun yolun.
Bilirəm titrəməz əlimdə qələm,       
Siz bu Cavanşıirdən arxayın olun.

 

Qocalıq sözü yaraşmır mənə,    
İdmançı adından, canından pozun.
Sizinlə əl-ələ yoldayam yenə,        
Sıfırı yeddinin yanından pozun.     


Ürəkdən gələn sözləri qələmə aldı     


Qafar Əsgərzadə
Əməkdar jurnalist,      
Pedaqogika üzrə fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?